Manat yenə ucuzlaşacaq? | Təhsil Elanları
Manat yenə ucuzlaşacaq?
Bölmə:Xəbərlər 605 dəfə oxunub
09.03.2015

Mərkəzi Bankın müvəkkil banklara göndərdiyi məktub nəyə işarədir?

"Devalvasiya şokuna düşmüş əhali Mərkəzi Bankdan xarici valyutada olan kreditlərə güzəşt məktubu gözlədiyi halda ortaya başqa bir məktub çıxdı. Məlum oldu ki, baş tənzimləyicinin ölkə banklarına ünvanladığı 05 mart tarixli məktubunda açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurur". 

ANS PRESS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. O bildirib ki, bu məlumat onsuz da gərgin dövrünü yaşayan bazara əlavə gərginlik gətirdi və müəyyən söz-söhbətə rəvac verib. Ekspertin fikrincə, müzakirələr yenidən devalvasiya üstünə gətirib çıxdı və manatın ucuzlaşdırılması təxminlərini ortaya atıb.

İqtisadçı qeyd edir ki, daha çox mütəxəssis “dilində” yazılan və sadə vətəndaş üçün anlaşılmaz olan bu məktubda söhbətin bankların valyuta üzrə tələblərindən və öhdəliklərindən getdiyi görünür:

"Deməli, ortada valyuta risklərinin idarə edilməsi məsələsi durur. Bəs, Mərkəzi Bankın bu məktubundan anlaşılan nədir? Qeyd edək ki, açıq valyuta mövqeyi üzrə limit kredit təşkilatlarının valyuta risklərini məhdudlaşdırmaq üçün tətbiq edilir və “Azərbaycan Respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi” Qaydaları ilə tənzimlənir. Qaydaya əsasən, açıq valyuta mövqeyi limiti - açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə Mərkəzi Bankı tərəfindən təyin edilən kəmiyyət məhdudiyyətidir. Mərkəzi Bankın təyin etdiyi nisbət isə hazırda 10%-dir. Yəni bank məcmu kapitalının 10%-i həcmində valyuta mövqeyi aça bilər. Məsələn, 100 milyon manatlıq məcmu kapitala malik bankın açıq valyuta mövqeyi də ± 10 milyon manat ola bilər. Bəzi banklar bu limitə riyaət etsə də, bəziləri həddi keçməklə özlərini risk altına qoyublar".

Mütəxəssis Mərkəzi Bankın müvəkkil banklar üçün limiti götürməsini izah etməyə çalışıb. İqtisadçı hesab edir ki, valyuta əməliyyatlarının bankın kapitalı ilə məhdudlaşdırılması bəzi bankların işini çətinə salırdı:

"Daha çox qazanc əldə etmək məqsədilə bəzi banklar bir sıra hallarda riskə gedərək artıq valyuta mövqeyi aşırdırlar. Valyuta əməliyyatları çox olduğundan günün sonu onu kapitaldan asılı limit daxilinə salmaq çətinlik törədirdi. Təsadüfi deyil ki, bir sıra banklarda bu problem hələ də qalmaqdadır. Bank qanunvericiliyinə görə, Mərkəzi Bank həmin banklara qarşı sərt tədbir görməlidir və bu məsələ hətta onların lisenziyasının alınmasına qədər gedib çıxa bilər. Belə addım isə indiki həssas dövrdə bank sektoru üçün öldürücü zərbə ola bilər. Bu isə heç kimin, xüsusən də Mərkəzi Bankın planına daxil deyil. Limiti pozan, ancaq banka qarşı Mərkəzi Bankın sərt addım atacağı da real görünmür".

Samir Əliyevin fikrincə, Mərkəzi Bank sərt tədbirləri bir qədər ertələmək siyasətini yürüdür: "Limitin aradan qaldırılması Mərkəzi Bankı valyuta riski yüksək olan banklarla bağlı sərt tədbir görmək vəzifəsini aradan qaldırır, banklara vəziyyətlərini düzəltmək üçün vaxt verir. Beləliklə də əsas tənzimləyici qurum açıq valyuta mövqeyi limitinin aradan qaldırmaqla riskləri bankların öz öhdəsinə buraxır.

Mərkəzi Bankın bu addımını həm də bankların devalvasiya gözləntiləri və hadisəsi fonunda düşdüyü zərəri müəyyən qədər kompensasiya etmək kimi qiymətləndirmək olar. Mərkəzi Bank anlayır ki, banklar devalvasiyadan böyük zərərə düşüblər. Dollara tələbatın artdığı dövrdə bankların bir çoxu valyuta mövqelərini qoruya bilməyiblər və bununla da limiti keçməklə özlərini çətinə salıblar. İndiki vəziyyətdə onlardan sərt qayda-qanun tələb etmək çətindir. Belə vəziyyətdə Mərkəzi Bank məsuliyyəti bankların üstünə atmaqla öz missiyasını bitmiş hesab edir".

İqtisadçı hesab edir ki, bu addımın ən pis cəhəti bazara mənfi siqnal ötürülməsidir. Samir Əliyevin sözlərinə görə, cəmiyyət bank sektorunda narahatçılığın olmasının təsdiqini bir daha görür: "Dolların bahalaşması uzun açıq valyuta mövqeyinə malik banklar üçün əlverişli olsa da qısa açıq mövqeyə malik bankların işini çətin duruma salıb. Əmanətlərin manatdan dollara çevrilməsi isə bankları qısa açıq mövqeyə sürükləyir. Bu addım özünün daxili risk menecmenti olmayan, işini daha çox Mərkəzi Bankın limitləri çərçivəsində quran və yaxud da ümumiyyətlə limitə məhəl qoymayan bankları çətinə salacaq. Çünki limitin olması istər-istəməz banklara hər gün öz vəziyyətini yenidən qiymətləndirməyə sövq edirdi. İndi isə bankın manevr imkanı artacaq, ancaq məsuliyyətsiz bankların “yüksək iştahası” onları uçuruma apara bilər.

Mütəxəssis limitin götürülməsinin növbəti devalvasiya ehtimalı ilə əlaqələndirilə biləcəyi sualına da cavab tapmağa çalışıb. Samir Əliyev qeyd edir ki, bir qayda olaraq məzənnələrin kəskin oynadığı dövlətlərdə limitin həddi aşağı salınır: "Məsələn, Ukrayna ötən il limitin həddini 5%-dən 1%-ə endirib. Azərbaycan Mərkəzi Bankı da bankların qısa zamanda valyuta mövqelərini bağlaması üçün oxşar addımı ata bilərdi. Devalivasiyanı gözləyən və ya planlaşdıran Mərkəzi Bank çalışardı ki, banklar çox qısa zamanda mövqelərini bağlasınlar. Ancaq Mərkəzi Bank limiti götürməklə banklara mövqelərini yolverilən həddə salmaq üçün vaxt verdi. Limitin aradan qaldırılması banklara imkan verəcək ki, əhalinin əmanətləri dollara cevirməsinə əngəl törətməsinlər və əhaliyə məhdudiyyətsiz valyuta satsınlar. Deməli, məqsəd heç də təkcə növbəti devalvasiya gözləntisi deyil. Məqsəd bankların özlərini “təmir” etməsinə vaxt verməkdir".

Qeyd edək ki, Mərkəzi Bankın müvəkkil banklara məktub göndərib. AMB-nin banklara göndərdiyi məktubda qeyd edilir ki, bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq edilməyəcək. Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək.