Müəllimlərin maaşındakı artım neçə manat olacaq? | Təhsil Elanları
Müəllimlərin maaşındakı artım neçə manat olacaq?
Bölmə:Təhsil Nazirliyi 1426 dəfə oxunub
09.03.2015

2015-ci il yanvar ayının 16-da prezident sərəncamı ilə Bakıdakı dövlət təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb. 
Sərəncam  2015-ci il yanvarın 1-dən qüvvəyə minsə də, müəllimlər hələ ki yanvar və fevral aylarının artımını ala bilməyiblər. 

Qeyd edək ki, maaşları artan müəllimlər təxminən 30 min nəfər təşkil edir. Sərəncamdan sonra çoxları elə bilirdi ki, müəllimin hazırda aldığı maaş 2-yə vurulacaq. Ancaq əslində bu, belə olmayacaq.
 
Tehsil.im xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən açıqlamada deyilir ki, sərəncamın icrası ilə bağlı müəllimlərin dərs yükü normasının və maaşların yeni dərəcələrinə dair sənədlər paketi hazırlanıb, Təhsil, Maliyyə, Ədliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri arasında razılaşdırılaraq hökumətə təqdim edilib. 

Yeni norma tətbiq ediləndən sonra, müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq.

Qüvvədə olan qanunvericiliyə görə, hazırda ilk dəfə işə başlayan ali təhsilli müəllimin tam stavka  maaşı (10-cu dərəcə) 155 manat təşkil edir. Yəni 1 dərs saatı üçün 12.9 manat. 1 dərs saatının dəyəri müəllimlərin dərəcələri artdıqca dəyişir. Müəllimlərin dərəcələri isə onlar işə başladıqdan 5, 8, 13, 18 il tamamlanarkən buna müvafiq dəyişir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi açıqlamasına görə, yeni norma tətbiq ediləndən sonra, müəllimlərin 1 dərs saatının dəyəri orta hesabla 35 faiz artacaq. Bu o deməkdir ki, əgər hazırda müəllim 1 dərs saatına görə 15 manat alırsa, həmin 15 manat 35 faiz artacaq (15x35=20.25 manat). Alınan rəqəm (20 manat 25 qəpik) müəllimin həftəlik dərs saatına (məsələn 18 saat) vurulacaq. Beləliklə, 1 dərs saatına görə 15 manat alan və həftədə 18 saat dərs deyən müəllimin maaşı sözügedən sərəncamla nəzərdə tutulan artımla birlikdə 364 manat olacaq.

Onu da nəzərə alaq ki, hazırda Bakıda müəllimlərin heç də hamısının dərs yükü 18 saat deyil və bundan azdır. Beləliklə, müəllimlər maaşlarındakı artımı dərəcələrindən və dərs yükündən asılı olaraq 50-150 manat arasında hiss edəcəklər. 

Amma maaşlar artımla nə vaxtdan verilməyə başlanacaq, bu, hələ məlum deyil...