Azərbaycan qadını Abbas Atilayın kamerasından - FOTOLAR | Təhsil Elanları
Azərbaycan qadını Abbas Atilayın kamerasından - FOTOLAR
Bölmə:Xəbərlər 977 dəfə oxunub
08.03.2015

Bu gün-sabah yaşı 70-ə çatacaq cəlilabadlı Zəhra xala gözünü açdığı ilk gündən durmadan işlədiyini deyir. Onun üçün işləmək həyatdan zövq almağın stimuludur.
 
Qarabağ savaşı zamanı Ermənistan hərbi birləşmələrindən azad edilmiş Gədəbəyin Başkəndində salamat qalan ev sayı əlin barmaqlarından artıq deyil. Bu kənddən ermənilər köçdükdən sonra kənd xarabalığa çevrilib və yaşayış imkanları məhdudlaşıb. Amma heyvandarlıqla məşğul olan bir neçə tovuzlu ailə bu evlərdən bəzilərini yaşamaq üçün əlverişli hala salıb bu kənddən yaylaq kimi istifadə edirlər. Tovuzlu xanım xala ilin yay fəslini Başkənddə keçirən insanlardan biridir.
 
Xınalıq. Hər tərəf bulaq, hər tərəf su. Amma bu kənddə “su həyat mənbəyi olaraq” ciddi problemə çevrilib. Xüsusilə qışda daim “0”-ın altında olan tempraturda insanlar su daşımaqla həyata qayıtmaq istəyirlər. Suyu olmayan insan üçün “8 Mart”ın mənası nə..?
 
Ağdamın “Taxta Körpü”qəsəbəsi. Kişi kor, qadın kar. Laçından məcburi köçkünlər. Qarı-qocanın birlikdə aldıqları pensiya 250 manat etmir. Bir aya bu pulla ailəni yaşatmaq hər qadının işi deyil, nə olsun ki, 8 Mart həm də onun bayramıdır.
 
Xınalıq kəndinin yaşlı nənəsi nəvələri ilə evinin pəncərəsindən baxır. Üzündəki nisgil yaşadığı həyatdan danışır.
 
Kür daşqınları zamanı evi hər mənada yıxılan yaşlı qadın... O, bundan sonrakı həyatının necə keçəcəyini daha yaxşı bilir, onu qoruyacaq, dərdinə əlac edəcək Klara Setkinlərin olmadığı bir ölkədə yaşadığını da bilir. Gözlərindən bulaq kimi qaynayan billur su bu səbəbdəndir.
 
Bakıda, 6-cı mikrorayonda yarımçıq tikilidə köçkünlük həyatı yaşayan Xocalı sakini. Onun boylandığı səmt isə “Varlılar məhəlləsi”dir.
 
Həmin yarımçıq tikilidə köçkünlük həyatı yaşayan başqa bir Xocalı sakini öz qızı ilə. Onlar burda yaşayır. İnanmaq çətindir, deyilmi?
 
Bakıda, 6-cı mikrorayonda yarımçıq tikilidə köçkünlük həyatı yaşayan Xocalıdan bir məcburi köçkün ailənin gənc qızı. O burda doğulub, burda böyüyür, burdan da yeni bir ailəyə, evə gedəcəyi böyük ehtimaldır. Artıq bu reallıqla barışıblar.
 
Həmin ailələrin başqa bir qızı. Əsil “8 Mart – Qadınlar günü” təbriklərini eşitməyə layiq varlıq. Çünki gözəlliyi və uşaq məsumiyyəti ilə dünyanı xilas edəcək varlıqdır, baxmayaraq ki, anti-gigienik şəraitdə öz sağlamlığını xilas etməsi elə də mümkün görünmür.
 
Ağdamın hər gün başına güllə yağan Çıraqlı kəndi. Kəndin qurtaracağında, erməni səngərinə yaxın ən sonuncu ev. Səngərlə ev arasında məsafə 70 metrdən azdı. Evi düşmən gülləsindən qoruyan dəmir betonlardır. Bu isə həmin evin yaşlı xanımıdır. O, indi qonşuya getmək üçün dəmir betonun arxasında dayanıb fürsət gözləyir. Təbii ki, onun üçün “8 Mart” bir bayram günündən çox, digər günlərdə olduğu kimi həyatda qalma uğrunda mübarizə apardığı sadə və çətin gündür.
 
Bakı və bakılılar üçün tanış üz. Ona zəngin “Tarqovu”nun miskin üzü də demək olar.
 
Goranboyun Ağcakənd qəsəbəsində yaşayan Kəlbəcərdən olan məcburi köçkün nənə və nəvə. Onlar yol kənarında təndir çörəyi bişirib satmaqla dolanırlar. Onlar üçün daha çox çörək satdığı günlər elə “8 Mart”dır.
 
Qusarın dağlar ətəyində Laza kəndinin təvazökar xanımı. “8 Mart – Qadınlar günü”n mübarək...
 
O, Cəlilabadın azad qadınıdır, terrorçu deyil, bəlkə də indiyədək heç qarışqa da öldürməyib. Amma üzünü belə qapamağa məcburdur. Çünki ovcu ilə qazıb torpağın altından kartof çıxaranda balaca bit boyda cücülər onun ağzına, burnuna girir. O, azad qadındır, çünki hələ ki, işləyə bilir, bu bir tikə qara çörək üçün olsa belə...
 
Atası kəndin heyvanlarına cavabdehdir, çünki kəndin çobanıdır. O isə atasına cavabdehdir, atası kordur. Bu balaca qız sanki atasının gözləri olmaq üçün dünyaya gəlib, başqa bir seçimi yoxdur. Goranboyun Ağcakəndində gördüyüm gündən bəri yadımdan çıxmır bu böyük ürəkli qızcığaz...
 
Qoyun otaran bacı beyin təzyiqi olan qardaşını belində daşıyır. Bu yükü çiynində daşıyan qız dağlıq bölgələrdə yaşayan hansısa fermerlərin heyvanlarını qışlağa - Arana gətirən, aprel ayının sonlarında isə yenidən götürün yurda aparan bir ailənin qızıdır. Yaşamaq üçün il boyu köç etdilərindən belə qız uşaqları təhsilsiz qalır. Onlar isə təhsil almasalar çətin ki, Klara Setkinin kim olduğunu biləcək, qadın azadlığını dadacaqlar.
 
Zəhmətkeş qadın... Salyanda şəxsi təsərrüfatı olan üzüm bağında çalışaraq ehtiyaclarını qarşılayan qadın...
 
Ağ-qara fotoda qadın ağlayır. Ona görə yox ki, göz yaşı əlindədir, istədiyi vaxt ağlaya bilir, sırf ona görə ağlayır ki, ağlanılacaq çox şey var.
 
Balaxanıda zibillik və neft tullantıları arasında sanki xoşbəxtliyin portretidir, bu iki bacı... Bu portretdə olduğu kimi, onlar həyatda da gülməlidirlər. Onlar gerçək həyatda xoşbəxt olmalıdırlar ki, bəşəriyyət xoşbəxt olsun.