Bölmə:Tələbə qəbulu 1686 dəfə oxunub
TQDK sədri ən yüksək və ən aşağı müsabiqə illərini də müəyyən edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycanda ali təhsil müəssisələri üzrə ən yüksək və ən aşağı müsabiqə vəziyyətini müəyyənləşdirib.
TQDK sədri Məleykə Abbaszadə 1992-2014-cü illər ərzində ali təhsil müəssisələri üzrə ən yüksək müsabiqə vəziyyətinin 2008-ci ildə olduğunu deyib.
Ali təhsil müəssisələri üçün plan yerləri ən çox 2014-cü ildə, ən az 1993-cü ildə ayrılıb. Abituriyent ərizələrinin sayı isə ən az 1992-ci ildə, ən çox 2008-ci ildə olub. Ötən illər ərzində ən aşağı müsabiqə vəziyyəti 2002-ci ilə təsadüf edir. Həmin il məktəb məzunlarının sayı 2 dəfəyədək azaldığı halda, plan yerləri, əvvəlki ilin səviyyəsində saxlanılıb. Nəticədə, müsabiqə vəziyyətinin aşağı olması qəbulun keyfiyyətinə də mənfi təsir göstərib, keçid balları xeyli düşüb.
Hər qrupun ən nüfuzlu ixtisası da müəyyənləşdirilib. M.Abbaszadənin sözlərinə görə, bu il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda isə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. (ans)