“Digər ali məktəblərin tələbələri bizə həsəd aparırlar” BANM tələbələrinin yaşadığı yataqxanadan REPORTAJ | Təhsil Elanları
“Digər ali məktəblərin tələbələri bizə həsəd aparırlar” BANM tələbələrinin yaşadığı yataqxanadan REPORTAJ
Bölmə:Xəbərlər 1078 dəfə oxunub
09.02.2015

Bakı Ali Neft Məktəbi Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı əsasında yaradılıb. Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova deyir ki, BANM Azərbaycanın ali təhsil müəssisələri arasında xüsusi çəkisi olan və seçilən bir ali məktəbdir. Belə ki, təkcə 2014-2015-ci tədris ili üzrə Ali Məktəbin 17 nəfər Prezident təqaüdçüsü olan tələbəsi var. Həm Bakı şəhəri, həm də Azərbaycanın müxtəlif bölgələrini əhatə edən müxtəlif lisey, gimnaziya və orta məktəblərin ən savadlı və bacarıqlı şagirdləri olan abituriyentlər məhz Bakı Ali Neft Məktəbini seçirlər. Bu da təsadüfi deyil. Çünki tədrislə yanaşı, burada tələbələr üçün hər cür şərait var. Bölgələrdən gələn tələbələr Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin Gənc Mütəxəssislər Yataqxanasında yerləşdirilirlər. Yataqxana Qara Qarayev metrosunun yaxınlığındadır.Modern.az-ın əməkdaşı yaradılan şəraitlə tanış olmaq üçün sözügedən yataqxanada olub.

“Bina bütün kommunikasiya sistemi ilə təchiz olunub”

Bizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Təlim, tədris və sertifikatlaşdırma İdarəsinin Gənc Mütəxəssislər Yataqxanasının müdiri İbrahim Həsənov qarşıladı. O, bildirdi ki, burada Bakı Ali Neft Məktəbinin 80 nəfər tələbəsi qalır. Onlardan 18 nəfəri qız, 62 nəfəri isə, oğlandır. Hər mərtəbədə doqquz otaq var, hər otaqda isə, üç tələbə yaşayır.

İbrahim müəllim yataqxananın 2011-ci ildən istifadəyə verildiyini dedi: “Bina bütün kommunikasiya sistemi ilə təchiz olunub. Hər bir otağın mətbəxi, yataq otağı, 24 saat isti-soyuq suyu, soyuducu, istilik sistemi, televizoru, ayrıca telefon nömrələri var. Yataqxananın kamera müşahidə sistemi, Wi-Fi, mini telefon ATS-i, yanğın təhlükəsizlik sistemi, havalandırma sistemi və mərkəzləşdirilmiş istilik sistemi var. Tələbələrin bütün ehtiyacları təmin olunur”. 

Sadalanan xidmətlərlə yanaşı, burada camaşırxana da fəaliyyət göstərir. Ayda üç dəfə olmaqla tələbələrin yataq dəstləri yuyulub, ütülənib təhvil verilir.

Bununla yanaşı, idman zalı da istifadəyə verilib. Bu zaldan da tələbələr asudə vaxtlarını səmərəli keçirmək üçün yararlanırlar.

“Yeməkxana səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur”

Yataqxanada yeməkxana da fəaliyyət göstərir. Bura səhər saat 6-dan axşam saat 9-a qədər açıq olur. Gün ərzində Azərbaycan mətbəxinin isti və soyuq yeməkləri yataqxanada qalanların ixtiyarına verilir. Təmizliyə də söz yoxdur, hər yerdə səliqə-sahman gözə dəyir.

 “Tələbələrdən  tələbimiz təmizliyə riayət etmək və yaxşı oxumaqdır”

İbrahim Həsənov 23 ildir ki, yataqxana sistemində işlədiyini vurğulayır: “Bu vaxta qədər 11 yataqxanada müdir vəzifəsində çalışmışam. Burada yaradılan şərait və təmizliyə heç yerdə rast gəlməmişəm. Mənim də amalım təmizlikdir, tələbələrdən tələbimiz təmizliyə riayət etmək və yaxşı oxumaqdır”.

Gəlmişkən tələbələrin də yaradılan şəraitə münasibətini öyrənmək istədik. Qalxırıq 4-cü mərtəbəyə və döydüyümüz qapını Salyan rayonundan olan II kurs tələbəsi Səidə Ələsgərova açır. Səidənin üzündən yaradılan şəraitdən razılıq hiss olunurdu.

“ Üzərimizə sadəcə yaxşı oxumaq düşür”

Müsahibim deyir ki, Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasına 680 balla qəbul olunub: “İki ildir ki, burda qalıram, şəraitdən çox razıyam. Başqa ali təhsil ocaqlarında təhsil alan digər bacılarımın qaldığı yataqxana ilə bizim yataqxananın şəraitini müqayisə edəndə arada çox böyük fərq görürəm. Üzərimizə sadəcə yaxşı oxumaq düşür. Bizə verilən imkandan da maksimum dərəcədə yararlanmağa çalışırıq. Bir az öncə imtahan nəticələri ilə bağlı məlumat aldım. İmtahandan keçdiyimə və yüksək nəticə əldə etdiyimə  görə çox sevindim. Yataqxananın bir gözəl xüsusiyyəti də odur ki, dərsdən sonra uşaqlarla qrup halında işləyə bilirik. Nəticəsini də görürük”.
S.Ələsgərova deyir ki, elə təkcə bu cür şəraiti olan yataqxanaya görə başqa ali məktəblərin tələbələri onlara həsəd apara bilərlər.

“Rektor Elmar Qasımovun tələbələrə qayğısı hər zaman hiss olunur”

Söhbətə Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlı qoşulur. Həbibə xanım deyir ki, Səidə Ali Neft Məktəbinin Prezident təqaüdçülərindən biridir. “Səidə Ələsgərova Prezident təqaüdçüləri üzrə respublika forumu keçiriləndə yeddi koordinatordan biri seçilib. Rektor Elmar Qasımovun tələbələrə qayğısı hər zaman hiss olunur. Belə ki, hər ilin başlanğıcında mütəmadi olaraq rəhbərliyin iştirakı ilə yoxlamalar keçirilir. Semestr ərzində də gəlib tələbələri yoxlayırıq.”

Onu da öyrəndik ki, hər bir otaqda ancaq müxtəlif bölgələrdən olan tələbələr qala bilərlər. Ali Məktəbin rəhbərliyi tərəfindən irəli sürülən bu tələb tələbələrin bir-birinə daha yaxşı qaynayıb-qarışması, qarşılıqlı ünsiyyətin formalaşması, bölgələrimizin inteqrasiyası, hər bir rayonun adət-ənənəsinin bir-birinə tanıdılması məqsədi ilə həyata keçirilir.