Facebookdan təhlükəsiz istifadə QAYDALARI! | Təhsil Elanları
Facebookdan təhlükəsiz istifadə QAYDALARI!
Bölmə:Xəbərlər 982 dəfə oxunub
09.02.2015

 

Sosial şəbəkə istifadəçilərinin ən çox qarşılaşdığı problemlər – hesablarının başqaları tərəfindən oğurlanması, onların adına saxta hesabların yaradılması, sosial şəbəkə vasitəsilə spam və virusların yayılması, istifadəçilərə məxsus şəkillərin xoşagəlməz şəkildə paylaşılması kimi hallardır. Buna səbəb isə istifadəçilərin öz hesablarının informasiya təhlükəsizliyini təmin etmələri barədə kifayət qədər məlumata malik olmamalarıdır. Azərbaycanda da bir sıra digər ölkələrdə olduğu kimi, sosial şəbəkələr arasında istifadəçi sayına görə "Facebook" öndədir.

 

Bütün bu amilləri nəzərə alan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) yerli istifadəçilərə yönəlik maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb. "Facebook"da təhlükəsizlik məsələləri və arzuolunmaz hallarla mübarizə üsullarının qeyd olunduğu kitabça sosial şəbəkədə informasiya təhlükəsizliyinin təmin olunması məsələlərindən bəhs edir.
Kitabça Elektron Təhlükəsizlik Mərkəzi tərəfindən Facebook sosial şəbəkəsinin cari istifadə və təhlükəsizlik qaydaları əsasında hazırlanıb və tövsiyə xarakteri daşıyır. Kitabçada bəhs olunan mövzular isə əsasən aşağıdakı istiqamətləri əhatə edir:

 

- Facebook sosial şəbəkəsindən istifadə zamanı riayət etməli olduğumuz təhlükəsizlik qaydaları
- Facebook hesabınızın təhlükəsizliyi üçün ən əhəmiyyətli addımlar (xəbərdarlıq mesajı və təhlükəsizlik kodu)
- Oğurlanmış Facebook hesabını geri qaytarmaq üçün görülməli tədbirlər
- Spam və virusların Facebook vasitəsilə yayılma yolları (Facebook tətbiqləri, fişinq hücumlar və s.) və onlara qarşı təhlükəsizliyin təmin olunması üsulları
- Saxta hesablar
- Facebook hesabınızla bağlı əhəmiyyətli məlumatların əldə olunması

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə ETM tərəfindən hazırlanan maarifləndirici kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. Kitabçanın elektron versiyasını saytın Maarifləndirmə bölməsindən (http://www.cert.az/s/u/document/2_fb_merge.pdf) əldə etmək mümkündür.

Facebook sosial şəbəkəsindən təhlükəsiz istifadə qaydaları