TQDK köçürmə hallarına yol verən 263 nəzarətçini bazasından çıxarıb | Təhsil Elanları
TQDK köçürmə hallarına yol verən 263 nəzarətçini bazasından çıxarıb
Bölmə:Tələbə qəbulu 621 dəfə oxunub
29.01.2015

“Ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarına, eləcə də buraxılış imtahanlarına orta ümumtəhsil müəssisələrindən nəzarətçi qismində cəlb edilmiş müəllimlərin fəaliyyəti hər il ənənəvi olaraq təhlil olunur”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu zaman çoxsaylı parametrlər əsasında araşdırma aparılır, nəzarətçinin imtahan texnologiyasını mənimsəmə səviyyəsi, auditoriyanı idarəetmə qabiliyyəti, imtahan sənədləri ilə işləmə bacarığı qiymətləndirilir: “Nəzarətçi müəllimlərlə bağlı aparılan araşdırmanın nəticəsinə əsasən, nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib”.

Komissiya sədri onu da qeyd edib ki, müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib. “TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb”.

 

 

Komissiya sədri qeyd edib ki, ötən ilin sonunda aparılan araşdırma nəticəsində məlum olub ki, imtahanda iştirak edən region müəllimlərinə verilən məvacib 1 milyon manatdan çox olub. Bu da region müəllimləri və regionların inkişafı üçün kifayət qədər maliyyə dəstəyidir.

Qeyd edək ki, bu gün Bakının 18 nümunəvi nəzarətçi-müəllimi mükafatlandırılıb.