Bu ixtisası bitirənlərə iş yeri yoxdur | Təhsil Elanları
Bu ixtisası bitirənlərə iş yeri yoxdur
Bölmə:İş Elanları Təhsil Nazirliyi 3964 dəfə oxunub
15.01.2015

Azərbaycan ali məktəbləri böyük gəlirli peşələrə üz tutmalıdır.

İndi MDB məkanında ali məktəblərinin bakalavr ixtisaslarının sayının azaldılması trendi dəbdədir. Ölkələr ali məktəblərin bakalavr pilləsində tədris edilən ixtisasların sayını kəskin azaltmaqla məşğuldurlar. 

Bir neçə il qabaq Azərbaycan da bu yolu tutub və tədris olunan 515 ixtisasın sayını azaldaraq 149-a salıb. Hökumət dairələri bu addımın YUNESKO-nun tövsiyyəsi ilə atıldığını bildirir. Çünki YUNESKO-nun standartlarına görə, hər ölkədə ali təhsil müəssisələrinitn bakalavr pilləsinə qəbul 150 ixtisası keçməməlidir. Nazirlər Kabineti bakalavr ixtisaslarını 8 qrupa bölüb və sistemləşdirib. Qrupların sırasında maarifləndirmə, humanitar, mədəniyyət, iqtisadiyyat, təbiət, texniki, kənd təsərrüfatı, səhiyyə və s. ixtisas qrupları yer alır. 

İlk baxışdan məntiqli yanaşmadır. Hər halda, Azərbaycan artıq 250 milyonluq Sovet İttifaqının çox profilli iqtisadiyyatı üçün kadrlar hazırlamır. Buna görə də, bakalavr təhsilin öz iqtisadiyyatına və yerli tələbata uyğunlaşdırmalıdır. Həm də sovet dövründə ixtisasların müxtəlif adlarla təkrarlanması mövcud idi. Məsələn, 1980-ci illərdə Azərbaycan Politexnik İnstitutunda tədrisində cüzi fərqlər olan “Sənaye elektronikası”, “Yarımkeçiricilər və dielektriklər”, “Mikroelektronika”, “Robototexnika” “Avtomatik idarəetmə sistemləri”, “Elektron hesablama maşınları” ixtisasları üzrə mütəxəssislər hazırlayırdılar ki, sonradan onların hamısı eyni müəssələrdə, təxminən eyni vəzifələrdə iş tapırdılar. Və məzunların əksəriyyəti SSRİ-nin digər respublikalarına göndərilirdilər. Çünki Bakıda və Gəncədə yerləşən bir neçə zavod, kiçik şəhərlərdə yerləşən sexlər bu mütəxəssislərin yalnız 30-40 faizini işlə təmin edə bilirdi. SSRİ dağılandan sonra təbii ki, həmin zavodlar bağlandı və Azərbaycan elektronika sənayesini itirdi. Təbii ki, bu ixtisasların yetirmələrinə heç bir ehtiyac qalmadı. 

Amma Azərbaycan ali məktəbləri yenə də bu ixtisas üzrə mütəxəssis hazırlamaqda davam edir.

İxtisaların adları dəyişdirilib “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi” və s. qoyulsa da, bu ixtisasların məğzi eynidir və onlar yalnız elektron məhsulların - mikroprosessorlar, LED ekranlar, günəş batareyaları kimi yüksək texnologiya məhsullarının və onların əsasında qurulan sistemlərin layihələndirilməsi və istehsalı sahəsində işləyə bilərlər.

Amma araşdırmalara görə, bu ixtisası bitirənlər üçün Azərbaycanda demək olar ki, iş yeri yoxdur.

Yalnız Sumqayıtın yüksək texnologiyalar parkında xaricdən alınmış günəş batareyaları platalarını bir-birinə lehimləyən zavod var ki, orada da yalnız peşə məktəbi bitirənlərə ehtiyac var.Buna görə də zavodda sözügedən ixtisasları bitirmiş mütəxəsislərin əksəriyyəti fəhlə vəzifələrini tuturlar. Amma onlar da özlərini bəxtigətirən sayırlar, çünki ixtisas üzrə iş tapıblar. Çünki həmin ixtisasları bitirənlərin əksəriyyəti heç yerdə iş tapa bilmirlər və çörək pulu qazanmaq üçün taksi sürücülüyündən tutmuş inşaat fəhləliyinə qədər gedirlər. 

Müşahidələr göstərir ki, Azərbaycanda bazası olan ixtisasları bitirənlərin də kütləvi taksi sürücüsünə çevrilməsi istisna edilmir. Götürək neft mühəndislərini, hazırda Neft Akademiyası ilə yanaşı bu ixtisas üzrə Qafqaz universiteti də, Dövlət Neft Şirkətinin yaratdığı Bakı Ali Neft Məktəbi də mütəxəssislər hazırlayır. Eyni sözü geoloqlar haqqında da demək olar - həm BDU, həm Neft Akademiyası, həm də Bakı Ali Neft Məktəbi neft geoloqları hazırlayır. Hər il bir neçə yüz neft mütəxəssisi hazırlanır ki, yaxın 3 ildə 20 minə yaxın işçini ixtisar etməyə qərar vermiş Dövlət Neft Şirkəti həmin məzunları işə götürməkdə çətinlik çəkir, nəticədə, potensial taksi sürücüləri, inşaat fəhlələri ordusunun sıraları daha da dolur.

Təhsil Nazirliyinin öz saytında dərc etdirdiyi siyahıya baxdıqda müəyyən etmək olur ki, bir çox ixtisaslar müxtəlif adlar altında təkrarlanır. Təkrarlar hətta pedoqoci ixtisaslar üzrə də özünü göstərir. Məsələn, Azərbaycan ali məktəbləri həm “Kimya”, “Kimya müəllimliyi” və “Kimya və biologiya müəllimliyi” ixtisasları üzrə kadrlar hazırlayır. Eyni təkrarlar digər fənlər üzrə də müşahidə edilir.

Göründyü kimi, YUNESKO-nun tövsiyyəsi ilə ölkədə 150 ixtisas saxladığını düşünən Təhsil Nazirliyi, əslində, daha az ixtisas üzrə mütəxəssis hazırlayır və nəticədə, Azərbaycan iqtisadiyyatının müasir inkişafı üçün lazım olan ixtisaslar diqqətdən kənarda qaplır. 

Eyni problemlə üzləşən Rusiya vəziyyətdən çıxışı ixtisasları ümumiləşdirməkdə görür. Bu çərçivədə ölkədə tədris olunan 1500 ixtisas sayının 55-ə salınması və yeni ixtisasların açılması nəzərdə tutulur. Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, bu təcrübədən yararlanmağı tövsiyyə edir. “Bizdə texniki təhsil verən Neft Akademiyası, Memarlıq Akademiyası və Texniki Universitet kimi alə təhsil müəssisələri birləşdirilərək güclü elmi baza yaradılmalıdır. Həmçinin nanotexnologiya, gen mühəndisliyi və s. kimi yeni ixtisasların tədrisi təşkil edilməlidir. Bu, işsiz ali məktəb məzunlarının sayını xeyli aşağı salar. Ali məktəblərin tələbələrinin səviyyəsini xeyli yüksəldər”,- deyə Etibar Əliyev vurğulayıb.

Mənbə:Ans