Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə” | Təhsil Elanları
Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə”
Bölmə:Təhsil Nazirliyi 574 dəfə oxunub
17.12.2014

Azərbaycanın ali təhsil ocaqları arasında ilk təcrübə olan bu layihə tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında və onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır.
 
Layihə çərçivəsində bir gün universitetin rektor, prorektor və dekanlarını səsvermə yolu ilə seçilmiş tələbələr əvəz edib. Həmin gün tələbələr universitetdə tədris prosesi, inzibati və digər işlərlə bağlı tam hüquqi qüvvəyə malik qərarlar qəbul edə, təşəbbüslər irəli sürə bilərlər.
Tələbələr özünüidarəetmə gününə ümummilli lider Heydər Əliyevin ali təhsil ocağının foyesindəki büstü önünə əklil və gül dəstələri qoymaqla başlayıblar. Sonra Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültələrində təhsil alan tələbələrin iştirakı ilə ”Beynəlxalq münasibətlərin tarixi və hazırkı zamanda elmi baxış nəzərindən tədrisi” mövzusunda “Dəyirmi masa” keçirilib.
Növbəti tədbir ali təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmaları Mərkəzində baş tutub. Türkiyə səfirliyinin müşaviri Abdulqafar Böyükfırat tələbələrlə görüşüb. Görüş çərçivəsində “Bir millət, iki dövlət” adlı qısametrajlı film nümayiş olunub.
Daha sonra Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko BSU-nun Ukrayna Tədris-Mədəniyyət Mərkəzində tələbələrlə görüşüb. Tədbirdə tələbələrdən ibarət “Slavyanoçka” rəqs qrupu müxtəlif rəqs nümunələri ilə çıxış edib.
Həmçinin, Çexiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, xanım Branislava Vaqnerova ali təhsil ocağının qonağı olub və tələbələrlə Çexiyanın iqtisadiyyatı, mədəniyyəti və incəsənəti haqqında maraqlı söhbət aparıb. Görüş zamanı görkəmli çex rəssamı Alfonso Maria Muchoya həsr olunmuş təqdimat keçirilib.
Xəlifə günü çərçivəsində jurnalistika və Azərbaycan filologiyası ixtisasları üzrə təhsil alan tələbələr üçün tanınmış jurnalist Etibar Babayevin “Ustad dərsi” olub. “Dil problemi və verlişlərdə qaydaların pozulması” mövzusunda söhbət aparan E.Babayev tələbələrin çoxsaylı suallarını cavablandırıb.
Belarus Dili və Mədəniyyəti Mərkəzində Belarusun Azərbaycandakı konsulu Alek Aleksandroviç tələbələrlə görüşüb. Görüşdə “Belarus ədəbiyyatının inkişafı” adlı təqdimat olub.
Filologiya fakültəsində yazıçı Natella Osmanlı “Ədəbiyyat qadınların gözü ilə” mövzusunda “Açıq dərs” keçib. Həmçinin, həmin fakültənin III kurs tələbələri üçün cərrah Qail Qasımovun tibbi biliklər fənnindən mühazirəsi təşkil olunub.
Magistratura şöbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və professor Fuad Məmmədovla “Pulla alına bilməyən dəyərlər” mövzusunda görüş keçirilib. “Bədən dilimiz nədən bəhs edir” psixoloji seminarında jurnalist Rövşən Məmmədov və psixoloq Fidan Ağayeva magistrant və tələbələrlə maraqlı müzakirələr aparıblar.
Oksford Universitetdində təhsil alan azərbaycanlı tələbələrlə BSU tələbələrinin görüşü də maraqlı məqamlarla yadda qalıb.
Tələbələrin “Bir günlük Xəlifə” özünüidarəetmə günündə universitetin iş rejimi gözlənilib və rəhbər vəzifələri icra edən 32 tələbə üzərinə düşən işi uğurla yerinə yetirməyə çalışıblar.