Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu | Təhsil Elanları
Dünyanın ən yaxşı 50 müəllimindən biri azərbaycanlı oldu
Bölmə:Təhsil Nazirliyi 1121 dəfə oxunub
14.12.2014

ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın 50 namizədi arasında Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Məhəmməd Qarakişiyevin də adı var.
 
Tehsil.im-in Təhsil Nazirliyinin mətbu orqanı olan “Azərbaycan müəllimi” qəzetinə istinadən verdiyi məlumata görə, mükafat fondu 1 milyon ABŞ dolları olan və dünya təhsil ictimaiyyətində "məktəb müəllimləri üçün Nobel mükafatı" kimi qiymətləndirilən müsabiqənin ilkin mərhələsində dünyanın 150-dən artıq ölkəsindən 5000 müəllim iştirak edib. Müsabiqəyə ABŞ, Böyük Britaniya, İtaliya, Keniya, Uqanda, Hindistan, Əfqanıstan, Avstraliya, Argentina, Meksika, İordaniya və digər ölkələrdən olan müəllimlər qatılıblar. Növbəti mərhələyə onlardan 1300-ü keçib.
 
Final mərhələsinə isə M.Qarakişiyev də daxil olmaqla 50 müəllim çıxıb. 50 finalçı bütövlükdə 26 ölkəni təmsil edib. Bu müsabiqədə Azərbaycanı təmsil edən M.Qarakişiyev postsovet məkanı ölkələrindən yeganə namizəd olub.
 
Müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1 milyon ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq.
Məhəmməd Qarakişiyev 1981-ci ildə anadan olub. 2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb. Balakən rayonunda ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. İngilis dilinin tədrisi üçün ilk dəfə təmənnasız olaraq "Danışıq klubu" (Conversation club) təşkil edib. Burada tələbələr müxtəlif mövzular əsasında ingilis dilində anlama, yazma və danışma qabiliyyətlərini artırmaq imkanı əldə ediblər. 2012-ci il sentyabr -noyabr aylarında ABŞ Dövlət Departamenti və İREX (International Research & Exchanges Board)-in müsabiqəsi əsasında ingilis dili müəllimləri üçün 6 həftəlik ixtisasartırma proqramının qalibi olub. ABŞ-da olduğu müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək müvəffəqiyyət sertifikatları ilə təltif olunub. 2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar keçirib. 
"Azərbaycan müəllimi" qəzetinə verdiyi eksklüziv müsahibəsində M.Qarakişiyev müsabiqədə dünyanın 150-dən artıq ölkəsindən 5 min müəllimin iştirak etdiyini və öz fəaliyyətində yeni novator ideyalardan, təlim texnologiyalarından istifadə edən yenilikçi müəllimlərin əhatə olunduğunu bildirdi. Müsabiqənin hər il keçirildiyini bildirən müsahibimiz qeyd edib ki, "Dünya Müəllimi Mükafatı" layihəsində iştirak müəllimlər üçün bir sınaqdır.
- Bu müsabiqədə iştirak etməkdə məqsədim Azərbaycanı yüksək səviyyədə təmsil etmək olub. Bu layihə bütün dünyada qlobal müəllim müsabiqəsi hesab olunur. Mükafat təhsil sahəsində müstəsna xidmətləri olan şəxslərə verilir. Müsabiqənin qeydiyyat mərhələsində namizədlər "müəllim peşəsini niyə seçibsən, müəllimlik sizin üçün nədir "kimi suallara əsaslı cavab verməlidirlər. Qaliblər seçilərkən müəllimlərin öz şagirdlərinin həyatında və bütövlükdə cəmiyyətdə nə kimi mühüm rol oynamasına diqqət yetirilir. Mükafat müəllim nüfuzunun qlobal miqyasda yüksəldilməsinə xidmət edir. Müsabiqədə iştirak etmək üçün müəllimin namizədliyi özü, şagirdləri, onların valideynləri və ya həmkarları tərəfindən irəli sürülə bilər.
Qeyd edək ki, müsabiqənin qalibi 2015-ci il martın 15-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində elan olunacaq. Növbəti mərhələdə 50 namizəd arasından 10 nəfər seçiləcək və onlardan bir nəfər 1000.000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"nı alacaq. 
 
Biz də Azərbaycanı dünya müəllimlərinin müsabiqəsində uğurla təmsil edən   Məhəmməd Qarakişiyevə "təhsil sahəsində Nobel mükafatı" almasını arzulayırıq.