700 bal yığan qız danışdı | Təhsil Elanları
700 bal yığan qız danışdı
Bölmə:Tələbə qəbulu 1148 dəfə oxunub
27.11.2014

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təcrübəsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir.

Tehsil.im-in məlumatına görə, bu il qəbul imtahanlarında ən yüksək nəticə göstərənlərdən biri də Könül Yusif qızı Qurbanlı olub. Bakı şəhəri Nizami rayonu “Zəngi” liseyini bitirən Könül I ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq "ADA" Universitetinin "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" ixtisasına qəbul olub. Prezident təqaüdçüsüdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ən yüksək nəticə göstərən gəncin müsahibəsini təqdim edir. 

-Qəbul imtahanında 700 bal toplayacağına əvvəlcədən inanırdın, yoxsa bu sənin üçün gözlənilməz oldu?
‐ Daha əvvəl bir neçə sınaq imtahanında 700 bal toplamışdım. Çox vaxt 690‐695 bal toplayırdım. Amma məqsədim həmişə 700 bal toplamaq olub. Tam əmin olmasam da, hesab edirdim ki, buna nail ola bilərəm. Valideynlərim və müəllimlərim də buna inanırdılar.

- Qəbula hazırlaşarkən əsas motivasiyan nə olub?
‐ Müəllimlərimin, valideynlərimin mənə olan inamını doğrultmaq və yaxşı ali təhsil almaq arzusu.

- Qazandığın uğurda test tapşırıqları ilə işləməyin nə kimi rolu olub?
‐ Әlbəttə, uğurumda testlərlə işləməyin mühüm rolu olub. Ancaq ən əsas amil istər məktəb dərslərində, istərsə də qəbula hazırlıqda dərsliklərdəki materialları mükəmməl öyrənməkdir. Xüsusilə də gərək əldə etdiyin bilikləri tətbiq etmək bacarığına yiyələnəsən.

- Səncə, abituriyentin qəbulda yüksək nəticə qazanması daha çox müəllimdən, yoxsa abituriyentin özündən asılıdır?
‐ Məncə, hər ikisindən eyni dərəcədə asılıdır.

- Niyə məhz "ADA" Universitetini seçdin?
‐ "ADA" Universitetini yüksəksəviyyəli ali təhsil almaq və xaricə çıxış imkanlarına görə
seçmişəm.

- Uğuruna görə özünü kimə borclu hesab edirsən?
- Özümü müəllimlərimə, xüsusilə də sinif rəhbərim, eyni zamanda riyaziyyat müəllimim Rövşən müəllimə borclu sayıram.

- Məqsədə çatmağın sirri nədədir?
‐ Məncə, məqsədə çatmağın sirri çox çalışmaq, iradəli və qətiyyətli olmaqdır.

- İxtisasına tam yiyələndikdən sonrakı planların necədir?
‐ Niyyətim yaxşı mütəxəssis və vətənimə xeyirli vətəndaş olmaqdır. 
Fikrimcə, insanın hansı sahəni seçməsinin elə bir fərqi yoxdur. Başlıcası odur ki, insanlara, ölkənə gərəkli olasan.

- Minlərlə şagird var ki, qəbul imtahanlarına hazırlıq zamanı çox çalışır, lakin yüksək nəticə əldə edə bilmir. Səncə, bunun səbəbi nədir?
‐ Razıyam. Mənim də yoldaşlarımın arasında elələri var idi ki, bəlkə, məndən də çox
çalışırdılar, ancaq yüksək bal toplaya bilmədilər. Hesab edirəm ki, çalışqanlıq, zəhmətsevərlik bəhrəsiz qala bilməz, ancaq görünür, ən yüksək nəticə qazanmaq üçün bu, kifayət deyil.
Şagirdin zehninin, qavrama qabiliyyətinin iti olması, hafizəsinin möhkəm olması çox vacib şərtdir.

- Qəbula hazırlaşan abituriyentlərə yüksək nəticə göstərmək üçün nə məsləhət görərdin?
‐ Tövsiyyəm budur ki, hər şeydən əvvəl, aşağı siniflərdən başlayaraq dərslərini mükəmməl, dərindən öyrənsinlər. Bilsinlər ki, hər şeyi son tədris ilində repetitor xidmətindən istifadə etməklə öyrənmək mümkün deyil. Fikrimcə, məktəbdə öyrənilən bilik daha möhkəm olur. Onbirillik proqramı son iki ildə yüksək səviyyədə mənimsəmək çətin məsələdir.

- Sən neçə il repetitorla hazırlaşmısan?
‐ Məktəb dərslərindən sonra iki il hazırlıq kursuna getmişəm. Ancaq hesab edirəm ki, müvəffəqiyyətimdə müstəqil çalışmalarımın,məktəbdə əldə etdiyim baza biliklərinin rolu daha böyükdür.

- Səncə, hazırlıq kursunda məşğul olmasaydın, 700 bal toplaya bilərdin?
‐ Bu suala birmənalı "hə", yaxud "yox" cavabını verməyə çətinlik çəkirəm. Әslində, məktəbdə dərslər yaxşı keçilsə, repetitor hazırlığına ehtiyac olmaz. Ancaq hazırkı şəraitdə ən yüksək nəticə qazanmaq üçün əlavə hazırlığa getmək zərurəti yaranır. Bu səbəbdən mən də hazırlıq kursunda repetitor xidmətindən yararlanmışam.

- Təhsil sistemində nəyin dəyişilməsini istərdin?
‐ Məktəbdə təhsilin səviyyəsini, keyfiyyətini qaldırmaq lazımdır. Bunun bir sıra yolları vardır. Müəllimlərin maaşının kifayət qədər artırılması da bu işdə önəmli rol oynayar.(ans)