Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib. | Təhsil Elanları
Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.
Bölmə:Təhsil Nazirliyi 2035 dəfə oxunub
18.11.2014

Tehsil.im Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıqda məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.
 
Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.
 
Təlimlərin müddəti:
Təlimlər 2015-ci ilin  yanvar – aprel (3 ay) tarixlərini əhatə edəcək.
Dərslər gündə 4 saat (həftəlik 16 saat) olmaqla, həftənin 4 günü təşkil ediləcək.
Təlimlərin günortadan sonra  keçirilməsi planlaşdırılır.
 
Təlimdə əhatə ediləcək mövzular:
• Təhsildə keyfiyyətin idarəedilməsi
• Təhsili idarəetmənin hüquqi əsasları
• Kompüter və təlim texnologiyaları
• Təhsildə statistika və təhlil
• Təhsilin idarəedilməsi və monitorinqi
• Təhsili idarəetmənin  psixoloji əsasları
• Kurikulum: Nəzəriyyə və tətbiq
• Təhsildə maliyyənin idarəolunması
 
Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.
 
Müsabiqədə iştirak üçün minimum tələblər:
• Ali pedaqoji təhsil
• 5 (beş) il pedaqoji iş təcrübəsi
 
Namizədlərdən gözlənilən digər keyfiyyətlər:
• Liderlik bacarığı
• Yüksək motivasiyalılıq
• Səmərəli qərar qəbuletmə bacarığı
• Nəticəyönümlülük
• İKT-dən istifadə bacarığı
• Məntiqi düşüncə bacarığı
 
Müraciət qaydası:
Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az , telim@qu.edu.az elektron poçt ünvanlarına göndərməlidirlər.
 
Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.
 
Müraciət üçün son tarix: 30 noyabr 2014-сü il
 
Seçim qaydaları:
Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanlarına (telim@edu.gov.aztelim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.
 
Yekun qiymətləndirmə:
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.