Dövlət İmtahan Mərkəzinin saytının yenilənmiş versiyası haqqında ümumi məlumat | Təhsil Elanları
Dövlət İmtahan Mərkəzinin saytının yenilənmiş versiyası haqqında ümumi məlumat
Bölmə:Xəbərlər 260 dəfə oxunub
09.01.2018

Dövlət İmtahan Mərkəzinin saytı giriş sayına görə dövlət orqanlarının rəsmi internet resursları arasında ön sıralardadır

 

Bildiyiniz kimi, bu yaxınlarda Dövlət İmtahan Mərkəzinin saytının yenilənmiş versiyası istifadəyə verilmişdir. Yeni versiyası hazırlanarkən bizim əsas məqsəd ondan ibarət olmuşdur ki,  saytdan rahat istifadə imkanları daha da genişləndirilsin. Yəni sayta daxil olan hər bir istifadəçi ona lazım olan  istiqamət üzrə məlumatı asanlıqla əldə edə bilsin. Xüsusilə nəzərə alınmalıdır ki, Mərkəzin saytı həm informativ, həm də kommunikativ tiplidir. Yəni burada müəyyən bir informasiyanın verilməsi ilə yanaşı, istifadəçi ilə əks əlaqə yaradılır, onlar elektron xidmətlərdən də istifadə edirlər.  Və bu elektron xidmətlərdən daha azyaşlı insanlar, məsələn 9-cu sinif şagirdləri də istifadə edirlər. Buna görə də saytın “homepage”i yəni məlumat vərəqi minimalistik ülubda hazırlanmışdır. Məlumat vərəqinə baxdıqda, o qədər çox informasiya ilə qarşılaşmırsınız və yalnız lazımi istiqamətlərin keçidlərini görə bilərsiniz.

Yeri gəlmişkən, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət orqanlarının internet informasiya resurslarından istifadə üzrə 2017-ci ilin statistikasını açıqlayıb. Məlumatlara əsasən, Mərkəzin saytı unikal giriş sayına görə dövlət orqanlarının rəsmi internet resursları arasında 3-cü yerdə, toplam giriş sayına görə isə ikinci yerdə qərarlaşıb. Ötən il ərzində Mərkəzin saytına unikal giriş sayı 1 milyon 700 minə yaxın olmuşdur. Göründüyü kimi DİM-in saytından lazım olan məlumatların əldə edilməsi və elektron xidmətlərdən istifadə etmək üçün kifayət qədər insan yararlanır.

Qeyd olunanları nəzərə alaraq saytın yenilənmiş versiyası haqqında ümumi məlumatları, strukturunu, istifadə imkanlarını bir daha təqdim edirik.

Məlumat vərəqi

Saytın məlumat vərəqində – yuxarı hissədə Mərkəzin sosial şəbəkələrdəki hesablarına keçid, Çağrı mərkəzinin nömrəsi, şəxsi kabinet, FAQ (sual-cavab) və axtar düymələri yerləşir. Saytda “ağıllı axtarış” sistemi tətbiq olunub və burada sizə lazım olan açar sözü yazmaqla saytda yerləşdirilmiş məlumatlar əsasında axtardığınız informasiyanı asanlıqla tapa bilərsiniz.

Daha aşağıda 8 istiqamət üzrə (baş səhifə, mərkəz, fəaliyyət, mətbuat, sənədlər, təqvim, elektron xidmətlər, əlaqə) saytın menyu hissəsi, ondan aşağıda isə isə məzmunu qısa anonslarla verilmiş aktual olan məlumat banerlərini görə bilərsiniz. Burada dövrü olaraq ən vacib məsələlər baner şəkil formasında yerləşdirilib və bu bölmə saytın ən dinamik və istifadəçiyə lazım olan hissələrindəndir. Buradakı məlumatlar daim yenilənir, burda həm elektron xidmətlər, həm müxtəlif elanlar, həm də yeni nəşrlər  yerləşdirilə bilər.

Bir qədər aşağıda isə aktual fəaliyyət istiqamətlərinə aid hotlinklər  (qaynar keçidlər) yerləşdirilib. İstifadəçi hər istiqamət üzrə elə birinci səhifədən özünə lazım olan hissəyə daxil ola bilər. Burada “qəbul və imtahanlar”, “dövlət qulluğu”, “tədqiqat”, “digər” menyularının altbölmələrində müvafiq olaraq həmin sahəyə aid zəruri olan məlumatlar yerləşdirilmişdir.

Daha sonra xəbərlərə aid keçidlər gəlir. Burada da “homepage”in yüklənməməsi üçün sayta yerləşdirilmiş yalnız 4 son məlumatı görə bilərsiniz. Digər xəbərlərə baxmaq üçün “bütün xəbərlər” düyməsini basmaq lazımdır.

Menyu

Mərkəz bölməsinin altbölmələrində DİM haqqında “ümumi məlumat”, “Direktorlar şurası” – şura üzvləri haqqında məlumat, Mərkəzin “struktur”u – şöbələr, sektorlar, rəhbər işçilərin kimlikləri, “Regional Bölmələr” – ünvanlar və əlaqə vasitələri, “Beynəlxalq əlaqələr” və qurumda olan “vakant vəzifələr” yerləşdirilib.

“Fəaliyyət” bölməsində DİM-in üç əsas fəaliyyət istiqaməti yerləşdirilib...”Qəbul və imtahanlar”....”Dövlət qulluğu”.....”Statistik təhlil”. Bu bölmədə məzmunun əlavə informasiya ilə yüklənməməsi üçün başqa fəaliyyət istiqamətləri “digər” altmenyusuna daxil edilmişdir.

“Fəaliyyət” bölməsinin alt menyularında müvafiq olaraq sırf həmin istiqamətə aid fəaliyyət üzrə aktual olan məlumatlar bir yerə toplanıb. İstifadəçi, məsələn, ancaq bakalavriaturaya qəbulla maraqlanırsa, ona lazım olan bütün məlumatları burada bir yerdə tapa bilər. Yəni bakalavriaturaya aid “xəbərlər”i, “faydalı” məlumatları, “e-xidmətlər”i, “sənədlər”i, “təqvim”i, “sual-cavab”ı bir yerdə rahat şəkildə əldə etmək mümkündür. Bu məlumatların hamısı saytda olan müxtəlif menyularda da var, lakin hər bir istiqamətə aid məlumatların ayrıca yenidən bir bölmədə əksini tapması istifadəçilərin rahatlığını, məlumatın əlçatanlığını təmin edən ən mühüm dəyişikliklərdəndir. Həmçinin bu məlumatlara saytın ana səhifəsindən – aktual istiqamətlər bölməsindən birbaşa keçid etmək mümkündür.

“Mətbuat” bölməsində “xəbərlər”, “media təqib”, ”multimedia” “mətbuat xidməti” altbölmələri yerləşir. Xəbərlər bölməsində diqqət yetirilməli məqam axtarışın daha rahat təmin olunması üçün sol tərəfdə “smart filter”in tətbiq olunmasıdır. Sizə lazım olan xəbərin daha tez tapılması üçün bir neçə köməkçi variant təklif olunur. İlk növbədə siz axtardığınız məlumata aid açar söz yazmaqla məlumatı tapa bilərsiniz. Bundan əlavə, hər bir fəaliyyət istiqaməti (16 istqamət) və xəbərin növü (9 növ) üzrə də, ayrıca axtarış aparmaq imkanına maliksiniz. Bütün bunlar sizə lazım olan xəbərin maksimum dərəcədə tez və rahat tapa bilməyinizi təmin edir.

“Mətbuat xidməti” altbölməsində xidmətin əlaqə telefonları da qeyd olunub. Bu da DİM-lə bağlı hər hansı bir informasiyanın KİV nümayəndələri tərəfindən tez bir zamanda dəqiqləşdirilməsi imkanlarını daha da genişləndirir.

“Sənədlər” bölməsi də saytın dinamik hissələrindəndir. DİM-in fəaliyyət istiqamətlərinə aid ölkə Prezidentinin Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları, eləcə də digər normativ hüquqi sənədləri ilk növbədə sayta yerləşdirilmə ardıcıllığına görə tapa bilərsiniz. Lakin burada da diqqət yetirilməli olan məsələ sizə lazım olan sənədin daha tez əldə edilməsi üçün “smart filter”dən  (ağıllı filter) istifadə imkanlarının yaradılmasıdır. Sənədin adını və ya növünü seçməklə rahat bir şəkildə onu əldə edə bilərsiniz. Xatırladım ki, bəzi sənədlər tez-tez yenilənməyə məruz qaldığı üçün onların son versiyalarının daha operativ əldə edilməsi üçün normativ-hüquqi aktların vahid elektron bazası olan e-qanun.az saytına birbaşa keçid verilmişdir.

Təqvim bölməsi saytın əsas informasiya bloklarından biridir. Bildiyiniz kimi, DİM il boyu müxtəlif istiqamətlər üzrə imtahanlar, ərizə qəbulu, qeydiyyat, ixtisas seçimi, proqram seçimi, seminar və s. həyata keçirir. Və bu işlərin həyata keçirilməsi üçün konkret tarixlər müəyyən edilir.

Bu bölmədə bütün tədbirlər “keçirilir”, “keçiriləcək”, “keçirilib” statuslarında öz əksini tapır. Burada da axtarış sistemindən istifadə etməklə sizə lazım olan imtahan və ya hər hansı bir tədbirlə əlaqədar müəyyən olunmuş tarixləri tez bir zamanda öyrənmək mümkündür. Bütün imtahan iştirakçılarına, eləcə də DİM-in xidmətlərindən istifadə edən vətəndaşlara bu bölməni mütəmadi izləməyi tövsiyə edirik. Çünki hər bir tədbirin müəyyən olunmuş tarixləri var və bu tarixlərə görə biz öz işlərimizi həyata keçiririk. Kimsə sənəd qəbuluna gecikirsə, bu işi vaxtında görmürsə, onda bizim problemi həll etmək imkanlarımız olmur, çünki bu proseslər zəncirvaridir və geri qayıdıb hər hansı dəyişiklik etmək ümumi işi ləngidir və çətinləşdirir.

“E-xidmətlər” bölməsində isə DİM tərəfindən göstərilən elektron xidmətlər öz əksini tapır. Xatırladaq ki, DİM-də informasiya-kommunikasiya texnologiyalarının kütləvi proseslərə tətbiqi istiqamətində işlər hər il də davam etdirilir və bu sahədə yeni layihələr həyata keçirilir. İKT ali təhsil müəssisələrinin istər bakalavriat, istər orta ixtisas, istərsə də ümumi təhsil müəssisələri şagirdlərinin buraxılış imtahanlarının, eləcə də dövləq qulluğuna qəbulun bütün mərhələlərində tətbiq edilir. DİM tərəfindən vətəndaşlara 14 növ elektron xidmət göstərilir və təsadüfi deyil ki, 2017-ci il ərzində bu xidmətlərdən   7 milyon dəfədən çox istifadə olunmuşdur.

“Əlaqə” bölməsində Mərkəzin ünvanları, keçid xəritəsi, vətəndaşların onları maraqlandıran məsələlərlə bağlı online müraciəti üçün forma , eləcə də DİM-in rəhbərliyi və məsul işçiləri tərəfindən vətəndaşların qəbulu cədvəli yerləşdirilmişdir. Burada, həmçinin “sual-cavab” altbölməsi var. Sayt istifadəçiləri DİM-in hər bir fəaliyyət istiqaməti üzrə ayrıca ən çox verilən sual və onun cavabı ilə tanış ola bilərlər.

Beləliklə, biz çalışmışıq ki, yeni sayt vasitəsilə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkün  olsun. Saytın səhifələri də yüngül və tez yüklənəndir. Diqqəti cəlb edən qrafikadan istifadə edilmişdir.

Məzmun amillərinə gəldikdə isə 3 əsas xüsusiyyəti müşahidə etmək olar: yüklənmə sürəti, əsas məlumat vərəqinin asan anlaşılması, başqa səhifələrə keçmənin asanlığı, yəni yeni səhifələrin sürətlə açılması. Saytın xarici, fiziki baxımlılığı da diqqəti cəlb edir: Belə ki,  vərəqlərdə artıq məlumatların olmaması, tərkibin həddən artıq yüklənməməsi, müstəsna dərəcədə rahat oxunma imkanı (şriftlərin tip və ölçüləri) saytın yeni versiyasının əsas üstünlüklərindəndir.