“Gənclər üçün Elektron Hökumət” konfransı keçiriləcəkdir | Təhsil Elanları
“Gənclər üçün Elektron Hökumət” konfransı keçiriləcəkdir
Bölmə:Elanlar 422 dəfə oxunub
20.12.2017

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin informasiya texnologiyaları üzrə biliklərinin artırılmasına və onlardan istifadə imkanlarının genişləndirilməsinə xüsusi diqqət ayrılır. Gənclər arasında elektron hökumət həllərindən istifadənin təbliği bu istiqamətdə həyata keçirilən əsas işlərdən hesab edilir. 

2017-ci ildə İKT və Elektron Hökumət sahəsi üzrə gənclərə yönəlmiş layihələrin yekunlaşdırılması, “Gənclər üçün Elektron Hökumət” adlı müsabiqənin qaliblərinin elan edilməsi və gənclər təşkilatları ilə müzakirələrin aparılması məqsədilə 26 dekabr tarixində saat 10.00-da “Gənclər üçün Elektron Hökumət” konfransının keçirilməsi nəzərdə tutulur. 

Konfrans Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Məlumat Hesablama Mərkəzi, Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilir. 

Konfransda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəklədiyi maarifləndirici layihələrin və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun İKT sahəsi üzrə maliyyələşdirdiyi layihələrin hesabat təqdimatları keçiriləcəkdir. 

Konfrans çərçivəsində “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin mükafatlandırma mərasimi olacaqdır. 

Konfransın sonunda gənclər təşkilatlarının “Elektron Hökumət” sahəsi üzrə maraqlandığı mövzular ətrafında müzakirələr aparılacaq və təşkilatların informasiya cəmiyyətinin inkişafına verdiyi töhfənin artırılması üçün tövsiyələrin hazırlanması nəzərdə tutulur. 

Konfransda iştirak üçün https://goo.gl/iQSTAH  linki vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.