“Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilmişdir. | Təhsil Elanları
“Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilmişdir.
Bölmə:Dövlət qulluğu 509 dəfə oxunub
20.10.2017

2017-ci il oktyabrın 20-də Bakı şəhərində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının “Demokratiya, yaxşı idarəçilik və sabitlik üzrə” 1-ci çoxtərəfli Platforması nəzdində yaradılmış Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində “Dövlət qulluqçularının sertifikasiyası: problemlər və perspektivlər” mövzusunda seminar keçirilmişdir. Seminar Avropa Xarici Fəaliyyət Xidməti və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Tədbirdə Şərq Tərəfdaşlığına daxil olan ölkələrlə (Belarus, Ukrayna, Gürcüstan və Moldova) yanaşı, Azərbaycanın dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin, Dövlət İmtahan Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nümayəndələri iştirak etmişdir.

Tədbiri giriş sözü ilə DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir, cənab Kestutis Jankauskas  və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Demokratiya və İnsan hüquqları İdarəsinin rəisi Fəxrəddin İsmayılov açmışdır.

Tədbirdə Avropa İttifaqı ilə Azərbaycan arasında inkişaf edən tərəfdaşlıq münasibətlərinin, o cümlədən Aİ tərəfindən dəstəklənən institusional quruculuq alətlərinin xüsusi əhəmiyyəti vurğulanmışdır. Beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini bildirən B.Xəlilov Şərq Tərəfdaşlığının Dövlət İdarəçiliyi İslahatları Paneli çərçivəsində aparılan təcrübə və bilik mübadiləsinin qarşılıqlı olaraq faydasını qeyd etmişdir.

Tədbirdə Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən DİM-in fəaliyyəti, dövlət qulluğuna yeni qəbul qaydaları, dövlət qulluqçularının sertifikasiyası sahəsində tətbiq edilən yeniliklər, dövlət qulluğuna qəbul sahəsində proqram təminatı barədə təqdimatlar edilmiş, bu sahədə qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə müzakirələr aparılmışdır.

Avropa İttifaqının Şərq Tərəfdaşlığına daxil olan ölkələrin nümayəndələri də dövlət idarəçiliyi sahəsində  həyata keçirilən islahatlar, eləcə də dövlət qulluğuna qəbul və sertifikasiya sahəsində öz ölkələrinin təcrübələrini bölüşmüşlər.

Tədbirin sonunda müzakirələr aparılmış və Dövlət İmtahan Mərkəzinin fəaliyyəti və dövlət qulluğu sahəsində həyata keçirilən islahatlarla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.