“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir | Təhsil Elanları
“Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
Bölmə:Dövlət qulluğu 399 dəfə oxunub
15.09.2017

2017-ci il 14 sentyabr tarixində Dövlət İmtahan Mərkəzində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” adlı Tvinninq layihəsi (AZ/15/ENP/OT/40) çərçivəsində növbəti tədbir keçirilmişdir.

Qeyd edək ki, Layihə 2016-cı ilin 17 noyabr tarixindən etibarən Dövlət İmtahan Mərkəzi tərəfindən Litva Dövlət Katibliyi, Litva Dövlət Qulluğu Departamenti və Avropa Sosial Fond Agentliyi ilə birgə həyata keçirilir və dövlət qulluğu vəzifələrinin funksiyalarının məzmununa görə sahələr üzrə qruplaşdırılmasını, həmçinin, yeni qruplaşdırma sisteminin dövlət qulluğuna qəbulda, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində və onların əməyinin ödənilməsində tətbiqinə dair təkliflərin verilməsini nəzərdə tutur.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov açılış nitqi ilə çıxış etmişdir. Tədbirdə həmçinin, Azərbaycan Respublikasının Prezident Administrasiyasının nümayəndəsi, mərkəzi icra hakimiyyəti orqanlarının insan resurslarının idarə edilməsi üzrə bölmələrinin və DİM-in əməkdaşları, Litvadan olan ekspertlər, Rezident Tvinninq Müşaviri və Tvinninq layihəsinin işçiləri iştirak etmişdir.

Tədbirin keçirilməsində məqsəd Layihənin dövlət qulluğu vəzifələrinin məzmununa görə sahələr üzrə qruplaşdırılması ilə bağlı 1-ci komponenti çərçivəsində görülmüş işlər barədə ictimaiyyəti məlumatlandırmaq və dövlət orqanlarının nümayəndələri ilə əldə edilmiş nəticələr barədə birgə müzakirələr aparmaqdır.

Layihənin 1-ci komponentinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilən layihə çərçivəsində pilot orqan kimi seçilmişdir.

Tədbirdə o da vurğulanmışdır ki, pilot layihə uğurla tamamlanmış və arzuolunan nəticələr əldə edilmişdir. Eləcə də pilot institutlardan insan resursları üzrə mütəxəssislərin aktiv iştirakının pilot layihənin uğurla həyata keçirilməsində önəmi xüsusi qeyd olunmuşdur. 

Pilot layihənin nəticəsi olaraq dövlət qulluğu haqqında qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi işlənib hazırlanmışdır. Tədbir zamanı DİM-in nümayəndəsi tərəfindən həmin dəyişikliklər barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.

Görüşdə, həmçinin litvalı ekspertlər və pilot qurumların nümayəndələri tərəfindən pilot layihənin yekunlarına dair təqdimatlar edilmiş, qeyd edilən pilot orqanların nümayəndələri pilot layihənin həyata keçirilməsi zamanı qarşılaşdıqları çətinliklər barədə iştirakçılara ümumi məlumat vermişdir.

Sonda tədbir iştirakçılarının Layihə ilə bağlı sualları cavablandırılmış və müzakirələr aparılmışdır.