662 bal toplamış qız: "Adımdan sui-istifadə olunub" - YENİLƏNİB | Təhsil Elanları
662 bal toplamış qız: "Adımdan sui-istifadə olunub" - YENİLƏNİB
Bölmə:Xəbərlər 737 dəfə oxunub
01.08.2017

Bu il III qrup üzrə keçirilmiş qəbul imtahanında 662 bal toplamış Zərdab rayonunun Yarməmmədbağı kənd tam orta məktəbinin məzunu Aytən Şirin qızı Şirinova ixtisas seçimini etməyib. 

Tehsil.im xəbər verir ki, bu barədə report-a açıqlamasında abituriyentin özü məlumat verib. 

Onun sözlərinə görə, sosial şəbəkələrdə barəsində yazılmış xəbərlər əsassızdır, şayiədən başqa bir şey deyil: "Düzdür, Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində təhsil almaq niyyətindəyəm. Amma ixtisas seçimi ilə bağlı qərarımı hələ bu gün verəcəyəm. Əgər ixtisas seçimi etməmişəmsə, kimdən yardım istəyə bilərəm ki?! Sadəcə yazılanlar mənim adımdan sui-istifadə olunmaqla qələmə alınıb". 

Yarməmmədbağı kənd tam orta məktəbinin direktoru Kamal Soltanov "Report"un yerli bürosuna deyib ki, bu il iki məzun 600-dən çox bal toplayıb: "Aytən kimi, 645 bal toplamış Cavahir Əmrahova da ixtisas seçimini bu gün edəcək. Hər ikisi qürurumuzdur və daima əlaqə saxlayırıq. Onların heç birindən bizə köməklə bağlı müraciət daxil olmayıb". 

Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Ramoh Hacıyev isə "Report"un yerli bürosuna daima uğur qazanan gənclərə dəstək olmağı əsas vəzifələrdən biri kimi qəbul etdiklərini bildirib: "Hələlik ixtisas seçimi etməyən gənc nə kimi xahiş edə bilər, anlamırıq? Biz rayon təhsilinə uğur qazandıran Aytən kimi balalarımıza hər zaman yardımçı olmağa hazırıq. Düzdür, indiyədək bizə müraciət daxil olmayıb, amma ona diqqət göstərməkdə qərarlıyıq." 

Qeyd edək ki, A.Şirinova Zərdab rayonunun Lələağacı kəndinin sakinidir. Sosial şəbəkələrdə onun BDU-nun Hüquq fakültəsinə daxil olduğu, lakin qalmağa yeri və kitab-dəftər almağa pulu olmaması səbəbindən ali təhsil ala bilməyəcəyi iddia edilib.