Məktəblərdə pul nə üçün yığılır? – Təhsil Nazirliyi cavab verir… | Təhsil Elanları
Məktəblərdə pul nə üçün yığılır? – Təhsil Nazirliyi cavab verir…
Bölmə:Xəbərlər 181 dəfə oxunub
03.07.2017

Bir vaxtlar orta məktəblərdə yazı taxtaları üzərində tapşırıqlar icra olunarkən tabaşirlərdən istifadə olunurdu. Lakin texnologiya təkmilləşdikcə, məktəblərdəki ləvazimatlar da funksiyasını yenilməyə başladı. Söhbət tabaşirləri əvəzləyən markerlərdən gedir. O markerlərdən ki, yazı yazarkən nə müəllimin, nə də şagirdin əli çirklənir.

Hazırda bütün məktəblər markerlərlə təmin olunubmu? Həmçinin, markerlər məktəblərə pulsuz olaraq verilir?

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Modern.az- a açıqlamasında markerlərin müvafiq qaydada məktəblərə çatdırıldığını söyləyib: “Ölkə ərazisində yerləşən bütün məktəblərə həm marker, həm də tabaşirlər müvafiq qaydada təqdim olunur. Bu zaman nə müəllimlərdən, nə də şagirdlərdən hansısa formada pul yığılır. Müvafiq qaydada təsərrüfat xərcləri kimi hər bir məktəbə lazımi ləvazimatlar verilir və məktəbin tələbatı ödənilir”.