“Yoxsa qırmızı diplomunu cehiz aparan qızların sayı artacaq...” - İlin tələbəsi | Təhsil Elanları
“Yoxsa qırmızı diplomunu cehiz aparan qızların sayı artacaq...” - İlin tələbəsi
Bölmə:Xəbərlər Müsahibələr 2298 dəfə oxunub
29.06.2017

Həm gözəl, həm də savadlı olmaq mümkündür? Bu iki sözü özündə cəmləşdirən, son günlər qazandığı böyük uğur və gözəlliyi ilə sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olan 22 yaşlı İlhamə Mustafayevadır.

Bakı Mühəndislik Universitetinin Pedaqoji fakültəsi, Tərcümə bölümünün ilk məzunlarından olan İlhamə oxuduğu  5 il müddətində topladığı ortalama 99,57 balla Azərbaycan Universitetləri üzrə ilin tələbəsi seçilib. 

“Qafqazinfo” ilin tələbəsi olan İlhamə Mustafayevanın müsahibəsini təqdim edir:

-    Bu il Azərbaycan Universitetləri üzrə ilin tələbəsi seçilmisiniz. Belə bir uğuru gözləyirdinizmi? Bu yolun çətinlikləri nələrdir?

-    Açıqcası, öz universitetimiz üzrə birinci olacağımı təxmin edirdim, ancaq ağlıma belə gəlməzdi ki, ümumi respublika üzrə də bu uğuru qazana bilərəm. Çox yaxşı xatırlayıram, Qafqaz Universitetinə qeydiyyatdan keçmək üçün gəlmişdik. Onda dəhlizdə bir kötük gördüm. Maraqlananda dedilər ki, universiteti uğurla bitirən tələbələrin adı buraya yazılır. Həmin gün adımın bu siyahıda olmasını xəyal etdim və 5 il sonra bu uğuru əldə edə bildim. Düzdür, bu heç də asan olmadı, ancaq yolun sonunda belə bir nailiyyət qazanmaq varsa, hər bir çətinliyə dəyər.

Uğurumun əsas səbəblərindən biri də müəllimlərimizin ədalətli, şəffaf insanlar olmasıdır. Ancaq ədalətli olduqları üçün onlardan qiymət almaq heç də asan deyil. Mən onlara minnətdaram ki, nə olur olsun, hər zaman arxamızda olublar. Balımızı kəsmək yerinə daha yaxşı oxumağımız üçün bizə motivasiya veriblər. İmtahanlarıma görə dəfələrlə önəmli ailə tədbirlərimizə getməmişəm. O vaxt müəyyən qədər təəssüflənirdim ki, ailəmlə istədiyim kimi vaxt keçirə bimirəm. Amma indi qazandığım uğurun ailəmdə yaratdığı sevinci görüb “yaxşı ki” deyirəm.
 
-    Yüksək nəticə göstərmək tələbəyə hansı şanslar verir?

-    Tələbə oxuduğu dönəmdə yüksək nəticə əldə edibsə, istər-istəməz onunla rəqabət aparan tələbələrdən daha üstün mövqedə olur. Xüsusilə də, xaricdə təhsil almaq istəyirsə, təqaüd qazanmaq şansı daha böyükdür. Və yaxud çox tanınmış bir şirkətdə təcrübə keçmək, birbaşa işə qəbul olmaq. Öz təhsilində uğur qazanmış tələbə gələcəkdə işində də nailliyyətini davam etdirə bilər. Bu nüansın işəgötürənlərin gözündən yayınacağını düşünmürəm. 

-    Son illərdə bitirdiyiniz universitetlə bağlı xeyli dəyişikliklər oldu. Hətta bir ara bağlanacağı bildirilmişdi. Bu situasiyaların təhsilinizə hər hansı bir təsiri oldumu?

-    Dəyişikliklərdən danışmazdan əvvəl qeyd edim ki, Qafqazı bizə sevdirən böyük bir ailə mühitinin olması idi. Bu üzücü xəbərlər yayıldığı zaman bizi ən çox təşvişə salan, sarsıdan universitetdən ayrılacağımız olub. Həmin dövrdə ən böyük çətinlikləri bəlkə də sonuncu kurs tələbələri yaşadı. Çünki təhsilimizi xaricdə davam etdirmək üçün sənədlərimizi universitetlərə göndərməli idik və artıq özümüzdə də çaşqınlıq yaranmışdı ki, hansı adla müraciət edək. Ailələrimiz də bizimlə yanaşı olduqca nigaran idilər. Ümumi desəm, bu dönəm bizi çox ruhdan saldı. Ancaq biz ayaqda qalmağı bacardıqsa, bunu “Qafqaz”lı olaraq, bir-birimizə dəstək verməklə bacardıq. Ürəyimizdə hələ də izah edə bilməyəcəyim bir ağrı var, amma yenə də öz universitetimdən, öz tələbə yoldaşlarımızla birlikdə məzun olduğum üçün şadam. Belə bir təhsil müəssisəsində oxuduğumuz üçün fəxr edirik. Bakı Mühəndislik Universitetinin tələbəsi kimi də uğurlarımızı davam etdirməyə çalışacağıq. 

-    Gələcək planlarınızda nələr var? Bu uğuru iş həyatınızda necə davam etdirməyi düşünürsüz?

-    Düzü, gələcək planlardan danışmağı çox da sevən bir insan deyiləm. Cünki həyatda hər an gözlənilməz bir hadisə baş verə bilər. Məsələn, elə götürək universitetimizdə baş verən dəyişiklikləri. Sadəcə onu demək istəyirəm ki, qarşıma məqsəd qoymuşam və o məqsədimə doğru irəliləyirəm. İlk planım magistratura təhsili almaqdır. Təhsilimi tamamladıqdan sonra bütün diqqətimi karyerama yönəldib məqsədim uğrunda çalışacam. Əzmkar biri olduğum üçün, təhsilimdə qazandığım nailiyyəti karyeramda da qazana biləcəyimə inanıram. 

-    Ölkəmizdə xeyli perspektivli gənc qızlarımız olsa da, ailə həyatı quran zaman karyeralarını sonlandırır. Sizcə, qadın həm ailə, həm də uğurlu iş həyatını birlikdə apara bilərmi?

-    Mən bir qız olaraq cəmiyyətdəki önəmimin, dəyərimin fərqindəyəm. Çox istərdim ki, ölkəmizdə bunun fərqində olan insanların sayı getdikcə artsın. Çünki əks təqdirdə qırmızı diplomu cehiz kimi aparan qızlarımızın sayı artmaqda davam edəcək. Bir şey başa düşməliyik ki, ailə cəmiyyətin kiçik bir hissəsidirsə, onun qurucusu anadır, qadındır. Bir qadının uğurlu karyerası, təhsili varsa, istər-istəməz bu onun övladlarına müsbət təsir edəcək. İnanıram ki, qadınlara, qızlara imkan yaradılsa, biz çox zirvələri fəth edə bilər. Məsələn, mən çox şanslıyam ki, ailəm nə olursa, olsun mənə dəstək olub. Heç vaxt o fərqi hiss etməmişəm ki, mən qızam, filan şeyi etsəm, pis olar, kimsə nəsə deyər. 

Karyera və ailəni birlikdə aparmaq mümkündür. Tanıdığım xeyli insan var ki, həm uğurlu iş xanımı, həm də çox gözəl anadır. Çox istərdim ki, xanımlarımız ailə qurmaq üçün yox, cəmiyyətdə sayılıb seçilən biri olmaq üçün oxuyub diplom alsın. Yalnız o zaman biz ölkə olaraq çərçivələri qırıb hamının dilində olan avropalaşmaq həddinə çata bilərik. Düzü, avropalaşmaq deyəndə, pis nə varsa, onu nəzərdə tuturlar. Amma savadlı insan bilir ki, bu sözün altında hansı dəyərlər var.

-    Çox vaxt həyatını təhsilə, oxumağa həsr edənlər özünə vaxt ayırmağı bir az unudur. Siz həm də baxımlı xanım olaraq qəlibləşmiş bu fikri yalanlayırsız. Sosial şəbəkə istifadəçilərinin bu hal gözündən yayınmayıb ki, həm uğurunuza, həm də gözəlliyinizə xeyli tərif dolu paylaşımlar var.

-    Elə fürsətdən istifadə edib onların hər birinə xoş sözlərə görə təşəkkür edirəm. Həqiqətən tanımadığım şəxslər tərəfindən çox gözəl şərhlər alıram və bu, məni sevindirir. Əgər kimsə deyirsə ki, dərs oxuyan qız baxımsız olur, bu, yalandır. İnsan istəsə hər şeyə vaxt ayıra bilər. Təhsil aldığım dönəmdə sosial həyatım da olub. Birinci kursdan etibarən müxtəlif tədbirlərdə iştirak etmişəm və bunun sayəsində dost çevrəm xeyli böyüyüb, dünyagörüşüm artıb.  Əgər kimsə düşünürsə ki, çox oxuyan asosial olmalıdır, evdən bayıra çıxmır, qəti şəkildə doğru deyil. Məqsədi olan insan hər şeyə vaxt ayıra bilir.

-    Son olaraq gənclərə nə demək istərdiniz?

-    Gənclərimizə sadəcə uğurlar və nailiyyətlər arzu edirəm. Çox sevindirici bir haldır ki, Azərbaycanda məqsədyönlü, sağlam düşüncəli gənclərin sayı getdikcə artır. İnanıram ki, bu gənclərimiz sayəsində biz daha da irəliyə gedəcəyik. 

Günel Hacı