Universitetlərin kommersiyalaşdırılması necə baş tutacaq? – EKSPERT | Təhsil Elanları
Universitetlərin kommersiyalaşdırılması necə baş tutacaq? – EKSPERT
Bölmə:Xəbərlər 451 dəfə oxunub
29.06.2017

Təhsil naziri Mikayıl Cabbarov bugünkü çıxışında universitet və elmi tədqiqat institutlarımızın innovativ olmağa çalışdığını bildirib. Nazir əlavə edib ki, universitetlərin fəaliyyətinin kommersiyalaşdırılması da vacibdir. Bəs buna necə nail olmaq mümkündür? 
Fins.az xəbər verir ki, ekspertlər bunun üçün ilk növbədə ali məktəblərin öz məhsullarının yaradılmasını təklif edirlər.
Suala aydınlıq gətirən ekspert Rövşən Ağayevin fikrincə, universitetlərdə iqtisadi əhəmiyyətli kəşflərin olması vacibdir:
"Bu fəaliyyət üçün ilk növbədə, universitetlərin elə məhsulları olmalıdır ki, iqtisadiyat üçün bunun dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin - o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşcaq. Maraq üçün deyim ki, ABŞ-da iqtisadiyyatda tətbiq olunan ən uğurlu kəşflərinin təxminən 80%-i məhz universitetlərin hesabına baş verir".
Beynəlxalq təcrübədən danışan ekspert bu məsələ ilə bağlı bəzi maraqlı nümunələri göstərib. Bildirib ki, ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir - dünya üzrə bütün xərclərin təxminən 27%-i bu ölkənin payına düşür. 520 mlrd. dollara yaxın elmi-tədqiqat xərclərinin təxminən 15%-i (75 mlrd. USD) məhz universitetlərin hesabına təmin edilir.
"1980-ci ildə ölkədə Bayh-Dole Aktı qəbul edilib və bu sənədə görə universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başladı. Bayh-Dole Aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illik sayı 250-ni ötmürdüsə, 1982-c ildə bu rəqəm 1500-ə yüksəldi. Hazırda 5000 ətrafındadır. Yaxud 80-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 mln. dolları ötmürdüsə, indi 2 mlrd. dollara yaxınlaşır. Məhz Bayh-Dole aktı universitetlərin innovativ fəalliyyənin kommersiyalaşdırılmasını instititusionallaşdırdı".
R.Ağayev qeyd edib ki, hazırda dünyada universitetlər 3 təsnifat üzrə sistemləşdirilir: 1.0, 2.0 və 3.0 statusa malik universitetlər.
"1.0 - bu universitetlərin yalnız tədrislə məşğul olduğunu, 2.0 tədris və araşdırmaların paralel olduğunu, 3.0 universitetdə tədris və araşdırmaların mövcudluğu ilə yanaşı, həm də universitetlərin fəaliyyətinin kommersiyalaşdırıldığını əks etdirir. Hazırda Azərbaycan universitetləri 1-ci mərhələdədir - yalnız tədrislə məşğuldur. İndi bizim qarşımızda 2-ci mərhələ dayanır - universitetləri tədris və araşdırma mərkəzlərinə çevirmək".