Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi QAYDASI | Təhsil Elanları
Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi QAYDASI
Bölmə:Dövlət qulluğu 2648 dəfə oxunub
21.06.2017

 

 

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 21 iyun tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 28-ci və 29-cu maddələrinə əsasən, birinci–beşinci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla) inzibati vəzifələrin birinci–yeddinci təsnifatına uyğun olan dövlət qulluğu vəzifələrinin (bundan sonra – vakant vəzifə) tutulması üçün yaradılan müsahibə komissiyasının reqlamentini, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmə aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydasını və keçid ballarını müəyyən edir.

1.2. Müsahibənin keçirilməsində məqsəd namizədin vakant vəzifə üzrə bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla, həmin vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

1.3. Müsahibə komissiyası fəaliyyətini aşağıdakı prinsiplər əsasında həyata keçirir:

1.3.1. qanunçuluq – müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət edilməsi, habelə namizədlərlə bağlı məcburi tələblərin yalnız normativ hüquqi aktlarla müəyyən edilməsi;

1.3.2. obyektivlik – namizədin vakant vəzifəyə uyğunluğunun yalnız namizədlə aparılmış müsahibə əsasında və bu Qayda ilə müəyyən edilmiş meyarlar rəhbər tutulmaqla qiymətləndirilməsi;

1.3.3. qərəzsizlik – namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslərin (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları) müsahibə komissiyasının tərkibinə daxil edilməsinin yolverilməzliyi;

1.3.4. müstəqillik – müsahibə komissiyasının və müsahibə komissiyası üzvünün müsahibələrin keçirilməsi və müsahibə üzrə qərarın qəbul edilməsi ilə bağlı müstəqilliyi və onların fəaliyyətinə müdaxilənin yolverilməzliyi;

1.3.5. bərabərlik – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq bütün namizədlərin müsahibənin keçirilməsi ilə əlaqədar hüquqlarının bərabərliyinə təminat verilməsi;

1.3.6. şəffaflıq və aşkarlıq – müsahibə keçirilən zaman namizədin razılığı ilə videoçəkilişdən istifadə olunması, ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinin müsahibədə müşahidəçi qismində iştirakı və müsahibənin nəticələrinin açıq elan olunması;

1.3.7. peşəkarlıq – namizədin potensial imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması və vakant vəzifəyə yararlılığını müəyyən etmək üçün Qanunun 29.8-ci maddəsində nəzərdə tutulan meyarlar əsasında hərtərəfli qiymətləndirilməsi.

1.4. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.4.1. müsahibə – vakant vəzifənin tutulması üçün dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxslər üçün keçirilən, Qanunun 28.6-cı maddəsində nəzərdə tutulan müsahibə;

1.4.2. daxili müsahibə – vakant vəzifənin tutulması üçün keçirilən və ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçularının iştirakını nəzərdə tutan müsahibə;

1.4.3. ümumi müsahibə – vakant vəzifənin həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.

2. Müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər

2.1. Dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (bundan sonra – Mərkəz) məlumat verir.

2.2. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda, dövlət orqanının rəhbəri müsahibənin keçirildiyi gündən otuz gün müddətində həmin vəzifənin ümumi müsahibə və ya müsahibə yolu ilə tutulması barədə qərar qəbul edir və bu barədə Mərkəzə məlumat verir.

2.3. Müsahibə elanı, vakant vəzifə üzrə vəzifə təlimatı və müsahibə proqramları vakant vəzifənin aid olduğu dövlət orqanının (bundan sonra – dövlət orqanı) internet saytında yerləşdirilir, habelə müsahibə elan edilməzdən azı on gün əvvəl Mərkəzə təqdim olunur və Mərkəz həmin məlumatların öz internet portalında (bundan sonra – portal) yerləşdirilməsini təmin edir.

2.4. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin portalında, dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibə elanının formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Dövlət orqanı müsahibə elanının məzmununu Mərkəzlə razılaşdırmaqla müəyyən edir.

2.5. Müsahibədə namizəd vakant vəzifənin tutulmasının ümumi şərtlərinə və bu şərtlərə əsasən vəzifə təlimatı ilə müəyyən edilən tələblərə uyğun olaraq iştirak edə bilər. İnzibati vəzifələrin tutulmasının ümumi şərtlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir və həmin vəzifələr üzrə vəzifə təlimatlarını dövlət orqanları, Mərkəzlə razılaşdırmaqla, bu şərtlərə uyğun olaraq hazırlayırlar.

2.6. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.

3. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması

3.1. Müsahibə komissiyasını üç nəfərdən ibarət tərkibdə, Mərkəzin bir nümayəndəsi və bir müstəqil ekspert daxil edilməklə, dövlət orqanı yaradır.

3.2. Mərkəz müsahibə komissiyasına öz nümayəndəsi kimi müvafiq sahələr üzrə ekspert və (və ya) mütəxəssisləri cəlb edə bilər.

3.3. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:

3.3.1. yardımçı vəzifə tutan dövlət qulluqçuları;

3.3.2. vakant vəzifədən daha aşağı vəzifə tutan dövlət qulluqçuları;

3.3.3. namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);

3.3.4. bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;

3.3.5. ali təhsili olmayan şəxslər.

3.4. Dövlət orqanında, həmin dövlət orqanının strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanında işləməyən, habelə həmin dövlət orqanına, onun strukturuna daxil olan və ya strukturuna daxil olduğu dövlət orqanına ezam edilmiş, dövlət orqanının fəaliyyətinə cəlb olunmuş şəxslər müsahibə komissiyasının həmin dövlət orqanını təmsil edən nümayəndəsi kimi iştirak edə bilməzlər.

4. Müsahibə komissiyasının reqlamenti və müsahibənin keçirilməsi qaydası

4.1. Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış dövlət orqanının internet saytı və Mərkəzin portalı vasitəsilə məlumat verilir. Müsahibə elanda göstərilmiş vaxtda, dövlət orqanının müəyyən etdiyi yerdə keçirilir.

4.2. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir.

4.3. Müsahibə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq, şəxsi ədavət münasibətində olduqda, yaxud müsahibə nəticələrinin obyektiv qiymətləndirilməsinə mənfi təsir edə bilən və ya müsahibənin aparılması qaydalarının pozulmasına səbəb ola bilən başqa hallar mövcud olduqda, həmin üzv özü-özünə etiraz edir. Belə əsaslar olduqda, müsahibə başlanmazdan əvvəl namizəd müsahibə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

4.4. Bu Qaydanın 4.3-cü bəndinə uyğun olaraq əsaslandırılmış etiraz edildikdə, barəsində etiraz edilmiş və ya özü-özünə etiraz etmiş şəxslər həmin namizədlə müsahibədə komissiyanın üzvü kimi iştirak edə bilməzlər. Bu halda iki iş günü müddətində yeni tərkibdə müsahibə komissiyası yaradılır və həmin namizədlə müsahibə keçirilir.

4.5. Müsahibə, namizədin razılığı ilə videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə (olduğu halda) keçirilir. Bu halda videoçəkilişlər və ya müşahidəçilərin iştirakı müsahibənin keçirilməsinə, eləcə də müsahibə komissiyasının normal fəaliyyətinə maneə törətməməlidir. Əgər belə maneə törətmə halları müvafiq xəbərdarlıqdan sonra da təkrar olunarsa, videoçəkiliş və ya müşahidəçilərin iştirakı məhdudlaşdırıla və ya qadağan edilə bilər.

4.6. Aşağıdakı şəxslər müsahibədə müşahidəçi qismində iştirak edə bilməzlər:

4.6.1. müşahidəçi qismində iştirak etmək üçün dövlət orqanına və ya Mərkəzə qabaqcadan müraciət etməyən şəxslər;

4.6.2. son 1 il ərzində müşahidəçi qismində iştirak etmək istədiyi vakant vəzifə üzrə elan edilmiş müsahibədə iştirakı qeydə alınmış şəxslər;

4.6.3. müsahibədə iştirak edən namizədin yaxın qohumları və ya müsahibənin nəticəsində birbaşa marağı olan digər şəxslər.

4.7. Müsahibə Qanunun 29.8-ci maddəsində nəzərdə tutulmuş meyarlar əsasında namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar, tapşırıqlar verməsi və namizədin həmin sualları cavablandırması, tapşırıqları yerinə yetirməsi, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir.

4.8. Namizədə verilən suallar və tapşırıqlar aydın olmadıqda, namizədin həmin sualları və tapşırıqları aydınlaşdırmaq hüququ vardır.

4.9. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir.

4.10. Mərkəz müsahibə proqramlarının hazırlanmasında iştirak edir və təsdiqinə razılıq verir.

4.11. Hər bir namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 20 dəqiqə aparılır.

4.12. Müsahibə komissiyasının üzvləri aşağıdakı tələblərə riayət etməlidirlər:

4.12.1. müsahibə aparılacaq yerə təyin edilmiş vaxtda gəlmək;

4.12.2. bu Qayda ilə, vakant vəzifəyə dair vəzifə təlimatları və namizədin şəxsi işi ilə tanış olmaq, müsahibə proqramları üzrə hazırlıqlı olmaq;

4.12.3. bu Qaydanın 4.3-cü bəndində nəzərdə tutulmuş hallarda özü-özünə etiraz etmək;

4.12.4. müsahibənin keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələblərinə riayət etmək;

4.12.5. müsahibənin aparılmasına mane olan texniki və digər vasitələrdən istifadə etməmək, o cümlədən rabitə vasitələrini müsahibə otaqlarına gətirməmək;

4.12.6. namizədin və digər komissiya üzvlərinin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq, müsahibə zamanı nəzakətli, diqqətli və səbirli olmaq;

4.12.7. müsahibə zamanı müsahibə otağını üzrlü səbəb olmadan tərk etməmək;

4.12.8. namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar vermək;

4.12.9. sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl etmək;

4.12.10. müsahibənin gedişi zamanı namizədə vakant vəzifəyə uyğun olub-olmaması barədə fikir bildirməmək;

4.12.11. müsahibənin aparılmasına mane olan digər hərəkətlərə yol verməmək.

4.13. Namizəd aşağıdakı tələblərə riayət etməlidir:

4.13.1. müsahibənin aparılacağı yerə təyin edilmiş vaxtda gəlmək;

4.13.2. müsahibə komissiyasının üzvlərinə hörmətlə yanaşmaq, onların suallarını, tapşırıqlarını sonadək dinləmək;

4.13.3. suallara mahiyyəti üzrə cavab verməyə və tapşırıqları mümkün qədər qısa vaxtda yerinə yetirməyə çalışmaq;

4.13.4. üzrlü səbəb olmadan müsahibənin keçirildiyi otağı tərk etməmək;

4.13.5. rabitə və digər texniki vasitələri müsahibənin keçirildiyi otağa gətirməmək.

4.14. Namizəd müsahibənin aparılacağı yerə müəyyən edilmiş vaxtda gəlmədikdə, müsahibə komissiyasının üzvləri tərəfindən onun müsahibədə iştirak etməməsi barədə akt tərtib edilir.

4.15. Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə yol verilmir.

4.16. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə dövlət orqanının qərarı əsasında yol verilir.

5. Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi və keçid balları

 

5.1. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır.

5.2. Müsahibə komissiyasının hər bir üzvü namizədin vakant vəzifəyə uyğunluğunu aşağıdakı meyarlara əsasən qiymətləndirir:

5.2.1. bilik səviyyəsi – namizədin vakant vəzifəyə dair müsahibə proqramı üzrə bilikləri;

5.2.2. peşə hazırlığı – namizədin vakant vəzifənin tutulması şərtlərinə uyğun olaraq nəzəri və qanunvericilik biliklərini tətbiqetmə bacarığı və vəzifənin tutulma şərtlərinə uyğun olaraq xarici dil, informasiya texnologiyaları üzrə bilikləri;

5.2.3. ümumi dünyagörüşü – namizədin dünyada (ölkədə) və cəmiyyətdə baş verən mühüm hadisələrə dair məlumatlılığı, habelə bu hadisələrə dair mülahizələri;

5.2.4. vakant vəzifə üçün zəruri olan keyfiyyətlər – namizədin emosional sabitliyi, məsuliyyətliliyi, məqsədyönlülüyü, dürüstlüyü, özünütənqid, nüfuzetmə, təhliletmə, ünsiyyətqurma bacarıqları.

5.3. Hər bir qiymətləndirmə meyarı üçün ən yüksək bal 5, ən aşağı bal isə 2-dir. Hər bir meyar üzrə verilmiş qiymətlər toplanaraq, namizəd barədə ümumi bal müəyyən edilir və “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilir (1 nömrəli əlavə).

5.4. Müsahibə komissiyasının üzvləri tərəfindən hər bir meyar üzrə verilmiş ballar “Namizədin iddia etdiyi inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair bal cədvəli”nin müvafiq hissəsində qeyd olunmalı və hər bir meyar üzrə verilmiş bal əsaslandırılmalıdır.

5.5. Müsahibə komissiyası üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək, orta bal müəyyən edilir. Müsahibənin yekun nəticələri “Namizədin inzibati vəzifəyə uyğunluğunun qiymətləndirilməsinə dair yekun protokol”la rəsmiləşdirilir (2 nömrəli əlavə).

5.6. Müsahibə komissiyası üzvlərinin namizədin qiymətləndirilməsi zamanı verdiyi ümumi ballar arasında müsahibə nəticəsinə təsir edən fərq (3 və daha çox bal) olduqda, müsahibənin nəticəsi etibarsız hesab edilir. Bu halda müsahibənin nəticələrinə Qanuna əsasən inzibati şikayətə baxmalı qurumda baxılır.

5.7. Vakant vəzifə üzrə keçirilmiş müsahibədən 16 və daha çox bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir.

5.8. Müsahibənin nəticələri dövlət orqanının internet saytında və Mərkəzin portalında yerləşdirilir.

5.9. Müsahibədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant vəzifəyə təyin edilmək üçün beş iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən on beş gün müddətində qəbul etdiyi qərar barədə Mərkəzə məlumat verir.

5.10. Vakant vəzifəyə təyin edilmək üçün dövlət orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılırlar. Bu müddətdə həmin dövlət orqanında analoji vakant vəzifə (vəzifənin tutulması şərtləri uyğun olan) olduqda, namizədlər onların razılığı ilə həmin vəzifələrə təyin edilirlər. Həmin müddətdə inzibati vəzifələrə təyin edilən namizədlər ehtiyat kadrlar siyahısından çıxarılırlar.

5.11. Mərkəz namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin və videoçəkilişlərin) 5 il müddətində mühafizəsini təmin edir.

5.12. Namizədlərin müsahibə sənədlərinin əsli Mərkəzdə, surətləri isə dövlət orqanında saxlanılır.

6. Müsahibənin nəticələrinə yenidən baxılması

6.1. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və məhkəməyə şikayət verə bilərlər.

6.2. Namizədlər tərəfindən müsahibənin nəticələrindən inzibati qaydada şikayət verilməsi Qanunla müəyyən olunmuş qaydada həyata keçirilir.

 

president.az