"Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilmişdir | Təhsil Elanları
"Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda tədbir keçirilmişdir
Bölmə:Dövlət qulluğu 746 dəfə oxunub
09.06.2017

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli 44 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən 07 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Gəncə şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alan bakalavr və magistrlərin, həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri və əməkdaşlarının iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Mərkəzin sədr müavini Bəhram Xəlilov, Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov, İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin müdiri Nigar Hüseynova-Didavari və şöbənin məsləhətçisi Pərviz Kazımov iştirak etmişlər.

Tədbiri giriş nitqi ilə açan Mərkəzin sədri M.Abbaszadə dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirərək qeyd etmişdir ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərindən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir. Dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məsələsinin daim dövlət rəhbərliyinin diqqətində olduğunu vurğulayan sədr bildirmişdir ki, dövlət orqanlarında çalışanların əmək haqqı sistemi rəqabət qabiliyyətlidir və bununla yanaşı, dövlət qulluqçularının mənzil şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onlara güzəştli ipoteka əldə etmək hüququ verilir.

Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatlar nəticəsində dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən Mərkəzin sədr müavini B.Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olduqlarını iştirakçıların diqqətinə çatdırmışdır.

YAPL2901.JPG

Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən V.Əsgərov iştirakçılara Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı Mərkəzin funksiyaları barədə məlumat vermişdir.

P.Kazımovun “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında isə gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi praktiki xarakterli məsləhətlər verilmiş, fərdi həyatın xoşbəxtliyə yönəlik proqramlaşdırılması üzrə psixoloji çalışma təqdim olunmuşdur. Təqdimatda, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyasının rolunun önəmi vurğulanmışdır. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunmuşdur.