Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin məbləği müəyyənləşdirildi - RƏSMİ | Təhsil Elanları
Dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin məbləği müəyyənləşdirildi - RƏSMİ
Bölmə:Dövlət qulluğu 3056 dəfə oxunub
23.05.2017

Tarif (qiymət) Şurasının 2017-ci ilin 23 may tarixində növbəti iclası keçirilmişdir. İclasda Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi məsələsinə baxılmış və müvafiq qərar qəbul edilmişdir.
 
Tehsil.im xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin müraciəti və təklifləri nəzərə alınmaqla dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na əsasən təsnifatlaşdırılmış 7 qrup üzrə 10-110 manat arasında müəyyənləşdirilmişdir.
 
------------------------------------------------------------------------------------------

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 5

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
 
QƏRAR №5
 
Bakı şəhəri, 23 may 2017-ci il
 
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə
 
“Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 2665 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 86 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na uyğun olaraq və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin müraciətini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən dövlət qulluğu ilə bağlı ödənişli xidmətlərin tarifləri təsdiq edilsin (əlavə olunur).
 
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri         Şahin Mustafayev