Green Card lotereyasında bəxti gətirənləri sonrakı mərhələdə nə gözləyir? | Təhsil Elanları
Green Card lotereyasında bəxti gətirənləri sonrakı mərhələdə nə gözləyir?
Bölmə:Xəbərlər 850 dəfə oxunub
13.05.2017

AmerikaVekil-in suallarını ABŞ-da yerləşən “İ.S.LawFirm” hüquq firmasının rəhbəri, vəkil İsmayıl Şahtaxtinski cavablandırır:

Vaşinqton vaxtı ilə mayın 2-də Green card lotereyasının cavabları çıxır. Bu lotereyaya müraciət edənlər indi nə etməlidirlər?

– Lotereyaya müraciət edəndə kod verilir. O kodu bu saytda dvlottery.state.gov  daxil edib nəticəni yoxlamaq olar

Təsdiq nömrəsini alandan sonra nə etməli?

– Əgər kimsə lotereyada udubsa, elə həmin veb saytda təlimatlar verilir. Burada hansı addımların atılmalı olduğu göstərilir. Addımlar sadədir. İmmiqrant vizası üçün internetdə anketlər doldurulmalıdır. Sonra konsulluğa intervyuya çağırırlar. Uduşdan sonra o proses bir qədər uzun çəkir. Bəzən anketləri doldurub “Green card” almaq üçün proses 7 aydan bir ilə qədər çəkir.

 Seçilənləri müsahibə gözləyir. Vaxtilə Green card almış şəxs və hazırda ABŞ-ın miqrasiya məsələlərinə bələd təcrübəli vəkil kimi deyə bilərsizmi, seçilənləri hansı suallar gözləyir? 

– Adətən, ərizəçini keçmişdə yol verdiyi qanun pozuntuları haqqında, kriminal işlərinin olub-olmaması, keçmişdə konsulluğa saxta məlumatlar verib-verməməsi ilə bağlı suallar gözləyir. Amma ən vacib məsələ verilən suallara hazırlaşmaq yox, sənədləri düzgün hazırlamaqdır.

– Green card qazandıqdan sonra səfirlikdə müsahibə ingilis dilindəmi aparılacaq?

– Müsahibənin ingilis dilində aparılması vacib deyil. Müraciətçi və konsulluq hansı dili bilirsə, o dildə də müsahibə aparılacaq. Bu, ingilis, rus, Azərbaycan və başqa dil ola bilər.

– Seçilənlərin harda və nəyə xərcləri çıxa bilər? Bu sualı ona görə veririk ki, adamlar fırıldaqçılardan özlərini qoruya bilsinlər.

– Seçiləndən sonra ABŞ Dövlət Departamentinə viza üçün müraciət olunmalıdır və ödəniş edilməlidir. Ödənişlər yalnız müvafiq rəsmi ABŞ dövlət saytlarında edilir. ABŞ dövlət saytlatının ünvanı “.gov”-la bitir. Yoxlamaq üçün bizə yaza bilərlər.

– Green card qazanandan sonra vətəndaşlıq almaq mümkündür?

– Bəli. 5 ildən sonra ABŞ vətəndaşı olmaq mümkündür.

 – İsmayıl bəy, müsahibəyə hazırlaşmaq üçün hüquqi  xidmət göstərirsinizmi? 

– Əlbəttə. Vurğulamaq istərdim ki, əsas xidmət elə lotereyada seçiləndən sonra lazımdır. Çünki çoxlu formalar doldurulmalı və sənədlər yığılmalıdır. Biz bu işlərdə yardım göstəririk. Green card lotereyasında qalib gəlmək hələ onu qazanmaq demək deyil. Əsas düzgün sənədlər təqdim etməyi bacarmaqdır.