ADNA terroru - 8 il | Təhsil Elanları
ADNA terroru - 8 il
Bölmə:Xəbərlər 2477 dəfə oxunub
30.04.2017

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin 8-ci ildönümüdür. Hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.

ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs – Fərda Qədirov “Makarov” tipli tapançadan istifadə edib.  İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. 2009-cu ilin aprelin 30-da baş verən hadisə 13 nəfərin yaralanması ilə nəticələnib. Təəssüf ki, həmin hadisə 12 nəfərin həyatına son qoyub.

Qanlı hadisə nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940), Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951) Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi Vahidov Məcnun Abdulvahid oğlu, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı; tələbələr Məmmədov Taleh Tariyel oğlu, Bəndəliyev Yusif Telman oğlu, Bağırov Ayaz Cavanşir oğlu, Cabbarov Savalan Allahverdi oğlu, Abdullayev Emin İmaməli oğlu, Babaşov Ruslan Cəfər oğlu, Aslanov Ceyhun Sakit oğlu, Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı öldürülüb.