UNEC-in professoru Rusiya İqtisad Universitetinə dəvət olunub | Təhsil Elanları
UNEC-in professoru Rusiya İqtisad Universitetinə dəvət olunub
Bölmə:Xəbərlər 413 dəfə oxunub
26.04.2017

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi, professor Tofiq Quliyev Rusiyanın paytaxtı Moskva şəhərində yerəşən Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinə mühazirələr oxumaq üçün dəvət olunub. Dəvət məktubu Plexanov adına Rusiya İqtisad Universitetinin “İnsan resurslarının idarə edilməsi” kafedrasının rəhbəri, professor O. B. Zabelina tərəfindən göndərilib. Məktubda dəvətin xarici ölkə alimlərinin Plexanov adına Rusiya İqtisad Universitetində tədris prosesinə cəlb edilməsi proqramı çərçivəsində həyata keçirildiyi bildirilir.
“Sizin 2016-2017-ci tədris ilində Plexanov adına Rusiya İqtisad Universitetinin “İqtisadiyyat və Hüquq” fakültəsində “İnsan resurslarının idarə edilməsi” kafedrasının tədris etdiyi fənlər üzrə mühazirələr və praktiki məşğələlər aparmağa dəvət etməkdən şərəf duyuruq”, deyə məktubda qeyd olunur. Professordan “Heyətin idarə edilməs” ixtisası üzrə təhsil alan magistrlərə, eyni zamanda həmin ixtisas və “İqtisadiyyat” ixtisası üzrə 3-4-cü kurslarda təhsil alan bakalavrlara mühazirələr oxumaq təklif olunur.

Bundan əlavə məktubda Professor Tofiq Quliyevlə elmi sferada bir sıra istiqamətlər üzrə əməkdaşlıq etmək niyyəti də vurğulanır. Prioritet olaraq aşağıdakı istiqamətlər təklif olunur.
-İnsan resurslarının inkişafı və layiqli əmək prinsiplərinin reallaşdırılması;
-Milli və regional əmək bazarının inkişafı problemləri;
– Əmək bazarının və məşğulluğun tənzimlənməsi mexanizmlərinin transformasiyası;
-Təşkilatlarda və müəssisələrdə əməyin keyfiyyətini və idarəetmənin səmərəliliyini artırmaq mexanizmlərinin öyrənilməsi.

Eyni zamanda, professor T. Ə. Quliyevin də təkliflərini diqqətə almağa və qarşılıqlı anlaşma şəraitində birgə fəaliyyət göstərməyə hazır olduqları qeyd edilir.
photo_53797Onu da qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının müdiri, Əməkdar Elm Xadimi professor T.Ə. Quliyev dünyada əmək sahəsində ən güclü mütəxəssislərdən biri hesab olunur. Onun dünyanın 30-dan çox ölkəsində, o cümlədən Harvard Universitetinin kitabxanasında 5 kitabı oxuculara təqdim edilmişdir. Kitabxananın direktoru Kristin Conson bildirmişdir ki,Tofiq Quliyevin kitabları ən oxunan, iqtibas, sitat gətirilən mənbələr sırasına daxildir. Kitabxananın “Xəbərlər” bülletenində və elektron versiyada həmin kitabların ingilis dilində mükəmməl annotasiyası verilmişdir. Xaricdə alimin əsərlərinə 180-dən artıq istinad qeydə alınmışdır.

Professor  Tofiq Quliyev Rusiya elmi ictimaiyyəti tərəfindən yaxşı tanınan alimlərimizdən biridir. Onun Moskvada ən nüfuzlu nəşriyyatlar tərəfindən çoxlu sayda kitabları və monoqrafiyaları çap edilib. Belə ki, 1967-ci ildə Moskvanın “Mısl” nəşriyyatında mənafelər problemi, 1974-cü ildə isə əməyin reduksiyasına həsr edilmiş monoqrafiyaları çap edilb. Bu monoqrafiyalar həmin dövr böyük elmi müzakirələrə səbəb olub.

2001-ci ildə prof. T.Ə. Quliyevin rus dilində nəşr olunmuş “Tənzimlənən bazar iqtisadiyyatı” kitabı Moskvanın “Mısl” nəşriyyatı tərəfindən yenidən cap olunub.

2013-cü idə Moskvanın nüfuzlu “Ekonomika” nəşriyyatında Azərbaycan aliminin “İqtisadi məntiq”, 2014-cü ildə isə “Liberalizmin böhranı” adlı fundamental tədqiqatlarının nəticələri monoqrafiyalar şəklində rus dilində çap edilərək yayılıb.

Hazırda professorun daha bir kitabı Moskvada çapa hazırlanır.