Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqləndi - RƏSMİ QƏRAR | Təhsil Elanları
Dövlət qulluğuna qəbulun təşkili və keçirilməsi qaydası təsdiqləndi - RƏSMİ QƏRAR
Bölmə:Dövlət qulluğu 6721 dəfə oxunub
14.03.2017

Nazirlər Kabineti “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nı təsdiq edib.
Tehsil.im-in xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Bu qayda dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanmasını, ekspertizasını, təsdiqini, test imtahanının təşkilini, keçirilməsini, qiymətləndirmənin aparılmasını tənzimləyir.
“Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə test imtahanının təşkili, keçirilməsi və qiymətləndirilmənin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2013-cü il 30 iyul tarixli qərar ləğv edilib.

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 87

Bakı şəhəri, 10 mart 2017-ci il

"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında

 "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunun-da dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1008 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə

SERTİFİKATIN FORMASI

1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra - Sertifikat) verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.

2. Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D növləri üzrə aşağıdakı qruplara bölünür:

2.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

2.1.1. AA qrupu;

2.1.2. AB qrupu;

2.1.3. AC qrupu;

2.2. B növü - inzibati icraçı vəzifələr üzrə:

2.2.1. BA qrupu;

2.2.2. BB qrupu;

2.3. C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:

2.3.1. CA qrupu;

2.4. D növü - yardımçı texniki vəzifələr üzrə:

2.4.1. DA qrupu.

3. A, B, C və D növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.

4. Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.

5. Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 Formatdadır.

6. Sertifikatda aşağıdakılar göstərilir:

6.1. Sertifikatın yuxarı hissəsində Mərkəzin loqotipinin rəngli təsviri;

6.2. loqotipin altında birinci sətirdə "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü;

6.3. "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi;

6.4. Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı;

6.5. imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar);

6.6. Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);

6.7. aşağıdakı məzmunda Qeyd:

 "Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir.";

6.8. Sertifikatın verilməsi barədə Mərkəzin qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti);

6.9. Mərkəzin Direktorlar Şurasının sədrinin adı, soyadı, imzası və möhür.

7. Sertifikat blankının nümunəsi Mərkəz tərəfindən müəyyən edilir.

8. Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.

9. Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:

9.1. namizədin soyadı, adı, atasının adı dəyişdikdə;                       

9.2. Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;

9.3. Sertifikat yararsız hala düşdükdə.

10. Sertifikat itirildikdə onun dublikatı verilir.

11. Mərkəz dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.

"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə

Sertifikatın Forması"na əlavə

Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələrin

növləri, qrupları və alt qrupları

Vəzifə növü

Vəzifə qrupu

Vəzifə altqrupu

Altqrupa daxil olan vəzifələr

1

2

3

4

A

 

 

 

AA

AA1

inzibati vəzifələrin 1-ci təsnifatı üzrə: dövlət orqanlarında aparat rəhbəri

AA2

inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:

dövlət orqanlarında aparat rəhbəri;

dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;

fondların icraçı direktoru və direktoru

AA3

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

dövlət orqanlarında aparat rəhbəri;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi,Tarif Şurasının katibi

AA4

inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:

mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri;

fondların icraçı direktorunun və direktorunun müavini;

dövlət orqanlarında aparat rəhbərinin müavini

AB

AB1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

regional bölmənin rəhbəri

AB2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:

şöbə müdirinin müavini;

dövlət orqanı rəhbərinin müşaviri, köməkçisi;

regional bölmənin rəhbərinin müavini;

yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini

AB3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

sektor müdiri;

şöbə müdiri

AB4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

şöbə müdirinin müavini

AC

AC1

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:

yerli bölmənin rəhbəri;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri

AC2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

şöbə müdiri;

sektor müdiri;

yerli bölmənin rəhbəri

AC3

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:

yerli bölmələrin rəhbərlərinin müavini;

şöbə müdirinin müavini;

mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri

AC4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:

sektor müdiri;

yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;

dövlət orqanı rəhbərinin köməkçisi

B

BA

BA1

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA2

inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi

BA3

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BA4

inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

BB

BB1

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB2

inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

BB3

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi

BB4

inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi

C

CA

CA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

CA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)

D

DA

DA1

yardımçı vəzifələrin 1-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA2

yardımçı vəzifələrin 2-ci təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA3

yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

DA4

yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)

 

Test imtahanının məzmunu, yəni imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların növü (qapalı tipli test tapşırıqları, açıq və esse tipli tapşırıqlar), sahələr və çətinlik dərəcəsi üzrə konkret bölgüsü, yardımçı vəzifələr üzrə tapşırıqların fərqli xüsusiyyətləri, həmçinin vəzifə qrupları üzrə toplanması mümkün olan maksimal bal vəzifələrin qrupundan asılı olaraq mərkəz tərəfindən müəyyən edilir.

Test tapşırıqlarının hazırlanması və ekspertizasının keçirilməsi mərkəz tərəfindən təşkil edilir.

Qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları, açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları, sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar var.

Test tapşırıqlarının hazırlanması üçün vəzifə qrupları üzrə proqramlar mərkəz tərəfindən təsdiq edilir. Proqramda test imtahanında yoxlanılacaq biliklər üzrə mövzular, bacarıqlar və təqdim edilməsi mümkün olduğu halda ədəbiyyat siyahısı göstərilir. Test imtahanı proqramları Mərkəzin internet portalında yerləşdirilir.

Hazırlanan qapalı tipli hər bir test tapşırığı şərtdən və cavab variantlarından ibarət olmalı, test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalı, test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalı, test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalı, test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

Açıq və esse tipli test tapşırıqları Mərkəz tərəfindən müəyyən edilən tələblərə uyğun olaraq hazırlanır. Test tapşırıqları müqavilə əsasında cəlb edilən fiziki və (və ya) hüquqi şəxslər tərəfindən hazırlanır və ekspertizadan keçirilir.

Ekspertizadan keçirilmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. Test bankındakı müvafiq sahələr üzrə test tapşırıqlarının ümumi sayının 35 faizi sadə, 35 faizi orta, 30 faizi isə mürəkkəb olmalıdır.

Təsdiq edilmiş və test bankına daxil olunmuş test tapşırıqları imtahanda istifadə edilir.

Qanunvericilikdə edilmiş dəyişikliklər, elmi-texniki tərəqqi və s. nəzərə alınmaqla, test bankında toplanılmış test tapşırıqları mütəmadi ekspertizadan keçirilir.

Test tapşırıqlarının hazırlanması, ekspertizası, saxlanılması və istifadəsi zamanı onların konfidensiallığı Mərkəz və bu prosesə cəlb edilmiş digər şəxslər tərəfindən təmin edilir.

Mərkəz inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq, ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edir.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar portal vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilməsi məqsədi ilə Mərkəz tərəfindən imtahan heyəti və imtahan prosesində iştirak edən digər şəxslər müəyyən edilir.

İmtahan qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. Namizəd test imtahanında iştirak edərkən, yaddaş kitabçasında əks olunan tələblərə və namizədlər barədə müəyyən edilmiş qadağalara əməl etməlidir. Namizədin bu tələblərə və qadağalara əməl etməməsi halları Mərkəz tərəfindən aşkar edildikdə, onun imtahan nəticələrinin ləğv olunması barədə qərar qəbul edilir. Bu qərardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;

2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;

3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

Namizəd ona ayrılmış vaxtdan istifadə etməkdə sərbəstdir.

Texniki səbəblərdən imtahanın aparılması mümkün olmadıqda, Mərkəzin qərarı əsasında imtahan davam etdirilə və ya yenidən aparıla bilər.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Namizədin müraciəti əsasında Mərkəz tərəfindən ona imtahanın nəticəsinə dair arayış verilir.

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;

3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 – 30 balla, cavablandırılmaması 0 balla.