“Ucqar kənd müəllimi”- “Çalıquşu”dakı Fəridə kimiyəm, o romanı yaşadıram” | Təhsil Elanları
“Ucqar kənd müəllimi”- “Çalıquşu”dakı Fəridə kimiyəm, o romanı yaşadıram”
Bölmə:Xəbərlər 2836 dəfə oxunub
12.03.2017

“Evə gec dönəndə gördük ki, bütün kənd axtarışımıza çıxıb”

 

Bu gün bəzi gənclər peşə borclarını ən ucqar kəndlərdə də yorulmadan yerinə yetirirlər. Onlar necə deyərlər, gözdən-könüldən uzaqda olsalar da, ehtiyac duyulan yerlərdədirlər. 

Modern.az saytı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.

Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.

 

Bu dəfəki müsahibimiz Şəmkir rayonu Nərimanlı kənd məktəbinin kimya müəlliməsi Gülnar Əhmədovadır:

-Mən Əhmədova Gülnar Arif qızı 7 avqust 1996-cı ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində anadan olmuşam. Kiçik yaşlarımda ailəmiz Azərbaycana qayıdıb və 2001-ci ildə burada birinci sinfə getmişəm. 2012-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya müəllimliyi ixtisasına qəbul olunmuşam. 2016-cı ildə təhsilimi başa vurmuşam. Əslində, iki ixtisas sahibi olmaq istəyirdim-müəllim və həkim.

Amma Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanını oxuyub, əsasında çəkilən filmə baxdıqdan sonra müəllimlik sənətini daha çox sevdim. Oradakı baş qəhrəman-Fəridə kimi olmaq istədim. O, bütün çətinliklərə baxmayaraq, ucqar yerlərə, kəndlərə gedir, təhsildən uzaq uşaqları maarifləndirirdi. Əsəri oxudum, təsirləndim, özüm də Fəridə kimi olmaq istədim.

Həmçinin, anam da müəllimə idi. Bu, müəllimlik sənətinə olan məhəbbətimi daha da artırdı. Beləcə, müəllimlər üçün təşkil olunan imtahanlarda iştirak edərək yüksək bal- 45- topladım. Müəllim kimi isə Şəmkir rayonunun Nərimanlı kəndində təyinat aldım...

Gənc müəllimə ucqar kənddə çalışmaqla yanaşı, sanki çox sevdiyi “Çalıquşu” romanının içinə düşərək, qəhrəmanın həyatını orada davam etdirir. Kənd özünün dağları, bulaqları, saf insanları ilə birlikdə onu həmin romanın içindən çıxmağa qoymur. Odur ki, Gülnar xanım üçün müəlliməlik bir növ, həm də öz “roman”ını yazmaqdır:

 

-Kəndə ilk dəfə gələndə, saf mənzərəsini görəndə, buraların gözəl havası, təbiəti ilə məni heyran etdi. Ucqar kənd olsa da, bu cür gözəl təbiəti onu çox qiymətli, dəyərli edirdi.

İlk dərs günümü indi də həyəcanla xatırlayıram. O zaman da həyəcanlı idim. Uşaqlarla ilk tanışlığım, onların ilk dəfə “müəllimə” demələri mənə qəribə gəlirdi. Uşaqların mənə qəribə şəkildə baxmaları, suallar vermələri- bunlar hamısı qəribəliyin özü idi...

Amma tez öyrəşdim onlara. Uşaqlar elə mehriban idilər ki, tez bir zamanda onlarla münasibətimiz istiləşdi.

İlk gün uşaqlarla gizlənqaç və “Bənövşə” oynadıq. O qədər oynadıq ki, axırda yorğunluqdan dura bilmirdim.  Zorla əllərindən çıxıb evə qaçdım (gülür).

Yaman tez dostlaşdım onlarla... Dağın başına birlikdə gedib qazları geri qaytarırdıq. Bu zaman uşaqlar kollardan moruq dərib bizə verirdilər, əllərimiz qapqara olmuşdu.

Tez-tez birlikdə bulağa gedib, oradan su gətiririk. Bir dəfə qarlı havada bulaqdan su götürüb geri qayıdırdıq-təbii ki, uşaqlarla birgə- ayağım büdrəyib yerə yıxıldım...

Bunların hamısı gözəl xatirələrdi. Nə yaxşı ki, bunlar indi də davam edir. Sanki oxuduğum və sevdiyim “Çalıquşu” əsərinin içinə düşmüşəm, oradakı qəhrəmanın həyatını özüm davam etdirərəm...

 

Gənc müsahibimiz kimya müəlliməsidir. Təbii ki, ucqar kənddə kimya şagirdlərə xüsusi ilə çətin gələn, gec mənimsənilən bir fəndir. Amma Gülnar müəllimə qısa zamanda şagirdlərə kimyanı çox sevdirdiyini və başqa ixtisas qruplarına hazırlaşan şagirdlərin fikirlərindən dönərək, kimyanın olduğu I və IV ixtisas qruplarını seçdiyini deyir: 

 

-Kimya başqa fənlərdən çox seçilir. Elə oranın şagirdləri də bəzi anlarda bu fənnə öz maraqlarını gizləyə bilmirlər. Bir dəfə dərsdə reaksiya aparırdıq. Uşaqların marağını cəlb etdi, irəli gəlib, yaxından baxmağa başladılar. Reaksiya zamanı hidrogenin ayılması səbəbindən uşaqların  hamısını öskürək tutdu. Azacıq əndişələndilər, elə bildilər ki, maddədən nəsə olub. Ancaq bu, hidrogenin təsirindən idi.

Çalışdığım məktəbdə texniki fənləri yaxşı oxuyan, mənimsəyən uşaqlar azdı. Sentyabrda ilk dəfə məktəbə gələrkən, şagirdlərdən heç biri kimya ilə maraqlanmırdı, düzünü desəm, bu fənni oxumurdular. Bir-iki dərs beləcə keçdi. Amma sonrada dərslər ötdükcə, hamısı kimyaya maraq göstərməyə, dərslərə müntəzəm cavab verməyə başladılar. Bu məni çox sevindirdi. Təsəvvür edin, əvvəllər II və III ixtisas qrupuna hazırlaşmaq istəyənlər, sonradan kimya fənninin olduğu  I-IV qruplara maraq göstərdilər. Hətta bəziləri hazırda kimya müəllimi olmaq istəyir. Uşaqlar bu dərəcədə həvəsləniblər və belə düşünürəm ki, kimyanı onlara az da olsa mən sevdirdim.

Beş şagirdim var ki, onlarla dərsdən sonra da kimya öyrənirik. Deyirlər, müəllimə, elə fikirləşirdik ki, biz kimyanı heç vaxt öyrənə bilmərik. Amma indi öyrənirik. Hətta, hərdən “ay müəllimə, kimya necə asan fəndi”, deyirlər. Mən də gülürəm...

 

Kimya, eləcə də başqa dəqiq fənlər  üçün xüsusi şəraitli, laboratoriya tipli otaq da gərəkir. Görəsən, ucqar dağ kəndi olan Nərimanlıda bunları tapmaq nə dərəcədə çətindir?:

 

-Burada laboratoriya otağı olmasa da, əvvəldən qalan bəzi maddə və sınaq şüşələrini sinifdəki şkafa qoymuşuq. Buranı bir növ, kimya kabinetinə oxşatmışıq. Mövzumuza uyğun olduqda  lazımi reaksiyaları aparıram. Şagirdlər bu zaman dərsə daha çox maraq göstərirlər. Hər şeyi əyani şəkildə, gözləri ilə görürlər.

Kimya çox çətin fəndir, elmdir. Onu hər şagird mənimsəyə bilmir. İnanırsıniz, elə vaxt olub ki, bir düsturu uşağa 10 dəfə deyib, başa salmışam.

 

Yuxarıda da dediyimiz kimi, gənc müəllimə kənddə keçirdiyi hər gün öz “roman”ının bir səhifəsini yazır. O səhifələrdə hər gün soyuq havada bulağa su dalınca gedən, şaxtalı məktəb yollarını yoran, lakin uşaqları gördükdə bütün bu əziyyətləri unudan gənc qızı görə bilərsiniz:

 

-Kənddə günlərimiz maraqlı keçir. Hər səhər müəllim yoldaşlarla məktəbə yollanırıq. Qarlı havada səhər tezdən məktəbə getmək çox çətindir, əziyyətlidir. Amma məktəbə çatıb, uşaqları görən kimi bütün əziyyətlər yaddan çıxır. Məktəbin özündən də, uşaqlardan da güc alırıq. Bəlkə də bizə  kəndi sevdirən əsas səbəb elə budur. Dərs bitdikdən sonra evə qayıdırıq, daha sonra şagirdərim gəlir və onların dərsləri ilə məşğul oluram. Uşaqlarla ən çox bulağa - su gətirməyə gedirik.  Evdə yemək bişirməyi isə heç sevmirəm. (gülür). Müəllimə yoldaşımla qalırıq, yeməyi o bişirir. Mən isə təmizlik işlərini görürəm. Günlərimiz beləcə keçir.

Evdən uzaq, yad yerdə olduğum üçün çətinliklər də yox deyil. Kənddə ən çox anam üçün darıxıram. Həm də buranın mühitinə öyrəşmək də asan olmayıb. Tamam başqa fikirli insanların ətrafında olması xeyli çətinlik yaradır. Kənd camaatının diqqətlə sənə baxması, onların nəzərlərini üzərində hiss etmək çox qəribə idi...

 

Gənc xanım kənd camaatının mehriban və qayğıkeşliyini də önə çəkir. Məsələn, danışdığı bu kiçik əhvalatda kəndlilərin şəhərli müəllimlər üçün necə narahatlıq keçirmələri aydın olur:

 

-Bir dəfə müəllim yoldaşımla birgə başqa müəllim tanışımızın evinə qonaq getmişdik. Yol, evlərimizin arasındakı məsafə çox idi. Başımız  söhbətə necə qarışmışdısa, bir də gördük, artıq axşamdır. Kənddə artıq bizim axtarışımıza çıxmışdılar. “Artıq axşamdır, harada qaldı” deyib bizi gəzirdilər. Uşaqlarda arxamızca gəlmişdi. (gülür)

Amma elə də gec deyildi, saat hələ yeddi idi. Buna baxmayaraq, kənd camaatı, şagirdlər bizim üçün çox narahat olmuşdu.

 

“Çalıquşu”ndakı kənd

 

Bu yarımbaşlıqdan sonra biz heç nə demirik. Gəlin, müəllimənin özünü dinləyək, o zaman hər şey aydınlaşar:

 

-Nərimanlı elə “Çalıquşu” romanındakı kənd kimidir. O əsərdəki Fəridə uşaqlara həm müəllimə, həm ana, həm bacı olub. Mən də eynilə o cür olmağa çalışıram. Şagirdlərə həm bir müəllim kimi hörmət etməli, həm də onların yaxını olmağa çalışmışam. Onlarla çox mehribanıq, özümü şagirdlərə sevdirməyi bacarmışam. Hər dəfə  görəndə üstümə qaçırlar, mən də onları əzizləyirəm.

Həm də  onlarla aramızdakı yaş fərqimiz də azdı. Bu da münasibətimizin daha yaxşı olmasına səbəb olur. Bəzən, testləri, kitabları olmayanda mən alıb hədiyyə edirəm, yaxud, özümdə varsa, uşaqlara verirəm.

 

Gülnar Əhmədova  şəhər məktəbləri ilə çalışdığı kəndin məktəbi, şagirdləri arasındakı fərqi bir kəlmə ilə izah edir- səmimiyyət.

 

Bəli, səmimiyyətin az da olsa qaldığı kənd məktəblərində bu gün təhsil almaq, oxumaq üçün şərait daha çoxdur. Çünki onların zamanını, kitaba həvəsini və aralarındakı səmimiyyəti yeyən mobil telefon, internet o kənddə Bakıdakı kimi deyil.

Elmi –texniki tərəqqi təbii ki, vacib amildi. Amma o mənfi istiqamətdə tətbiq olunanda öz fəsadlarını ləngitmir. Bu səbəbdən də Nərimanlı kənd məktəbini təhsil üçün ideal məkan hesab edir:

 

-Əslində, ucqar kəndlərdə oxumaq, təhsil almaq üçün şərait çox yaxşıdır. Çünki burada internet yox, mobil telefon yox. Uşaqların da bütün fikri, diqqəti dərsdə olur. Telefon, texnologiya yoxdu deyə, biri-biriləriylə daha mehribandılar. Mən Bakı məktəblərində praktikada olmuşam. Oradakı uşaqlarla kənddəkilər arasında xeyli fərq var. Orada hərəsinin əlində telefon, hamı öz iç dünyasına qapanıb, aralarında səmimiyyət də yoxdur. Burada isə uşaqlar çox mehribandılar.

 

Mən yeni tədris üsulundan yararlanaraq dərslər keçirəm. Sinifdəki şagirdləri qruplaşdırır, dərsə ən yaxşı cavab verənlərə hədiyyələr- dəftər, karandaş,qələm və s-verirəm. Bu da onları həvəsləndirir, növbəti dərsi daha yaxşı oxumalarına gətirib çıxarır. Sinifdə şagirdlərin də sayı çox deyil deyə, bu, dərsin effektli alınmasına şərait yaradır.

 

Bu kəndə, kəndin məktəbinə ilk dəfə çox böyük həvəslə gəldim. Əvvəlcə, kimyanı heç bir uşağın oxumaması məni həvəsdən saldı. Sonradan şagirdlər oxumağa başladıqca, həvəsləndikcə mən də həvəsləndim. Amma bunun üçün çox səy göstərdim. Onlara universitet həyatımdan danışdım, tələbəliyin ən gözəl illərini təsvir etdim, oxumağın faydalarını dedim ki, həvəslənsinlər. Bu, işə yaradı. Günü-gündən də oxuma, dərsi mənimsəmə göstəriciləri artır.

 

İndi də dərsi dəfələrlə izah edirəm, mövzunu anladıram. Amma növbəti dərs bəzilərinin bu dərsi mənimsəmədiyini görəndə pis oluram.

 

E.Nazimoğlu