Təhsil almaq üçün düzgün universitet seçimi önəmli faktordur | Təhsil Elanları
Təhsil almaq üçün düzgün universitet seçimi önəmli faktordur
Bölmə:Xaricdə Təhsil 825 dəfə oxunub
05.02.2017

Növbəti müsahibəmiz Türkiyədə təhsil alan tələbəmiz Fərzanə Abasova haqqındadır.

Özünüz haqda qısa məlumat verin.

Mən Abasova Fərzanə 21 yaşım var.  Bakalavr dərəcəsini Azərbaycan Turizm və Menecement Universitetinin “Turizm və Qonaqpərvərlik fakültəsinin” Tərcümə ixtisası üzrə bitirmişəm. Hal-hazırda İzmir Ekonomi Universitetində “İctimaiyyətlə əlaqələr və reklamçılıq” fakültəsinin  “Marketinq kommunikasiyası və İctimai Əlaqələr” ixtisasında magistr təhsili alıram.

Təhsilinizi xaricdə davam etdirməyinizin səbəbləri…

Təhsilimi xaricdə davam etdirməyimin əsas səbəbi təhsil almaq istədiyim sahənin Türkiyədə yetərli qədər inkişaf etməsidir. Və bunu nəzərə alaraq, bu addımın gələcək həyatımda karyeram üzrə həm akademik, həm də praktiki olaraq böyük əhəmiyyəti olacaqını düşündüm.

Təhsil aldığınız universitetin və fakültənin hansı üstünlükləri var?

Mənim üçün ilk üstünlük Izmir Ekonomi Universitetinin Türkiyənin ən yaxşı 20 universiteti siyahısına daxil olması oldu. Seçimimdə ən böyük səbəblərdən biri bu idi. Hal-hazırda İngiltərədə, Amerikada və başqa ölkələrdə təhsil almış professorlardan təhsil alıram, istədiyim zaman onlarla həm online, həm də universitetdə görüşüb dərslə bağlı çətinliklərimi paylaşa bilirəm. Universitet İzmirin ən yaxşı səmtlərin birində yerləşdiyi üçün yaşam çətinliyi yoxdur. Universitetdə həmçinin tələbələrin qarşılaşa biləcəyi çətinliklər nəzərə alınaraq tədbirlər görülür. Tez-tez turlar, görüşlər və tədbirlər təşkil edilir.

Image result for İzmir ekonomi universitesi

Bu ölkəni ideal təhsilin  ünvanlarından biri kimi dəyərləndirmək olar? 

Bəli olar. Türkiyə bir çox sahələr, həmçinin mənim seçdiyim sahə üzrə də yetəri qədər ideal təhsil sisteminə malik olan ölkədir. Amma təbii ki, hər ölkədə olduğu kimi burada da təhsil almaq üçün düzgün universitet seçimi önəmli faktordur.

Dərslərin keçirilmə metodu hansı üsullar ilə aparılır?

Universitetin Oasis və Blackboard sistemləri vasitəsilə bütün dərslərlə bağlı (ev tapşırıqları, layihələr, qiymətlər, müəllimlərlə istənilən zaman əlaqə qura bilmək, müxtəlif sənədlərin online tələbi, kitabxana ilə əlaqə və s.) məlumat alırıq və istifadə edirik. Bundan əlavə, “panopto” sistemi vasitəsi ilə dəsrlər videoya alınır və istədiyimiz zaman onları izləyə bilirik. Universitetin online kitabxanası vasitəsilə universitetdənkənar istənilən kitabı əldə edə və həmçinin universitetin internet sistemi ilə sadəcə akademik fəaliyyətlə məşğul olan insanların istifadə edə bildiyi akademik saytlardan istifadə edə bilirik. Dərslər adətən 3 saat davam edir. Seçdiyimiz fənləri seçdiyimiz akademiklərdən alırıq. Tədris ingilis dilində aparılır.

Image may contain: one or more people and screen

Təhsil aldığınız ölkəyə uyğunlaşmaq olmaq sizin üçün çətin oldu?

Xeyir çətin olmadı. Daha öncə İstanbulda istehsalat təcrübəsi keçdiyim üçün Türkiyənin mədəniyyətinə və yaşayış mühitinə bələd idim.

Təhsil almaq və orda qalmaq üçün xərclərini necə ödəyirsiniz?

 Təhsil və digər xərclərimi ailəmin maddi dəstəyi ilə ödəyirəm.

Asudə vaxtlarınızı necə keçirirsiniz?

Asudə vaxtlarımı sevdiyim işlərlə məşğul olmağa ayırıram. Bəzən isə tələbə yoldaşlarımla görüşüb universitetin ətrafındakı məkanlarda zaman keçiririk. Həmçinin beynəlxalq tələbələr üçün təşkil olunan tədbirlərə qoşuluram.

Ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?

Azərbaycan ilə Türkiyə arasında yaxın əlaqələrin olduğu hamıya bəllidir. Lakin universitetdə beynəlxalq tələblər çoxluq təşkil etdiyini nəzərə alaraq, onlara ölkəmiz haqqında danışıb, məlumat verib, milli mətbəximizlə tanış etmişəm. Daha öncə də İstanbul Texniki Universitetinin təşkil etdiyi beynəlxalq tədbirdə Boğaziçi Universitetində ölkə bayrağımız ilə ölkəmizi təmsil etmişəm. Həmçinin onları milli rəqs mədəniyyətimiz, mətbəximiz, xalçaçılıq mədəniyyətimiz ilə məlumatlandırmışam. Düşünürəm ki, hamımızın vətəndaşlıq borcu olan Dağlıq Qarabağ mövzusu barədə nəinki Türkiyə, getdiyim digər ölkələrdə məlumat verərək, insanların ağlındakı bu barədə olan yalnış düşüncələri və sual işarələrini qaldırmağa çalışıram.

Xaricdə təhsil almaq arzusunda olan gənclərə hansı tövsiyələri çatdırmaq istərdiniz?

Bu çətin bir yoldur. Xaricdə təhsil almaq istəyən gənclərə məsləhətim budur ki, bu yolda qarşılarına çıxan əngəllərə əhəmiyyət vermədən qarşılarına qoyduqları məqsədə doğru irəliləməkdən heç vaxt imtina etməsinlər. Ən önəmlisi də təhsil almaq istədikləri dili inkişaf etdirib, təhsil almaq istədikləri universiteti yaxşı araşdırsınlar və getdikləri ölkənin mühitinə uyğunlaşa biləcəklərinə əmin olaraq seçim etsinlər.

Mənbə: xaricdetehsil.news