«Qafqaz»ın tələbələri prezidentə müraciət etdi
Bölmə:Xəbərlər 1675 dəfə oxunub
Bölmə:Xəbərlər 1675 dəfə oxunub
27.01.2017
Tələbələr Qafqaz Universitetinin şəhərciyində yeni ali məktəb yaradılmasını xahiş edirlər
Bu ilin yanvarın 16-da bağlanan Qafqaz Universitetinin tələbləri dövlət başçısı İlham Əliyevə və təhsil naziri Mikayil Cabbarova petisiya ilə müraciət ediblər. Hazırda petisiyaya 5304 nəfər qoşulub.
Petisiyada yazılıb: “Heydər Əliyev demişdi: “Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz”. Amma təəssüf ki, Heydər Əliyevin xeyir-duasi ilə yaradılan Qafqaz Universiteti bu günlərdə inqilabi bir qərar ilə bağlanılır.
Əsas məqsədi dövlətini və millətini sevən, elmi və texnoloji biliklərə yiyələnmiş demokratik ruhlu mütəxəssislər yetişdirmək olan Qafqaz Universitetinin bağlanması Azərbaycan təhsil sistemi üçün nə dərəcədə ciddi zərbə olacağı heç kimdə şübhə doğurmur.
Azərbaycan dövlətinin diqqət və qayğısını daima hiss edən Qafqaz ailəsi ümid edir ki, dövlətimiz biz tələbələrin və bizim müəllimlərimizin yanında olacaq.
Biz Qafqaz Universitetinin vətənini və millətini sevən, amalları gələcəkdə xalqa xidmət etmək olan tələbələri olaraq, şəxsən özümüzün və ölkəmizin təhsilinə xələl gəlməsini istəmirik”.
Petisiyda tələb odur ki, Qafqaz Universitetinin şəhərciyində yeni ali təhsil müəssisəsi yaradılsın: “Qafqaz Universitetinin tələbə və professor-müəllim heyəti həmin müəssisədə öz fəaliyyətini davam etdirsin”.