Sinif rəhbəri vəzifəsi ləğv olunur - Müəllimlərə bəd xəbər | Təhsil Elanları
Sinif rəhbəri vəzifəsi ləğv olunur - Müəllimlərə bəd xəbər
Bölmə:Xəbərlər 5619 dəfə oxunub
06.01.2017

Təhsil Nazirliyinin tapşırığı və göstərişi ilə yeni ildə orta ümumtəhsil məktəblərində ciddi ixtisarların olunması nəzərdə tutulub. Konkret olaraq dərs yükünün (saat) azaldılması, hətta, ibtidai siniflərdə sinif rəhbəri vəzifəsinin ləğvi gözlənilir.

Bu isə onsuz da cüzi əməkhaqqı alan müəllimlərin sosial durumlarının daha da ağırlaşmasına səbəb olacaq.Məlumatlı mənbə onu da bildirib ki, eyni zamanda, bəzi fənlərin ləğv olunması və yaxud, birləşdirilməsi planlaşdırılır.

Məsələn, parlamentin 2016-cı ildəki son iclasında Milli Məclisin (MM)  İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov orta məktəblərdə “Qarabağ Tarix”i dərsliyinin əlavə fənn kimi  tədris olunmasının əleyhinə çıxmışdı. Bundan “nəticə çıxaran” aidiyyati qurum isə artıq “Qarabağ Tarix”i dərsliyini “Azərbaycan Tarix”inə birləşdirir.

Təhsil eksperti Kamran Əsədov Faktor.az-a bildirib ki, bu, təhsilin təmərküzləşməsi istiqamətində həyata keçirilən islahatlardandır.

"Onsuz da orta məktəbdə sinif rəhbəri hansısa geniş fəaliyyətə malik deyil. Amma bu o demək deyil ki, ləğv olunacaq. Sadəcə olaraq, başqa ad və vəzifə altında məktəblinin dostları bu işləri davam etdirəcəklər. Sinif rəhbəri və bu kimi vəzifələr sovet dövründən qalan stereotiplərdir. Məktəbdə müəllim dərs deməlidir. O hansısa idarəçilik işlərində olmamalıdır. Məktəbdə idarəçiliyi cəlb olunmuş şəxslər yerinə yetirməlidir. Məsələn Ali təhsil müəssisələrində tyutorluq sistemi kimi. Bu kifayət qədər uğurlu olacaq. Çünki sinif rəhbərliyi o qədər də uğurlu deyil".