Dövlət qulluqçularının əlavə peşə təhsili almasına dair əsaslar dəyişib | Təhsil Elanları
Dövlət qulluqçularının əlavə peşə təhsili almasına dair əsaslar dəyişib
Bölmə:Dövlət qulluğu 1314 dəfə oxunub
21.12.2016

Nazirlər Kabineti “Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları”nda dəyişiklik edib.

Tehsil.im-in məlumatına görə, dövlət qulluqçularının əlavə peşə təhsilinin məqsədi dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin artırılması, onlar tərəfindən nəzəri və praktiki biliklərinin əldə edilməsi və artırılması, qulluq funksiyalarının icrası ilə əlaqədar qabiliyyət və peşəkar vərdişlərin inkişaf etdirilməsi, dövlət qulluqçularının ümumi intellektual səviyyəsinin artırılmasıdır.

Qaydaya əsasən dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma növləri üzrə əlavə peşə təhsili keçməsi üçün dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi, dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi, dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi və dövlət qulluqçusunun şəxsi təşəbbüsü əsas olub. Qərara əsasən bu şərtlərdən biri dəyişib, attestasiya ilə bağlı tələb ləğv edilib. Başqa sözlə, dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və ixtisasartırma növləri üzrə əlavə peşə təhsili keçməsi üçün dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsas olacaq.

 

Digər dəyişiklik Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin yaradılması ilə bağlıdır. Dövlət qulluqçularının yenidənhazırlanma və ixtisasartırma kursları keçməsi dövlət sifarişi əsasında həyata keçirilir. İndiyə qədər dövlət orqanları peşə təhsili keçmə üçün dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq, cari il üçün əlavə peşə təhsili keçəcək (növü və forması göstərilməklə) dövlət qulluqçularının sayı və peşə təhsili keçirilməsi zəruri olan ixtisas və vəzifələrə dair məlumatları hər ilin may ayının sonuna qədər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməli idilər. Komissiya həmin məlumatlar əsasında dövlət sifarişini hazırlayaraq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edib. Bundan sonra isə dövlət orqanları peşə təhsili keçmə üçün dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun olaraq, cari il üçün əlavə peşə təhsili keçəcək (növü və forması göstərilməklə) dövlət qulluqçularının sayı və peşə təhsili keçirilməsi zəruri olan ixtisas və vəzifələrə dair məlumatları hər ilin may ayının sonuna qədər Dövlət İmtahan Mərkəzinə təqdim edəcək. Dövlət İmtahan Mərkəzi də həmin məlumatlar əsasında dövlət sifarişini hazırlayaraq təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edəcək.