Bir neçə ali məktəb birləşdiriləcək | Təhsil Elanları
Bir neçə ali məktəb birləşdiriləcək
Bölmə:Xəbərlər 2781 dəfə oxunub
15.12.2016

Hökumət təhsildə də optimallaşdırmaya və ixtisarlara getməyə hazırlaşır 
Kamran Əsədov: «Əmək bazarındakı tələbatla müqayisədə universitetlərin buraxdığı kadrların sayı arasında ciddi fərq var»
 
Təhsil naziri Mikayıl Cabbarov Milli Məclisdə hesabat çıxışında təhsildə həyata keçriləcək islahatlardan danışıb. Onlardan biri yaxın zamanlarda ali təhsil müəssisələrilə bağlı optimallaşdırmanın həyata keçrilməsidir. Bu istiqamətdə dünya təcrübəsi necədir? Azərbaycanda bu proeses necə gerçəkləşdirilə bilər?  Optimallaşdırmanın mənfi və müsbət tərəfləri hansılardır? 
 
Təhsil üzrə ekspert Kamran Əsədov “Bizim Yol”a bildirib ki, hazırda Azərbaycanda filiallar da daxil olmaqla  53  dövlət və özəl ali təhsil müəssisələri fəaliyyət göstərir. Amma bu təhsil ocaqlarında bir-birini təkrar edən, eyni istiqamətli fakültələrin sayı həddindən artıq çoxdur.
 
“Bir müddət əvvəl Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması ilə bağlı qərar verib. Uzun müddət müstəqil fəaliyyət göstərən 14 kollec birləşdirilib, 3 kollec profil üzrə müvafiq ali təhsil müəssisələrinin tabeliyinə verilib.  Belə ki, Nazirlər Kabinetinin məlum qərarı ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub. Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kolleci birləşdirilərək Gəncə Dövlət Regional Kolleci, Şəki Pedaqoji Kolleci və Şəki Musiqi Kolleci birləşdirilərək Şəki Dövlət Regional Kolleci, Şamaxı Humanitar Kolleci və Şamaxı Dövlət Sənaye-İqtisad Kolleci birləşdirilərək Şamaxı Dövlət Regional Kolleci, Bakı Neft-Energetika Kolleci Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci,Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kolleci adlandırılıb. Bakı Sənaye-Pedaqoji Kolleci Azərbaycan Dövlət Pedaqoji Kollecinə qoşularaq, sonuncu Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb.
 
Məhz bu kolleclərin birləşdirilməsindən sonra Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsi məsələsini gündəmə gətirildi”.
 
Eskpertin sözlərinə görə,  indiyə qədər bir sıra ali təhsil müəssisələrinə rektorların təyin olunmaması bu məsələnin öz aktuallığını qoruduğunu göstərir: “Belə ki, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dillər Universitetinin, Turizm və Menecment Universitetinin rektorsuz qalması bu ali təhsil müəssisələrinin hansısa öz profilli universitetləri ilə birləşməsini qaçılmaz edir. Hesab edirəm ki, Azərbaycan Dillər Universiteti ilə Slavyan Universitetinin, Azərbaycan Texniki Universiteti ilə Memearlıq və İnşaat universitetinin birləşdirilməsi və ya bu hər iki universitetin bir ay öncə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Bakı Mühəndislik Universitetinin adı altında birləşdirilməsi, Turizm və Menecment Universitetinin Azərbaycan Dövlət İqtisad Universiteti ilə birləşdirilməsini yaxın zamanlarda görə biləcəyik. Çünki bu ali təhsil müəssisələri demək olar ki, eyni kadr hazırlığını həyata keçirirlər. Bu təcrübə bizim təhsil sitemində yaşanıb. Bir neçə il əvvəl Azərbaycan Müəllimlər İnstitutunun ləğv edilərək Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsi bunun bariz nümunəsidir”.
 
K.Əsədov hesab edir ki, sadaladığı bu faktorlar nəzərə alınmaqla,  Azərbaycanda bəzi ali təhsil müəssisələrinin də birləşdirilməsinə ehtiyac var: “Bu həm də büdcədən maliyələşmədə azalmalara səbəb olacaq. Çünki bu ali təhsil müəssisələri dövlət büdcəsinin vəsaiti hesabına maliyələşirlər. Hansı ali məktəbin kadr hazırlığı yüksək səviyyədədirsə, bunlar analiz olunmalı və onların maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində iş görülməlidir. Bəzi universitetlərdə təkrar ixtisaslar tədris olunur. Əlbətdə ki, əgər rəqabət mühiti yaradılarsa, ali təhsil müəssisələrinin birləşdirilməsinə ehtiyac qalmaz. Ümumilikdə universitetlərin hazırladığı kadrlar arasında təhsil səviyyəsi baxımından elə bir nəzərçarpan fərq olmur. 
 
Bilirsiz, bu gün əmək bazarındakı tələbatla müqayisədə universitetlərin, kolleclərin buraxdığı kadrların sayı arasında ciddi fərq var. Çünki tələb təklif məsələsi var. Sovet dönəmində 10-12 ali məktəb Azərbaycanın iqtisadiyyatını zavod fabrikin şəraitində tam təmin edirdi. Kadr artıqlığı da əmələ gəlirdi. Amma indi universitetlərin sayınını artırsaq, bunların işlə təminatı həyata keçirilməsə elə çıxır ki, savadlı fəhlə nəsli yetişdiririk. Bu mənada bu universitetlərin birləşdirilməsi, müəyən qisminin ləğv olunması zamanın tələbindən irəli gələn məsələdir. 
 
Düzdür, istər dünya təcrübəsinə istərsə də qonşu dövlətlərə nəzər salsaq, Azərbaycanda ali məktəblərin sayı nisbətən azlıq təşkil edir. Hətta qardaş Türkiyədə bir sıra universitetlərin təkcə birinin birinci kursa qəbul etdiyi tələbəlrin sayı bizim bir qəbul ilində ali məktəblərə qəbul olmuş tələbələrin sayından çoxdur ki, Türkiyədə ali məktəblərə qəbul olmuş tələbələrin böyük faizini xarici ölkələrin vətəndaşlaarı təşkil edir.
 
Amma təəsüflər olsun ki, uzun müddət ərzində fəaliyyət göstərən və uzun tarixə malik olan bir sıra istər dövlət, istərsədə özəl ali təhsil müəssisələrinin hazırladıqları kadrlar  dövrün tələblərinə cavab vermir. Lakin, son illərin təcrübəsinə görə yeni yaradılan universitetlər təhsilin səviyyəsinə görə köhnələri üstələyir”.
 
K.Əsədov təklif edir ki, eyni ixtisas hazırlığını həyata keçirən ali təhsil müəssisələri birləşdirilsin, ləğv olunan universitetlərin yerində dövlət büdcəsindən asılı olmayan özəl universitetlər yaradılsın: “Bundan başqa, hər bir universitetə xarici ölkələrdən tələbə qəbuluna üstünlük verilməsi tövsiyyə olunsun. Çünki bu məsələ bizim universitetlərdə çox aşağı səviyyədədir. Əgər Azərbaycan universitetlərinə xaricdən tələbə axını olarsa, bu həm ölkə iqtisadiyyatına, həm ali təhsil müəssisələrinin beynəlxalq reytinq siyahısına, həmdə təhsilin inkişafına müsbət təsir göstərəcək”.