Macarıstanda təhsil və təqaüd imkanları | Təhsil Elanları
Macarıstanda təhsil və təqaüd imkanları
Bölmə:Xaricdə Təhsil 2344 dəfə oxunub
11.12.2016

Tez-tez dostlar yazıb Macarıstanda təhsil və təqaüd imkanlarını soruşurlar.

Bu yazıda Macarıstan hökümətinin Azərbaycan da daxil 10-dan artıq qeyri-Avropa ölkəsinin vətəndaşlarına ayırdığı təqaüd proqramı barədə məlumatları bölüşəcəyəm. Əvvəlcədən qeyd edim ki, bu proqram bir neçə ildir ki, başlanılıb və buna görə də ildən-ilə təkmilləşdirilir və struktur və mərhələlərdə hər il kiçik dəyişikliklər olur. Azərbaycanda bu proqram 2015-2017-ci illər arasında fəaliyyət göstərməsi üçün müqavilə bağlanıb, bu müqaviləyə əsasən 2017-ci ildə son komanda gələcək Macarıstana. Amma bu müqavilə uzadıla da bilər.

İlk öncə qaranlıq qalmasın və hər dəfə sadəcə qısaltmalardan istifadə edim deyə qısa məlumatları verim:
*Tempus Public Foundation – bundan sonra TPF. Təqaüdü verən donordur, Macarıstan dövlət büdcəsindən maliyyələşir və təqaüdçülərin seçilmə prosesini nəzarətdə saxlamaq, onları təqaüdlə bağlı məlumatlandırmaq, bütün tərəflərin maraqlarını təmin etməklə məsuliyyət daşıyır.
*Azərbaycan Respublikası Təhsil Nazirliyi – bundan sonra TN. TN ilə TPF arasında bağlanmış müqaviləyə görə namizədliyini vermiş namizədlərin ilkin seçim mərhələsini məhz TN aparır, TN onların bu təqaüdə layiq olub olmadıqlarını, motivation letter-də və CV-də göstərilənlərin real olub olmadıqlarına məsuliyyət daşıyır. Həmçinin təqaüdçülərin xarakterləri, özlərini apara bilmə bacarıqları kimi etik hissələrə görə də namizədlərin seçilməsi TN-ə tapşırılıb. TN bunları namizədlərin CV-ləri və onlarla keçirdikləri görüş (intervyu) əsasında qərar verib indiyə kimi. Həmçinin TN namizədlərin seçilməsi halında da sending organisation olaraq hər zaman məsuliyyətli tərəf olaraq qalmaqda davam edir.

İndi isə sonuncu il keçirilən qəbul prosesini bircə-bircə izah edəcəyəm. Zəhmət olmasa, unutmayın ki, bu proseslər dəyişilə biləndir hər il. Bu təqaüd prosesi səhv etmirəmsə, 17 mərhələdən ibarətdir, lakin mən bu təqaüdü 6 əsas mərhələyə bölərdim:

1-ci mərhələ: Hər il təqaüd başladığı anda Təhsil Nazirliyinin saytında elan veriləcək, minimum 10 gün, maksimum 1 aya yaxın müraciət aralığı olacaq. O arada müraciət etmək lazımdır. Müraciət üçün aşağıdakı sənədləriniz hazır olmalıdır:
– Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı);
– Təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış);
– Namizədin seçilmiş proqrama uyğun dil biliyi səviyyəsi Sertifikatı (müraciət etdiyi ali təhsil müəssisəsinin şərtlərinə cavab verən);
– Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş): orta təhsili bitirmə haqqında sənəd, bakalavr diplomu;
– QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış (ingilis və ya macar dilində təqdim olunmuş və ya notarial qaydada tərcümə təsdiq olunmuş);
– Ümumvətəndaş pasportunun şəxs haqqında məlumatlar olan səhifəsinin surəti;
– Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
– Sadəcə doktorontura pilləsinə qəbul olanlardan müəyyən şərtləri ödəyən proposal.

TN-in rəsmi olaraq qəbulu açıq elan etdiyi andan etibarən TPF-in saytında girib bütün bu sənədlərin eloktron variantları ilə birgə müracit etmək olar, bircə 7-ci sənəd TPF-ə lazım deyil, o TN-in şərtidir, onu TN-in rəsmi e-mail adresinə deadline-a qədər göndərmək lazımdır. Bu sənədlərdən dil haqqında sertifikatı və əgər hələ bakalvrı bitirmədən magistra verəcəyiniz halda bakalavr diplomunu və ya məktəbi bitirmədən bakalavra sənəd verirsinizsə, atestatı sentyabra qədər göndərmək şansınız var. Bakalavr və magistaturanı Azərbaycandan kənarda oxumuş olan namizədlərin diplomları mütləq şəkildə nostrifikasiyası olunmalıdır. Yoxsa TN’dən ilkin mərhələdə rədd cavabı ala bilərsiniz. TN öz işini sürətli görür, minimum 3 gün, maksimum 1 ay içərisində, TN sizə ilkin mərhələdən keçib-keçmədiyinizlə bağlı məlumat verəcəkdir. Kiçik qeyd olaraq da bildirim ki, hansı universitetlərə və həmin universitetlərin hansı fakultəsinə müraciət etmək istədiyinizi də məhz elə birinci mərhələdə seçirsiniz. Elə ona görə də indidən universitetləri və fakultənizi təyin etmək üçün tələsməyinizi məsləhət görərdim. Unutmayın ki, minimum 1, maksimum 3 universitet və hərəsindən yalnız 1 fakultə seçə bilərsiniz.

2-ci mərhələ: TN-dən müsbət cavab aldığınız təqdirdə müsbət cavabla birgə TN nümayəndələri ilə görüşə (intervyuya) dəvət alacaqsınız. Bu o deməkdir ki, TN sizin sənədlərinizə əsasən uyğun olduğunuzu qəbul edir, sənədlərlə bağlı ən azından TN-in baxış acısından heç bir probleminiz yoxdur. İntervyuya gedərkən bütün sənədlərinizin orijinalını (xarici passport, şəxsiyyət vəsiqəsi, İELTS nəticəniz və s. də daxil olmaqla) aparmağı unutmayın. Və əgər intervyudan çıxarkən sizi seçmək istəmədiklərini, sizi intervyuda kəsməyə çalışdıqlarını və ya artıq kəsildiyinizi düşünüb ümidinizi itirəcəksiniz çox güman, çünki nə yazıq ki, hələ də intervyu götürən işçilərimiz intervyuda gülərüz üzlə oturub, xoş emosiyalarla söhbət eləmək, sual vermək, reaksiya vermək bacarıqlarına sahib ola bilməyiblər. O otaqdan çıxan hər kəs elə düşünür ki, vəziyyət pisdir. Ona görə də cavablar çıxana kimi ümidinizi üzməyin.

3-cü mərhələ: İntervyudan müsbət cavab gələcəyi təqdirdə TN rəsmi şəkildə sizin adınızı sending organisation kimi məsuliyyəti götürərək adınızı və sənədlərinizi TPF-ə göndərir və bu barədə TPF sizi məlumatlandıracaqdır. TPF də öz vəzifəsinə uyğun olaraq sənədlərinizin onların şərtlərinə nə qədər uyğun gəldiyinizi yoxlayacaq, uyğun gələcəyi təqdirdə sizin sənədlərinizi əvvəlcədən seçdiyiniz universitetlərə göndərəcək. Bu mərhələ daha çox formal xarakter daşıyır, indiyə kimi bu mərhələdən keçə bilməyən heç kimi görməmişəm.

4-cü mərhələ: Bu mərhələdə universitetlər sizin sənədlərnizi TPF-dən alır, araşdırırlar. Bu mərhələ bir az fərqlidir, belə ki, universitetə görə mərhələlər dəyişir. Bildiyim 3 universitetdən nümunə verəcəyəm:
– Szeged Universiteti: Sadəcə intervyu keçirir, intervyudan qabaq iki kitab oxumağı məsləhət görür, əgər o iki kitabı da tam oxusanız, intervyudan demək olar ki, rahat keçə bilərsiniz.
– Corvinus Universiteti: Hər fakultəsinin ayrı bir qəbul prosesi var, lakin ən çətin olacağı halda həm yazılı (mail vasitəsi ilə əvvəlcədən təyin olunmuş zamanda mövzu göndərilir, və müəyyən şərtlər daxilində və müəyyən zaman çərçivəsində o mövzuya uyğun inşa yazıb mövzu ilə bərabər izah olunacaq strukturda geri göndərilir), həm şifahi (skype intervyu) keçirən fakultələri var.
– Debrecen Universiteti: Əvvəlcə sənədlərə (IELTS, CV, motivation letter və s.) baxır, sənədlər əsasında qərar verə bilmədiyi təqdirdə intervyu keçirir.

Bu mərhələ hər bir universitet sizin haqqınızda qərar verənə qədər davam edir. Universitetlər TPF-ə qərarlarını hə/yox və rekomendasiya faizləri şəklində göndərirlər. Məsələn Filankəs Bəhmənkəsov – yes, 85%, Bəhmənkəs Filankəsov – no, 50% və s. Çox nadir hallarda yanında not kimi də səbəbini qeyd edirlər. Umumiyyətlə isə bu nəticələr sadəcə universitet ilə TPF arasındadır, ictimaiyyətə və namizədlərə bağlıdır. Amma bu il beynəlxalq tələbələrin də sayəsində TPF-in sistemində olan boşluqdan istifadə edərək öz nəticələrimizə baxmışdıq. Əgər bizim kimi belə bir boşluq tapıb nəticələrinizə baxa bilmirsinizsə, o zaman bu mərhələnin bitməsindən heç bir zaman xəbəriniz olmayacaq.

5-ci mərhələ: Bu mərhələdə artıq TPF nəticələri toplayır. TPF-in hər bir ölkə üzrə və həmin ölkədən gələn tələbələrin ixtisasları üzrə müəyyən limitləri var. Məsələn Azərbaycan üçün bu limitlər belədir:
– kənd təsərrüfatı, su idarəetməsi – 40;
– təbiət elmləri, davamlı inkişaf – 30,
– tibb elmləri (“health studies”) – 10;
– turizm – 40;
– mühəndislik, informasiya texnologiyaları, texnologiyalar – 30;
– iqtisadiyyat, biznes və idarəetmə elmləri – 40.

Bu rəqəmlərə magistr və bakalvr üzrə qəbul ola biləcək tələbələrin cəmi limiti daxildir. Azərbaycanlı phd tələbələri üçün ixtisasından asılı olmayaraq cəmi 10 nəfər təqaüd ala bilər.

Bu o deməkdir ki, kənd təsərrüfatı və su idarəetməsi üzrə Azərbaycandan 25 uşaq cəmi təqaüd ala bilər, amma heç zaman bu rəqəm 41 ola bilməz. Adətən limiti aşmadığı təqdirdə TPF bütün tələbələrə təbrik sənədlərini göndərir. Qəbulun müəyyən növləri var:
– Şərtsiz qəbul alanlar – Bu gənclər artıq viza işləmlərinə başlaya bilərlər.
– Şərtli qəbul alanlar – Bu gənclərin çatışmayan sənədləri var, o sənədləri sistemə əlavə eləməlidirlər.
– Gözləmə listində olanlar – Bu gənclər hələ qəbul almasalar da, tam kəsilmiş də sayılmazlar. Qəbul alanlardan onların ölkələri və ixtisasları üzrə olanlardan kimsə təqaüdü qəbul eləməsə, onun yerinə qəbul ala bilərlər.
– Bəxtsiz gənclər – Universitetlərdən qəbul ala bilməyən və ya TPF tərəfindən tam uyğun görülməyən gənclər növbəti il də proqram uyğun olacağı halda yenidən müraciət edə bilərlər.

6-cı mərhələ: Bu mərhələ şərtsiz qəbul alanlar həmin anda, şərtli qəbul alanlar lazımı sənədləri yüklədikdən sonra statuslarını “şərtsiz qəbul”-a dəyişdikdən sonra, gözləmə listində olanlar isə statusları uyğun olaraq dəyişdikdən sonra aktiv olacaqdır. Bu mərhələdə siz TPF-lə müqavilənizi yükləyib göndərirsiniz və TPF sizə bütün xərclərinizi qarşılayacağı ilə bağlı imzalı möhürlü sənəd göndərəcəkdir. Bundan sonra qəbul aldığınız universitet sizə qəbul sənədinizi göndərəcəkdir. Universitet bu sənədi xeyli ləngidə bilir bəzən. Bu iki sənəd sizin viza prosesinə başlamağınızda əsas sənədlərinizdir.

Bu da sizə Macarıstana qəbul prosesi barədə kiçik cib kitabçası. Ümid edirik ki, yardımımız dəyəcəkdir. Eyni zamanda bununla bağlı hər hansı sual üçün mənə facebook adresimdən – Azər İsmayilov və email – azer.yts@gmail.com üzərindən yazaraq da məlumat ala bilərsiniz.

 Uğurlar.

P.S. Ən önəmlisi isə, sizə “mənim icazəm olmadan heç kim bu təqaüdü ala bilməz”, “bu təqaüdə biz baxırıq” deyən bu təqaüd üçün sizdən pul istəyən insanlardan uzaq qaçın. Şirkətlər sizin yerinizə müəyyən prosesləri keçə, öz təcrübələrindən istifadə edərək sizin motivation və digər məsələlərinizi daha rahat həll edə bilərlər, amma bu sizin onlarsız qəbul ala bilməyəcəyiniz mənasına gəlmir.