Ən yaxşı işçiləri itirməyə səbəb olan – 9 RƏHBƏR SƏHVİ | Təhsil Elanları
Ən yaxşı işçiləri itirməyə səbəb olan – 9 RƏHBƏR SƏHVİ
Bölmə:Xəbərlər 2559 dəfə oxunub
02.12.2016

Qəribədir ki, əksər rəhbərlər bir çox hallarda ən yaxşı işçilərinin işdən ayrıldığından gileylənirlər. Əgər məsələ doğurdan belədirsə demək, həyəcan təbili vurmaq zamanı gəlib, çünki yaxşı işçilərini itirmək istənilər şirkət üçün fəlakətdir.

Bu problemi istənilən bir amillə bağlamaq olar, ancaq fakt dəyişməz qalır: insanlar iş yerindən razı olduqları zaman çıxmırlar. İnsanlar rəhbər (rəhbərliklə) dil tapmayanda işdən ayrılırlar.

Yerigəlmişkən bu problemi çox asan yolla həll etmək mümkündür. Bunun üçün sadəcə məsələyə yeni baxış bucağından yanaşaq və bir az səy göstərmək yetərdir.

Öncə rəhbərliyin hansı hərəkət və davranışının yaxşı işçini qıcıqlandırdığını müəyyən etmək lazımdır. Fins.az xarici mətbuata istinadən rəhbərliyin yaxşı işçilərə qarşı yol verdiyi 9 səhvləri oxucularının diqqətinə çatdırır.

1. Həddən artıq yükləmə

Həddən artıq iş yükləməsi emosional partlayışın əsas səbəbidir. Əgər siz ən yaxşı mütəxəssislərlə işləyirsinizsə, onlardan maksimum faydalı iş əmasalı əldə etmək istəyiniz də güclü olacaq. Lakin bu cür davranış insanları çaşdırır, işçi elə bilir ki, siz onu keyfiyyətli işinə görə əlavə yüklə cəzalandırırsınız. Həmçinin unutmayın ki, həddən artıq iş yüklməsi faydalı iş əmasalına da mənfi təsir göstərir. Stenford universitetinin son tətqiqatı sübuta yetirdi ki, 50 saatdan çox uzanan iş həftəsində faydalı iş əmsalı kəskin surətdə azalır. İş həftəsi 55 saata çatdıqda isə nəticə ümumiyyətə 0-a yaxınlaşır.

Əgər siz istedadlı işçinizi əlavə işlə yükləməyi nəzərdə tutmusunuzsa, əvvəlcə onun statusunu artırmalısınız. Bunu etmədiyiniz halda əlavə iş bir müddət sonra onları yoracaq və nəticədə onlar işdən ayrılacaqlar. Əlavə iş yükələmələrini əmək haqqının artırılması və ya iş vəzifəsinin dəyişdirilməsi ilə kompensasiya etmək olar. İstedadlı insanların eyni şərtlərdə, amma digərlərindən daha çox işləcəyini gözləyirsinizsə sadəlövsünüz. Tezliklə onlar daha yüksək qiymətləndirildikləri bir iş yeri tapacaqlar.

2. Yaxşı işə görə mükafatlandırılmanın olmaması

İlk baxışdan rəhbərliyin istedadlı işçisinin (daxili sağlam motivasiya olduğu halda) çiyninə əlini qoyub, “Afərin!” deməsi çox cuzi bir şeydir, ancaq bu səhv fikirdir. Tərif sözləri hər bir kəsə müsbət təsir edir, ələxsus da bütün güc və diqqətini işə yönəldən əməkdaşın təriflərə ehtiyacı var. Rəhbərlik tez-tez işçiləri ilə söhbət etməli (əlaqədə olmalı) və onların bu və ya digər formada motivasiya edilməsi yollarını müəyyən etməlidir. Məsələn uğurlu nəticəyə görə əmək haqqına əlavə mükafat verilməsi və ya digər əməkdaşlar yanında tərifləmə. Unutmayın ki, doğurdan istedadlı və yaxşı işçinizi belə yollarla kifayət qədər tez-tez motivasiya etməlisiniz.

3. İnsani qayğı çatışmazlığı

Əməkdaşların yarısı rəhbərlikləri ilə güvən və hörmətə əsaslanmış əlaqə qura bilmədikləri üçün iş yerini tərk edirlər. Ağıllı rəhbərlər peşəkarlıq və insanlıq arasında balansı qoruyub, saxlamağı bacarırlar. Onlar əməkdaşlarının nailiyyətlərini onlarla birgə qeyd edir, çətin anlarda onlara dəstək olur, yeri gələndə onlardan maksimum iş tələb edirlər. Bunu etməyən rəhbərlərə isə ancaq işçilərinin davamlı şəkildə işdən ayrılmalarına gileylənmək qalır. İşçiləriniz sizin (rəhbərliyin) emosional və səmimi qayğınızı hiss etmədən çətin ki, sizinlə çiyin-çiyinə işləməyə davam edəcəklər.

4. Öhdəliklərə əməl olunmaması

İşçinizə bu və ya digər mövzuda nəsə söz verdiyiniz zaman siz ona xoşbəxtlik və ya işdən ayrılmasına səbəb olacaq məyusluq hiss bəxş edə bilərsiniz. Sözünüzün üstündə durduğunuz zaman siz əməkdaşınızın gözündə böyüyürsünüz, bu isə sözsüz ki, çox vacibdir. Verdiyiniz sözdən imtina etdikdə isə əməkdaşınız sizi digərlərinin hisslərinə hörmət etməyən biri kimi yadda saxlayır. Rəhbər davamlı şəkildə verdiyi sözlərə (üzərinə götürdüyü öhdəliklərə) əməl etmədiyi zaman, işçilərindən də eyni davranışla rastlaşacaq.

5. Uyğun olmayan əməkdaşların işə götürülməsi və ya üst vəzifələrə təyin edilməsi

Yaxşı və zəhmətkeş işçilər yanlarında eyni dəyərləri bölüşən insanları görmək istəyirlər. Yeni kadrların seçilməsinə diqqətlə yanaşmayan rəhbər artıq onunla işləyən əməkdaşları demotivasiya edir. Uyğun olmayan işçilərin üst vəzifələrə təyin olunması hər zaman fəlakətlə nəticələnir. Uzun müddət zəhmət çəkən işçi yeni vəzifə əldə edə bilmədikdə, öz istedadını layiqincə qiymətləndirəcək başqa yer axtarır. 

6. Arzusuna nail olmağa mane olmaq

İstedadlı insanlar hər zaman öz ideyaları ilə yaşayırlar. Onların özlərinə uyğun arzu və gözələntiləri var və onlar bu arzulara nail olmağa çalışırlar. Bununla onlar produktiv formada işləyir və işlərindən zövq alırlar. Əksər rəhbərlər işçiləri qarşısında bir çox suni maneələr yaradırlar. Onlar qorxurlar ki, arzusunun dalınca gedən əməkşdaşlar yaxşı işləməyəcəklər. Bu qorxu hissi tamamilə əsassızdır. Tətqiqatlar sübut edir ki, arzunun dalınca getmək faydalı iş əmsalını təqribən 5 dəfə artırır. 

7. Maarifləndirmə və şəxsi inkişaf qıtlığı

Əməkdaşlarına qarşı diqqətsizlikdə günahlandırılan bir çox rəhbərlər “inam”, “müstəqil işləmək bacarığı” və “səlahiyyətlərin bölüşdürülməsi” sözləri ilə özlərinə bərayət qazanmağa çalışırlar. Bunların hamısı tam bir cəfəngiyatdır. Rəhbərlər əməkdaşlarının nə dərəcə istedadlı olmasından asılı olmayaraq rəhbərlik etməyi bacarmalıdırlar. Rəhbər daima eşidib, öz fikirlərini çatdırmağı bacarmalıdır.

İdarə (rəhbərlik) prosesi sonsuzdur. Əgər sizin rəhbərliyiniz altında istedadlı işçiniz varsa, siz onun üçün inkişaf yolu müəyyən etməlisiniz. Ən yaxşı mütəxəssislər hər zaman cavab rabitəsi (rəy) gözləyirlər və siz onları belə rabitə ilə təmin etməyə borclusunuz. Belə olmadığı halda əməkdaşınız qısa zaman ərzində işindən darıxacaq, bu isə öz növbəsində iş prosesində müxtəlif səhvlərə yol verilməsi deməkdir. 

8. Yaradıcı yanaşmaya əks çıxmaq

İstedadlı işçilər toxunduqları hər şeyi daha da yaxşı etməyə çalışırlar, ancaq siz yeniliklərdən çəkinərək, onları bu imkandan  məhrum etsəniz, əməkdaşlarınız bir müddət sonra işlərinə nifrət edəcəklər. Yaradıcı yanaşmaya əks çıxmaq rəhbər şəxs daxil olmaqla hər kəsə mənfi təsir göstərir.

9. Çətin və ya maraqlı iş tapşırıqlarının olmaması

Yaxşı rəhbərlər öz işçilərinə ilk baxışdan mümkün olmayan tapşırıqlar verirlər. Onlar mənasız layihələrdən imtina edərək, əməkdaşlarını komfort zonalarından çıxartmağa çalışır və daha sonra onların uğur əldə etmələri üçün dəstəklərini əsirgəmirlər. İstedadlı və ağıllı insanlar mənasız və sadə işi icra etməyə məcbur qaldıqları zaman öz bacarıqlarını tam şəkildə yoxlaya biləcəkləri digər iş axtarışına çıxırlar. 

Yekun

Əgər qiymətli əməkdaşlarınızı saxlamaq fikriniz varsa, onlara qarşı yanaşma tərzinizi dəyişməlisiniz. Yadda saxlayın ki, istedad onlara daha çox seçim imkanı verir. Elə edin ki, onların seçimi sizin üzərinizə düşsün.