Bölmə:Xəbərlər 1446 dəfə oxunub
Tələbələrin xeyirinə ilk qərar !
Əziz tələbələr!
Bu gün səhər “ADPU-da tələbələrin biliklərinin qiymətləndirilməsi üçün nəzərdə tutulmuş yeni qaydalar” barədə məlumat elan olunduqdan sonra nəzərdə tutulmuş bu qaydaların necə tətbiq olunacağı barədə tələbələrimizin çoxsaylı suallarını və məsələyə aydınlıq gətirilməsi üçün müraciətlərini nəzərə alaraq aşağıdakı məlumatı diqqətinizə çatdırmaq istəyirik.
VTS-Test sistemi ilə imtahan verəcək tələbələrə testlər və testlərin cavab variantları veriləcəkdir. Lakin düzgün cavabın verilməsi nəzərdə tutulmamışdır. Yəni tələbələr imtahanlara hazırlaşarkən onlara təqdim edilmiş cavab variantlarından düzgün cavabı özləri müəyyən edəcəklər.
Bir daha bildiririk ki, 2 mərhələli yekun imtahan formasından istifadə olunmayacaq. Yəni VTS-Test sistemi vasitəsilə imtahan verən tələbənin yüksək bal toplaya bilmələri üçün ikinci dəfə yazılı imtahan verməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən VTS-Test sistemi vasitəsilə imtahan verən tələbələrin toplaya biləcəkləri ən yüksək bal 70 bal ola biləcəkdir. Öz arzularına görə çox yaxşı (81-90 bal) və əla (91-100 bal) qiymət almaq istəyən tələbələrin birbaşa yazılı imtahanda iştiraklarına icazə veriləcəkdir.
Tələbələrimizin çox saylı müraciətlərindən biri də yazılı imtahan verəcək tələbələrin kollokviumları da yazılı formada vermələrinə şərait yaradılmasıdır. Bildirmək istəyirik ki, tələbələrimizin bu istəklərində haqlı olduqlarını düşünür və onların bu arzuları bizləri həqiqətən çox sevindirir. Lakin təəsüf hissi ilə bildirmək istəyirik ki, hazırda mövcud resurslarımız və texniki imkanlarımız bunu tətbiq etməyə sözün həqiqi mənasında imkan vermir. Bu səbəbdən də hazırda həm II, III, IV və V kurslarda təhsil alan tələbələrin imtahanaqədərki bilikləri (kollokviumlar), həm də çox yaxşı və ya əla qiymət almaq üçün final imtahanını yazılı formada vermək istəyən tələbələrin imtahanaqədərki bilikləri (kollokviumları) VTS-Test sistemi vasitəsilə qiymətləndiriləcəkdir. Sizləri əmin etmək istəyirik ki, yazılı imtahan vermək arzusunda olan tələbələrimizin kollokviumlarının da yazılı formada keçirilməsi üçün gələcəkdə bütün mümkün imkanlardan istifadə ediləcəkdir. Hazırda bunun tətbiq edilməsinin mümkün olmamasını anlayışla qarşılayacağınıza ümid edirik.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzi