Bölmə:Xaricdə Təhsil Müsahibələr 2017 dəfə oxunub
Saytımıza müsahibə verən növbəti tələbə Amerikada təhsil alan azərbaycanlı gənc Əminə Əmirxanlıdır.
Özünüz haqda qısa məlumat.
1997-ci ildə anadan olmuşam və Səbail rayonu 7 saylı məktəbi bitirmişəm. Məktəbdə elmə çox böyük marağım olduğundan fərqli elmi olimpiyadalara qatılmışam. 2 dəfə Respublika Sabahın Alimləri olimpiyadasının birincisi olmuşam. 2012-ci ildə ABŞ səfirliyinin elan etdiyi Youth Leadership Programs-ın finalçısı olub ABŞ-ın Arizona Universitetində liderlik dərsləri almışam. Müxtəlif elmi layihələrlə Bolqarıstan, Norveç, İstanbul və Kiprdə Azərbaycanı təmsil etmişəm. Azərbaycan Amerika Təhsilli Məzunlar Assosiasiyasının üzvüyəm. 2014-cü il 5 fevral tarixində Dövlət Gənclər Mükafatına layiq görülmüşəm.
Təhsilinizi niyə xaricdə davam etdirmək qərarına gəldiniz?
Xaricdə təhsil almaq uşaqlıq arzum idi. Xalam qızları Amerikada, qardaşım Türkiyədə təhsil alıblar. Təhsil üçün Amerikanı kor-koranə seçməmişəm. IX sinifdə oxuyanda, ABŞ-ın Arizona Universitetində liderlik dərsləri aldığım vaxt artıq tam olaraq qəti qərar vermişdim ki,mən təhsilimi Amerikada davam etdirəcəm.
Oxuduğunuz universitetin və fakültənin hansı üstünlükləri var?
Oxuduğum universitetin professorları ve ümumiyyətlə bütün sahə üzrə işçiləri çox mehriban və yeniliyə açıq insanlardı. Xüsusən xarici tələbələrə dəyər verirlər və həmişə çalışırlar ki, özünüzü rahat hiss edəsiz. Adaptasiya dövrü ona görə də mənə çox asan oldu. 5 universitetə qəbul olsam da, mənə daha çox təqaüd verən universiteti seçdim. İndi 3 ixtisas üzrə təhsil alıram və universitetin “Honors” tələbələr siyahısındayam. Universitetdə hazırda oxuduğum ixtisasların hər biri mənim fikrimcə, ehtiyac duyulan ixtisaslardır. Amma daha vacibi “Honors” tələbə olmağımdır. Bu tələbələr II kursu bitirdikdən sonra ən reytinqli universitetlərə çox böyük güzəştlərlə transfer ola bilirlər.
Bu ölkəni ideal təhsilin ünvanlarından biri kimi dəyərləndirmək olar?
Əslində bunun üçün Google-da Dünyanın ən nüfuzlu 100 universiteti yazsanız, görəcəksiniz ki, ilk 10-luqda Amerikanın 7 və Böyük Britaniyanın 3 universiteti qərarlaşıb. Nəticələr öz sözünü deyir.
Orada dərslərin keçirilmə metodikası hansı üsulla aparılır?
Bütün sistem elektron üsulla aparılır. Dərslərin keçirilməsi, tapşırıqların verilməsi və yoxlanılması, hər biri elektron üsulla keçirilir. Düzünü desəm, bu sistem mənə çox rahatdır. Bundan başqa heç bir şifahi dərs soruşma metodikası yoxdur. Yəni dərs ərzində mövzu hamı ilə müzakirə olunur, amma hər hansı paraqrafı öyrən və gəl danış kimi tapşırıqlar yoxdu. Tez-tez quizler ve imtahanlar olur. Hər dərs üçün tapşırıqlar da əsasən, elektron olur.
Universitetlə bizi qiyabi olsa da tanış edin.
Oxuduğum universitet Iowa ştatında yerləşir. Əsasən kilsəyə bağlı universitetdi. Yəni çoxlu xristian tələbələr var. Amma bütün dinlərə böyük hörmət göstərilən bir müəssisədir. 1895-ci ildə yaradılıb. Bir çox fərqli təhsil sahələri var. Yəni tibb, biznes, siyasət və s. kimi sahələr üzrə təhsil almaq mümkündür.
Təhsil aldığınız ölkəyə uyğunlaşmaq sizin üçün çətin oldu?
Bu sualın cavabını bircə cümləylə deyim ki, Amerikada sanki öz evimdəki kimi rahat və xoşbəxtəm.
Təhsil almaq və orda qalmaq üçün xərclərinizi necə ödəyirsiniz? Tələbələr üçün əlavə iş imkanları varmı?
Burada digər ölkələrdən fərqli bir qanunauyğunluq var. Dünyanın hər yerində sən yerə və şəraitə uyğunlaşmalısan. Amma Amerikada bu belə deyil. Burada şərait sənə uyğunlaşdırılır. Universitetə qəbul olan hər tələbənin müəyyən peşəkar bacarığı müəyyən olunur və o sahədə fəaliyyətinə şərait yaradılır. Məsələn, mən rəqs və akrobatika komandalarında fəaliyyət göstərib hər iki fəaliyyət sahəsindən əmək haqqı alırdım. Bununla yanaşı, ayda 40 saat işləyib başqa sahədən də əmək haqqı ala biləcəyimi müəyyən etdim və iş saatını dəqiqləşdirdim. Dərslərim günorta saat 2-də, bəzən 3-də bitirdi. Nahar etdikdən 2 saat sonra hər gün saat 6-da komanda ilə məşqdə olmalıydım. 8-də məşqimiz bitirdi. Axşam yeməyindən sonra, yəni 9-dan gecə 12-yə kimi işləyə biləcəyimi dediyimdə mənə həmin şəraiti yaratdılar. Və əlbəttə ki, yay tətili dövründə əmək haqqı alıb təcrübə proqramlarından istifadə edənlər universitet təhsili xərclərini ödəyə bilirlər. Universitet təhsilimin yarısını özüm işləyib ödəyirəm, yarısını isə ailəm ödəyir. Bu ödədiyim məbləğ əlbəttə təqaüdlərdən sonra müəyyən edilmiş məbləğdi.
Asudə vaxtlarınızı tələbə yoldaşlarınızla necə keçirirsiniz?
Universitetin hazırladığı həftəsonu proqramlarına, müxtəlif ştatlara gəzinti və əyləncə, gecələmə və istirahət daxil olan tədbirlərə qatılırıq. “Honors” tələbələr üçün isə bunlar tam ödənişsizdir. Əsasən dostlarımla səyahətlər edirik. Tez-tez Çikaqoya gedirəm. Çikaqo mənim üçün ən mükəmməl şəhərdir. Bəzən oyunlar oynayırıq və ya teatra və xüsusi tədbirlərə gedirik.
Ölkəmizi təmsil etmək üçün hansı işlər görmüsünüz?!
Keçən dərs ilində məni universitetin Müsəlman Tələbələr Asosissiyasinin Prezidenti seçdilər. İmkan düşən bütün təqdimatlarda Azərbaycanı tanıdıram. Hal-hazırda universitetin bütün tədbirlərinin koordinatlığı vəzifəsində işlədiyimə görə Azərbaycan haqda fərqli tədbirlər edirəm. Çox vaxt dərslərdə həmişə hansı ölkədən olduğum və ölkə haqda məlumat verməyimi istəyirlər.
Xaricdə təhsil almaq arzusunda olan gənclərə hansı tövsiyələri çatdırmaq istərdiniz?
Arzularını reallaşdırmaq üçün tələb olunan ilk addımı atsınlar. Qalan yolu onsuz da dəf edəcəklər.
Mənbə: xaricdetehsil.news