Yüksək bal toplayan məzunlar üçün yeni layihə | Təhsil Elanları
Yüksək bal toplayan məzunlar üçün yeni layihə
Bölmə:Xəbərlər 1503 dəfə oxunub
20.08.2016

Qəbul imtahanlarında yüksək nəticə göstərən gənclərin sonrakı həyat yolu haqqında informasiya vahid mərkəzdə toplanacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında yüksək bal toplayan şəxslər haqqında məlumatların toplanılması üçün yeni layihə həyata keçirəcək. TQDK-dan verilən məlumata görə, layihə çərçivəsində abiturient.az saytının yeni bölməsində indiyə qədər keçirilən qəbul imtahanlarında yüksək bal toplayan, eləcə də 1999-cu ildən çap olunan “Abituriyent” jurnalının müvafiq saylarında bilik yarışının öncülləri sırasında adları dərc olunan şəxlər haqqında məlumatlar yerləşdirəcək.
Komissiyadan bildirilib ki, məqsəd yüksək bal toplayan gənclərin sonrakı həyat yolu haqqında informasiyanın vahid mərkəzdə toplanmasıdır. Yeni yaradılacaq bölmədə yüksək bal toplayan gənclər özləri haqqında ilkin məlumatlarla tanış ola biləcəklər. Onlara sonrakı təhsilləri, iş yerləri, məqsədləri, tövsiyələri və s. barədə daha geniş məlumat vermək üçün imkan yaradılacaq və razılıqları olduğu təqdirdə bu məlumatlar ictimaiyyətə açıq olacaq.
Məlumata görə, yüksək bal toplamış gənclərin təbliği, uğurlu həyat yolu, təcrübələrinin öyrənilməsi, onların nailliyyətlərinin nümunə olaraq təqdim olunması ictimaiyyət tərəfindən maraqla qarşılanacaq.
Layihə haqqında abiturient.az və tqdk.gov.az saytları vasitəsilə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, artıq bir neçə ildir orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında müxtəlif ixtisas qrupları üzrə maksimum nəticələr əldə edərək 700 bal toplayırlar. Ölkəmizdə bu uğura ilk dəfə 2007-ci ildə rast gəlinib. “Azərbaycan müəllimi” qəzeti xəbər verir ki,həmin abituriyentlərdən bir çoxu hazırda təhsillərini davam etdirsə də, bəziləri artıq təhsillərini başa vurublar. Məsələn, onlardan biri olan Emil Abbasov 2007-ci ildə ilk dəfə olaraq I qrup üzrə 700 bal toplayaraq Bakı Dövlət Universitetinin tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin informatika ixtisasına qəbul olub. BDU-da 1 semestr oxuduqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2008-2012-ci illərdə Koreya Respublikasının Seul və Suvon şəhərlərində yerləşən Kyung Hee Universitetində (KHU) kompüter mühəndisliyi ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2013-cü ildə bu universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Dövlət Proqramı çərçivəsində ABŞ-ın Nyu-York Universitetində (NYU) kompüter elmləri ixtisası üzrə magistratura bölməsinə qəbul olunub. Hazırda təhsilini davam etdirir.
Digər bir rekordçu Rüfət Babayev 2008-ci ildə Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinə daxil olub. Qafqaz Universitetində təhsil alarkən Böyük Britaniyanın Mançester Universitetinə göndərilib və 1 il həmin universitetdə kompüter elmləri üzrə təhsil alıb. Qafqaz Universitetini fərqlənmə diplomu ilə bitirib. Hazırda universitetdə kompüter mühəndisliyi ixtisası üzrə magistr təhsili alır. Bununla yanaşı, ixtisası üzrə Qafqaz Universitetində tədqiqatla da məşğuldur. Almaniya və Amerikanın nüfuzlu ali təhsil müəssisələrindən birində doktorantura təhsili almağı qarşısına məqsəd qoyan Rüfət ixtisası üzrə mükəmməl bir mütəxəssis olmaq istəyir.
Digər rekordçu Fəridə Musayeva isə 2009-cu ildə Azərbaycan Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakültəsinə daxil olub. 2013-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib. Sonra Bakı Dövlət Universitetində mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr təhsili alıb. 2014-cü ilin may ayında ədliyyə qulluğuna imtahan verərək Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsində aparıcı məsləhətçi vəzifəsinə hazırlıq məqsədilə təcrübə keçir.
Yeri gəlmişkən, builki qəbul imtahanlarında 10 abituriyent rekord nəticə göstərərək 700 bal toplayıb. Ümumilikdə bu il TQDK-nın açıqladığı statistikaya əsasən ali təhsil müəssisələrinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Beləliklə, müsabiqəyə buraxılan 3894 abituriyent isə ali məktəblərə qəbul ola bilməyib. 34 224 abituriyentin 12 309 nəfəri dövlət sifarişi əsasında, 21 915 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bundan başqa əvvəlki illərin məzunlarından ən yüksək nəticə göstərən abituriyent IV ixtisas qrupu üzrə imtahan verib və 690 bal toplayıb. İmtahanda iştirak edən əvvəlki illərin məzunlarından 32 nəfəri 500-599 bal (0.27 faiz), 98 nəfəri 400-499 bal (0.83 faiz), 368 nəfəri 300-399 bal (3.11 faiz), 1109 nəfəri 200-299 bal (9.37 faiz) toplayıb. 10214 nəfəri isə 0-199 bal (86.33 faiz) arası nəticə göstərib.
Cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanında IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib.Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb. I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib. Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib.
II qrup üzrə müsabiqədə iştirak etmək hüququ qazanan şəxslərdən 656 nəfər 600 baldan yuxarı nəticə göstərib, 1274 nəfər 500-600, 1984 nəfər 400-500, 2757 nəfər 300-400, 3850 nəfər 200-300 bal arası nəticə göstərib.
III qrup üzrə isə 19 673 nəfər imtahan verib. İmtahan nəticələrinə əsasən 9 535 abituriyent müsabiqədə iştirak etmək hüququ əldə edib, 10 138 nəfər isə müsabiqəyə buraxılmayıb. Buna səbəb həmin abituriyentlərin keçid balı (200 bal) toplaya bilməməsidir.
Onu da deyək ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş tələbələrə hər il Prezident təqaüdü təyin olunur. Bunun əsası mərhum prezident Heydər Əliyevin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” 3 sentyabr 2001-ci il tarixli fərmanı ilə qoyulub. Fərmanda təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədi təsbit olunub. O vaxtdan etibarən qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərin təhsil sahəsindəki təcrübəsinin öyrənilməsi, təbliği, ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi məqsədilə TQDK tərəfindən həyata keçirilən tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Ötən illərin təcrübəsi və araşdırmalar göstərir ki, bilik yarışı öncüllərinin nailiyyətləri həm cəmiyyətdə, həm də məktəb və ailə mühitində güclü təsirə malik örnək və nümunədir.
Elə son 20 ildə ali məktəblərə 600-dən yuxarı balla qəbul olan gənclərin sayının artma dinamikası da bunu təsdiq edir. Belə gənclərin sayı əgər 20 il bundan əvvəl 17 nəfər, 15 il bundan əvvəl 267 nəfər, 10 il bundan əvvəl 1050 nəfər, 5 il əvvəl 1 284 nəfər təşkil edirdisə, 2015-ci ildə 2 096 nəfər olub.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Almaz Həsrət bildirib ki, yuksək nəticə göstərən abituriyentlərin ictimaiyyət arasında təbliği müsbət addımdır. Amma mütəxəssis hesab edir ki, bu hal həm də imtahan iştirakçıları üçün ayrıseçkilik yaradır: “Bu bir növ ensiklopediya xarakteri daşıyır. Yəni, yüksək nəticə göstərənlər barədə bütün məlumatlar vahid bazada olacaq. Bu eyni zamanda, həmin abituriyentlərin əldə etdikləri uğuru yada salaraq cəmiyyətdə layiqli mövqe tutmasına imkan yaradacaq. Amma təbliğat elə qurulmalıdır ki, ayrıseçkilik ortaya çıxmasın. Çünki biz bu addımla qəbul imtahanlarında yüksək nəticə göstərənlərlə aşağı nəticə göstərənlər arasında fərq yaratmış oluruq. Əslində isə qəbul imtahanında yüksək nəticə əldə etmək abituriyentin savadlı olması demək deyil. Cünki praktika göstərir ki, imtahanlarda 200-300 bal nəticə əldə edən abituriyentin səsi sonralar NASA kimi dünya əhəmiyyətli qurumdan gəlir”.
Mövzu ilə bağlı fikirlərini açıqlayan təhsil üzrə ekspert Kamran Əsədov deyib ki, yüksək bal toplayan abituriyentlərin cəmiyyətdə təbliği imtahana hazırlaşanlar üçün motivasiya yaratsa da, onların həyat tərzi hər kəs üçün nümunəyə çevrilə bilməz: “Düzdür, istedadlı gənclərin cəmiyyətdə təbliğ olunması müsbət haldır. Amma test gənclərdə əzbərçilik formalaşdırdığından biliyin qiymətləndirilməsi kimi dəyərləndirilə bilməz. Yalnız o halda nəticə dəqiq olar ki, həmin abituriyentlər 2-3 dəfə eyni nəticə göstərsin”.