"Təlimçi hazırlığı təlimi"nə qəbul BAŞLANDI | Təhsil Elanları
"Təlimçi hazırlığı təlimi"nə qəbul BAŞLANDI
Bölmə:Elanlar 2223 dəfə oxunub
16.08.2016

TİPİİ məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün təlimçi hazırlığına qəbul elan edir

2016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Təhsil naziri Mikayıl Cabbarovun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 və 272 nömrəli qərarlarının icrası barədə verdiyi əmrlərə əsasən, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılması üçün təlimçi hazırlığına qəbul elan edir. Təlimçi hazırlığında iştirak üçün ölkə üzrə ali təhsilli ibtidai sinif müəllimləri və məktəbəqədər müəssisələrdə çalışan tərbiyəçilər müraciət edə bilərlər.

Təlimçi hazırlığında iştirak ödənişsizdir. Hazırlıqları uğurla başa vuran müdavimlərə təlimçi sertifikatı veriləcək və onlar sentyabr - dekabr ayları ərzində Respublikanın ümumtəhsil məktəblərinin məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin təlimatlandırılmasına cəlb olunacaq.

Ərizələr 22 avqust saat 12:00-a qədər elekton formada qəbul edilir (http://bit.ly/2bsAJKp). Müraciət edərkən yuxarıda qeyd edilən müddət ərzində təlimçi fəaliyyəti ilə məşğul olacağınızı nəzərə almağınız xahiş olunur. Təlimçi hazırlıqları avqust ayının son həftəsində keçiriləcək.

            Qeyd edək ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının  tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir. İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.