Azərbaycanda hər kəsi heyran qoyan gimnaziyadan REPORTAJ | Təhsil Elanları
Azərbaycanda hər kəsi heyran qoyan gimnaziyadan REPORTAJ
Bölmə:Tələbə qəbulu 1428 dəfə oxunub
27.07.2016

Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziya... İki gündür Azərbaycanda hər kəs bu təhsil ocağından danışır. Ona görə ki, 45 məzunundan 27-si yüksək nəticələr əldə edərək, ali məktəbə qəbul olub. İstədik həmin məzunlarla sizi də tanış edək.
 
İlk olaraq 690 bal toplayan Könül Mehdiyeva ilə həmsöhbət olduq. O, IV ixtisas qrupu üzrə imtahan verib. Deyir ki, arzum savadlı həkim olmaq idi: "Gələcəkdə yaxşı həkimlərdən biri olmaq istəyirəm. Bu balı toplamaqda müəllimlərimin, xüsusilə də sinif rəhbərimin böyük əməyi olub. Sonra da valideynlərimə təşəkkür edirəm. Məqsədim 700 bal idi. Hətta 5-ci sinifdən bəri 700 bal toplamaq istəmişəm. Bir sualı səhv yazdım, 690 bal topladım. Amma yenə də sevinirəm. Kimya fənnindən bir sualda səbirsizlik eеdim. Ona görə də səhv yazdım cavabı. Sualı çox ciddiyə almadım".
 
Könül yalnız 10-cu sinifdə repetitor yanına gedib, daha sonra isə özü hazırlaşıb. Ali təhsilini Azərbaycanda alacağını deyən müsahibimizin sözlərinə görə, hələ hansı sahə üzrə həkim olacağına qərar verməyib.
 
Növbəti yüksək bal toplayan isə Elfan Süleymanlıdır. O, II ixtisas qrupu üzrə 685 bal toplayıb. Gimnaziyanı qızıl medalla bitirən Elfan deyir ki, 700 bal toplaya bilməməsinin səbəbi asan suala tələsik cavab yazması olub: "700 bal toplamamağımın səbəbi texniki səhvlər oldu. Diqqətsizlik səhvlərim oldu. Çətin sualları yazdım, asan sualları da diqqətə almamağımdan 3 səhv oldu. Səhvlərim Azərbaycan dili, Azərbaycan tarixi və İngilis dilindən idi. 700 ola bilərdi. Biri var az bal gözləyib 685 yığasan, onda sevinir insan. Biri də var 700 gözləyib 658 yığasan. Bir az təəssüf keçirir insan. Yüksək bal toplamağımda müəllimlərimə, şəhər rəhbərliyinə və direktorumuza öz təşəkkürmü bildirirəm. Xüsusilə də valideynlərimə təşəkkürümü bildirirəm ki, mənə dəstək olublar".
 
Növbəti müsahibimiz isə Pərviz Həsrətlidir. O, I ixtisas qrupu üzrə 685 bal toplayıb: "Məqsədim 700 bal toplamaq olub, amma mexaniki səhvlər əlbəttə ki, olur, diqqətsizlik olur. Buna görə nəticəm gözlədiyimdən az oldu. Amma kifayət qədər uğurlu nəticədir. Müəllimlərimiz təbrik edirlər, deyirlər ki, yüksək nəticə göstərmisiniz. Amma onu da deyirlər ki, 700 yığmalı idin. Bakı Ali  Neft Məktəbinin Neft və qaz mühəndisliyi ixtisasını seçmək istəyirəm. Orada da əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərim. Gələcəkdə imtahan verən abituriyentlərə sözüm odur ki, özləri qabaqlarına məqsəd qoysunlar. Məqsəd qoymasalar, çətin olacaq nəticə toplamaq".
 
Kənan Məmmədov isə II qrup üzrə 681 bal toplayıb. O, cəmi 4 suala düzgün cavab yaza bilməyib: "Çox uşaq 700 bal toplaya bilərdi, alınmadı. Bir Azərbaycan dili, bir tarix, iki ingilis dilini səhv yazdım. Onları da yazsaydım, 700 olacaqdı, alınmadı. Məktəbin də böyük rolu var. Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyat fakültəsini seçəcəyəm. Məsləhətim budur ki, dərslərinə həmişə öz normasında çalışsınlar, bütün fənləri bərabər bölüşdürərək. Bir fənnə üstünlük verib o birini boş buraxmasınlar".
 
680 toplayanlardan biri də Nicat Daşdəmirovdur. O, I ixtisas qrupu üzrə imtahan verib: "İmtahan rahat keçdi, çətinlik yox idi. Testi açanda adam sakitləşir, hamısı bildiyin suallardır. Fizikada, Azərbaycan dili və ingilis dilində yanlışlığa yol verdim. Azərbaycan və ingilis dili çox asan idi. Amma fizika o qədər də yox. Oxumaq lazım idi onun üçün. Asan idi deyə adam üstündən keçmək istəyir, daha çətin sualları fikirləşirsən. Əsas öz qarşılarına məqsəd qoymaqdır. Kənardakıların sözlərinə fikir verməsinlər. Özlərinin nəyə qadir olduqlarını bilsinlər, əsas budur".
 
Ləman Əliyeva isə 658 bal toplayıb. O, IV ixtisas qrupu üzrə imtahan verib. Həkim olmaq istəyir: "Həyəcanlı idim. İmtahan başlayandan sonra həyəcan keçdi. Amma həyəcanlanmaq lazım deyil. Çünki bildiklərini orada tətbiq etmək lazımdır. Həyəcan olduqda isə eləmək olmur. 650 balı keçmək istəyirdim, o da oldu. Sevindim, evdəkilər də sevindi. Təbii ki, məktəbin ciddi davamiyyətinin də böyük rolu olub, müəllimlərimizin, sinif rəhbərimizin də".
 
Gimnaziyanın müəllimləri də şagirdlərinin uğurlarına onlar qədər sevinir.
 
Zəminə Mirzəyeva: "Həm müəllimlərin səyi, tələbkarlığı, şagirdlərin də çalışqanlığı, valideynlərin onların üzərində nəzarəti - bunlar hamısı çox vacib amillərdir. Nəticə də buna görə belə yaxşıdır. Əgər gündəlik məktəbdə şagird yaxşı oxumursa, repetitor yanına getsə də, o nəticəni əldə edə bilməz. Şagirdlərə də çox sağ ol deyirəm ki, müəllimlərin əməyini itirmədilər".
 
Həqiqət Abbasova: "Davamiyyətimizin yüksək dərəcədə olması bu uğurlarımıza imza atmağa kömək etdi. Digər tərəfdən, uşaqlar özləri də məsuliyyətlidirlər. 700 balı gözləyirdik. Bu 700 balı çox adamdan gözləyirdik, imtahan həyəcanı buna səbəb oldu, onlar həmin 700 balı toplamadılar. Yenə də buna şükür ki, bu balları toplaya bildilər".
 
Gimnaziyanın direktoru Nizami Əhmədov deyir ki, keçən il 45 nəfərdən 19-u 600 baldan yuxarı bal toplamışdısa bu il 42 nəfərdən 27 nəfər yüksək bal toplayıb. Onun sözlərinə görə, təbiət təmayüllü sinifdən 10 nəfər, texniki təmayüllü sinifdən isə 17 nəfər ali məktəbə daxil olub: "Biz yeni tipli məktəbik, burada oxumaq istəyənlərin sayı günü-gündən çoxalır. İl olub ki, 300 nəfərdən 100 nəfər seçmişik. Bu il 607 nəfərdən 100 nəfər seçmişik. Yəni ildən-ilə şagirdlərimizin, məktəbin uğurlarını görərək valideynlər daha çox müraciət edirlər. Bu da bizə əsas verir ki, daha yaxşı işləyək. Müəllim dərs deyib-deməməyindən asılı olmayaraq, hansı şagird müraciət edirsə, ona hökmən kömək etməlidir. Repetitorluq müəyyən mənada uşaqların qəbul olmasına kömək edirsə, ümumi biliklərinə mənfi təsir edir. Çünki uşaq yalnız test hazırlayır, şifahi biliyi zəifləyir. Biz istəyirik ki, şagirdlər məktəbə gəlsinlər, məktəbdən qidalansınlar. Məktəbdə təlim-tərbiyə olanda, müəllimlər yaxşı dərs keçəndə, şagirdlərin də marağına səbəb olur".
 
Yüksək nəticə göstərmiş məzunlar üçün gimnaziyada Şərəf Lövhəsi var. Bu il isə təsadüfən 27 boş yer saxlanılıb və 27 məzun da yüksək nəticə göstərib. Yəqin ki, yaxınlarda bu şagirdlərin şəkilləri bu lövhədən asılacaq.
 
Əziz tələbələr, hansı sahədə çalışmağınızdan asılı olmayaraq, hər birinizə vətənə, millətə layiqli övlad olmağınızı diləyirik.