Magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib | Təhsil Elanları
Magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsi keçirilib
Bölmə:Magistratura 739 dəfə oxunub
05.06.2016

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində aparılıb.

Saat 13.00-da başlanan imtahan saat 14.30-da başa çatıb. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur (bəzi proqramlar üzrə isə bakalavrlar yazılı imtahan verirlər). Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrların proqram seçimi 2016-cı il mayın 3-dən 10-dək aparılıb və 9 min 61 nəfər qəbul proqramını seçərək təsdiqləyib.

Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra müsabiqə şərtini ödəyən bakalavrlar iyunun 9-dan 19-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.