Vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə üzrə namizədlərin qeydiyyatı başa çatıb | Təhsil Elanları
Vakant dövlət qulluğu vəzifələri ilə bağlı müsabiqə üzrə namizədlərin qeydiyyatı başa çatıb
Bölmə:Dövlət qulluğu 784 dəfə oxunub
10.03.2016

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 5 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 92 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə üzrə namizədlərin qeydə alınması martın 9-da başa çatıb.

Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müsabiqə üzrə 2687 namizəd qeydiyyatdan keçib. Qeydiyyatdan keçən namizədlərin 92.18%-i Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə olub.

Vakant vəzifə üzrə ən böyük müsabiqə vəziyyəti (1 vakant vəzifə üzrə qeydə alınan namizədlərin sayı) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin Məlumatların beynəlxalq mübadiləsi sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (158 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Ətraf mühit statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (143 namizəd), Energetika və ətraf mühit statistikası şöbəsinin Energetika statistikası sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (139 namizəd) və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin İqtisadi balanslar sektorunda olan aparıcı məsləhətçi vəzifəsi üzrə (111 namizəd) olub.

Test imtahanlarının keçirilmə tarixi və yeri Komissiyanın internet saytında “Test imtahanlarının qrafiki” bölməsində (www.dqmk.gov.az) yerləşdiriləcək.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur.