Dövlət qulluğuna qəbul: Xarici dil tələb oluna bilərmi? | Təhsil Elanları
Dövlət qulluğuna qəbul: Xarici dil tələb oluna bilərmi?
Bölmə:Dövlət qulluğu 2155 dəfə oxunub
16.02.2016

Hüquqşünas: “Namizəd xarici dil bilikləri kifayət qədər olmadığına görə müsahibədən uğurla keçə bilmirsə, bu, onun hüquqlarının pozulması deməkdir”.

Dövlət qulluğuna qəbulla bağlı əsas tələblər sırasında xarici dil bilikləri xüsusi yer tutur. Hətta bəzi hallarda namizədlərdən ingilis və rus dillərini yüksək səviyyədə bilmək tələb olunur. Çox zaman xarici dil bilikləri kifayət qədər olmayan namizədlər müsahibədən uğurla keçə bilmir. Baxmayaraq ki, həmin namizədlər öz ixtisaslarının dərinliklərinə və iddiasında olduqları vəzifənin profilinə kifayət qədər dərindən bələddirlər. 

Yəni sırf ingilis və rus dillərini bilmədiklərinə görə vətəndaşlarımız Azərbaycanda dövlət qulluğuna qəbul ola bilmirlər. Bəli, söhbət dövlət qulluğuna qəbuldan gedir. Azərbaycanda dövlət qulluğuna qəbul olmaq üçün ingilis və rus dilini də bilməliyik. Dövlət əhəmiyyətli sənədlər öz ana dilimizdə - azərbaycan dilində tərtib olunur. Dövlət qulluqçusu isə Azərbaycan Respublikası vətəndaşlarına xidmət etmək üçün o vəzifəyə təyin olunur. Yəni dövlət qulluqçusunun işlədiyi sənədlər azərbaycan dilində, xidmət edəcəyi şəxslər isə azərbaycanlılardır. Bəs əgər belədirsə, niyə xarici dil bilikləri tələb olunur?

Digər tərəfdən isə Dövlət Qulluğu haqqında Azərbaycan Respublikası Qanununda sözügedən məsələ ilə bağlı heç bir müddəa yer almayıb. Yəni namizəddən xarici dil bilikləri tələb oluna bilməz. Göründüyü kimi, bu həm də müvafiq qanunvericiliyə zidd bir haldır.

Sual yaranır:

Dövlət qulluğuna qəbul olmaq istəyən namizədlərdən hansı sənəd əsas tutularaq xarici dil bilikləri tələb olunur?


Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirdi ki, qiymətləndirmə prosesində xarici dil bilikləri əsas meyar ola bilməz:

“Azərbaycanda dövlət qulluğuna qəbul azərbaycan dilində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq aparılır. Bəli, müsahibə zamanı namizəddən xarici dil bilikləri soruşula bilər. Lakin bu, namizədin qiymətləndirilməsində əsas meyar ola bilməz. Yəni qiymətləndirmə prosesində xarici dil bilikləri əsas götürülürsə, bu qanunvericiliyə zidd bir haldır. Əgər hər hansı namizəd sırf xarici dil bilmədiyinə görə müsahibə mərhələsindən uğurla keçə bilməyibsə, bu, onun hüquqlarının pozulması deməkdir. Xarici dil bilikləri namizədə əlavə qiymət qazandıra bilər. Yəni namizəd xarici dilləri bilməklə müsahibə mərhələsində toplayacağı balı bir qədər də artıra bilər. 



Kadrlar uçotunun şəxsi vərəqəsində əgər hansısa xarici dil bilikləri qeyd olunubsa, bu zaman namizədə xarici dillə bağlı suallar verilə bilər. Əgər namizəd həmin vərəqdə xarici dil bilikləri ilə bağlı hər hansı qeyd yerləşdirməyibsə, ondan xarici dillə bağlı heç nə soruşulmur.

Nazirlər Kabinetinin müvafiq məsələ ilə bağlı 143 nömrəli qərarı var. Həmin qərarın 6. Bəndində göstərilir ki, namizəddən xarici dil və kompyuter biliklərinə dair tələblər nəzərdə tutula bilər.

Yəni müsahibə zamanı xarici dil biliklərinin soruşulması tamamilə qanunvericiliyə uyğun bir məsələdir”.