Magistratura imtahanının vaxtı bəlli oldu | Təhsil Elanları
Magistratura imtahanının vaxtı bəlli oldu
Bölmə:Magistratura 1739 dəfə oxunub
02.02.2016

TQDK sədri: "Nə qərar qəbul olunarsa, ona tabe olacağıq".

2016-cı ildə ali təhsil müəssisələrinin magistratura və tibb ixtisaslarının rezidentura səviyyəsinə keçiriləcək imtahanların və tədbirlərin plan-qrafiki təsdiqlənib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) ANS PRESS-ə verilən məlumata görə, ali məktəblərin magistratura səviyyəsinə ərizə qəbulu 10-19 fevral tarixlərində aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

Tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 1-10 mart tarixlərində, imtahanın 1-ci mərhələsi 3 aprel, 2-ci mərhələsi isə 29 iyulda olacaq. 

Jurnalistika ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı 11-20 apreldə, qabiliyyət imtahanı 26-29 apreldə olacaq. 

Qəbul imtahanlarının 2-ci mərhələsi isə iyun ayının 5-də olacaq. 



İmtahanların plan-qrafiki

TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında rəhbərlik etdiyi qurumun birləşməsi haqqında yayılan məlumatlara da toxunub. O deyib ki, ölkədə müəyyən struktur islahatları aparılır. "Nə qərar qəbul olunarsa, biz ona tabe olacağıq. Ancaq hələ ki, TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Üzümü valideynlərə, abituriyentlərə tutub deyirəm ki, heç bir qərar abituriyentlərə zərbə vurmayacaq, onların bilikləri bütün halda obyektiv qiymətləndiriləcək".