Azərbaycanda magistrlər üçün təhsil müddətinə qoyulan limit götürülür | Təhsil Elanları
Azərbaycanda magistrlər üçün təhsil müddətinə qoyulan limit götürülür
Bölmə:Magistratura 2092 dəfə oxunub
27.01.2016

 “Bu gün magistr təhsilini bitirən məzunların demək olar ki, yalnız 25-30 faizi doktorantura təhsilinin dalınca gedir. Yəni, yerdə qalan 70 faiz məzun bu sahəyə maraq göstərmir”. “Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
 
Komitə sədrinin sözlərinə görə, bu məsələ ilə cəmiyyətdə fikirlər də müxtəlifdir: “Dövlət qulluğunda iştirak edən magistrlərın əksəriyyəti yüksək bal toplayır. Bunun nəticəsində onlar işlə təmin olunurlar. Onların dövlət işlərində olmasının əleyhinə deyilik. Çünki bu da onların hüququdur. Ancaq etiraf edək ki, bu gün elmə gələn magistrlərın sayı dövlət qulluğunda işləyənlərin sayından dəfələrlə azdır. Çünki dövlət işində maaş yüksək olur. Bu da istər-istəməz gənc elmi kadrların akademiyaya gəlməsinə maneçilik törədir”.
İ.Həbibbəyli AMEA-ya gənclərin axınını təmin etmək üçün magistratura pilləsinə qəbulun iki istiqamətdə aparılmasını zəruri hesab edir: “”Elm haqqında” qanun layihəsində magistratura pilləsində peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə təhsilinin olması yer alıb. Tədqiqat magistri dərəcəsinə malik olan şəxslər elmi-tədqiqat işi ilə və elmi-pedoqoji fəaliyyətlə məşğul ola bilər, doktoranturaya daxil olmaq imkanı qazana bilərlər”.
O, həmçinin qeyd edib ki, ixtisas magistri üçün 2, tədqiqat magistri üçün isə nəzərdə tutulan 1 illik təhsilin müddəti layihədən çıxarılıb: “Hesab etdik ki, bu prosedur Təhsil Nazirliyində icraçı təşkilatın özünün əsasnaməsi və nizamnaməsi ilə tənzimlənə bilər. Ona görə də müddət limitini “Elm haqqında” qanun layihəsindən çıxartdıq”.
Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Eynullayev magistraturaya qəbulun iki istiqamətə bölünməsini məqbul saymadığını deyib: “İxtisas magistri olan şəxslərin gələcəkdə elmi fəaliyyətlə məşğul ola bilməməsi düzgün deyil. Çünki bu qərarla sonradan elmə qayıtmaq istəyən şəxslərin yolunu bağlamış olarıq. Odur ki, həmin imkanı və şansı onların əlindən almaq olmaz. Məsələn, bir şəxs müəyyən müddət üçün bizneslə məşğul olur və 10-15 il sonra elmi fəaliyyətə qayıtmaq istəyi olursa, biz bu qərarla onların yollarını bağlamış oluruq. Ona görə də magistraturaya qəbulda ixtisas ayırması fikri daha da təkmilləşdirilməlidir”.
“Elm haqqında” qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə tövsiyə olunub.