Macarıstanda azərbaycanlı tələbələrin işə düzəlmək imkanları | Təhsil Elanları
Macarıstanda azərbaycanlı tələbələrin işə düzəlmək imkanları
Bölmə:Xaricdə Təhsil 1072 dəfə oxunub
04.01.2016

Macarıstanda təhsil almağa gələn tələbələrin ən çox verdiyi suallardan biri də budur: – Mən Macarıstanda iş tapıb işləyə bilərəmmi? Bu məqalədə tələbələr onları ən çox maraqlandıran suallardan birinə ətraflı cavab alacaqlar.

Bəzi azərbaycanlı tələbələr təhsil aldıqları zaman tələbə işləri axtarırlar, bu da onlara həm əlavə qazanc gətirir, həmçinin professional təcrübə qazandırır. Əsasən, universiteti yenicə bitirən tələbələr işlə maraqlanırlar. Onlar diqqətlə iş bazarını gözdən keçirirlər və özlərinə uyğun işlər axtarırlar.

Macarıstanda işləmək istəyən əcnəbilərə iş icazəsi verilməlidir. Avropa Birliyi, İsveçrə və Avropa İqtisadi Zonasının vətəndaşları, onların həyat yoldaşları, həmçinin macarların həyat yoldaşları üçün bu iş icazəsi lazım deyil. Azərbaycan Respublikası da daxil olmaqla digər ölkələrin vətəndaşları iş icazəsinin verilməsi prosedurunu keçmək mütləqdir.  İşə qəbul edən şirkət və ya təşkilat bütün bu işlərlə məşğul olur. Bunun üçün lazım olan sənədləri toplayır və xüsusi dövlət orqanlarına təqdim edir. Bu sənədlərlə və prosedurla işə qəbul edən şirkət, həmin əcnəbinin onun şirkəti üçün nə dərəcədə əhəmiyyətli bir işçi olduğunu sübut etməlidir və göstərməlidir ki, həmin əcnəbinin xüsusiyyətləri ilə vakant iş yeri üçün yerli macar vətəndaşı  tapmaq olmur. Bu proses 3 ay davam edir, bu müddət ərzində həmin əcnəbi  işə başlaya bilməz. Yalnız 3 aydan sonra iş icazəsi aldıqda və işləmək üçün həmin orqandan xüsusi icazə verildikdə, rəsmi və qanuni olaraq işə başlamaq olar.

Macarıstanda yerli macar dilini bilməyərək belə, maaşı işçini qane edəcək iş tapmaq mümkündür. Bir çox əcnəbi , həmçinin Azərbaycandan olan tələbələr IBM, Schneider Electric, KPMG, Deloitte, Ernst&Young, Morgan Stanley, TATA, Unisys və s. beynəlxalq şirkətlərdə çalışırlar. Həmçinin, Budapeştdə UNICEF, Red Cross, UNHCR, FAO kimi nüfuzlu beynəlxalq təşkilatların ofisləri yerləşir. Bu cür şirkətlərdə və ya təşkilatlarda işləmək üçün bir və ya bir neçə Avropa dilində danışmaq böyük üstünlük verir. Əlbəttə, uyğun sahədə biliklər də vacibdir. Qeyd edək ki, tarix və mədəniyyət nöqteyi nəzərindən Azərbaycandan olan tələbələr rus və türk dillərini bilirlər. Bunlardan əlavə ingilis, fransız və ya alman dillərini bildikləri təqdirdə, iş axtarışında çətinlik çəkmirlər, çünki bir neçə dildə danışmaq onlara hər hansı iş axtarışında çox köməklik edir.

Macarıstanda Mərkəzi Avropa Universiteti (CEU), Korvinus Universiteti, Beynəlxalq Biznes Məktəbi (IBS) və s. kimi nüfuzlu təhsil ocaqları də öz tələbələrinin iş tapılmasında iştirak edirlər və yardımçı olurlar. Onların iş tapmasına dəstək olmaq üçün universitetlərdə iş yarmarkalarının təşkil olunmasına şərait yaradılır. Həmin iş yarmarkalarında bir çox tanınmış beynəlxalq şirkətlər öz stendlərini yerləşdirirlər, İnsan Resursları departamentlərinin nümayəndələrini göndərirlər və öz şirkətlərini tələbələrə təqdim edirlər. Tələbələr bu yarmarkalarda iştirak edirlər, özlərinə uyğun iş yerlərinə baxırlar və şirkət nümayəndələri ilə söhbət edirlər, suallar verirlər. İş yarmarkaları zamanı onlar öz CV-lərini birbaşa İR-na təqdim etmək imkanı əldə edirlər. Belə də, bir iş yarmarkasına gedən tələbələr bir çox şirkətlərlə əlaqə qura bilirlər, onlarla yaxından tanış olurlar və CV-ləri ilə birbaşa iş müraciəti edə bilirlər. Həmçinin, bu tip görüşlər, iş əlaqələrin yaranmasına gətirir və karyera baxımından çox xeyirlidir. Bir çox yarmarkalarda şirkətlər CV-lərin necə hazırlanmasına, iş intervyularında necə aparılmasına aid treyninqlər, prezentasiyalar təşkil edirlər. Yarmarkalar zamanı şirkətlərin nümayəndələri həmçinin tələbələrə internet vasitəsəsi ilə onlayn işə müraciəti də başa salırlar və tələbələr həmin zaman və ya sonra bunu edirlər. Ümumiyyətlə, şirkətlərin saytı vasitəsi ilə iş müraciətləri etmək və müsbət cavab alıb intervyuya dəvət almaq çox realdır.

Macarıstan həmçinin insanlara öz bizneslərini açmasında da şərait yaradır. Burada çoxlu sayda sturt-up-lar çox məşhurdur və fəaliyyət göstərir. Dövlət də həmçinin bu tip biznesə öz dəstəyini göstərir. KİV-in verdiyi məlumata görə, 2020-ci ildə Budapeşt, Avropanın Start-up paytaxtı olacaq. Statistikaya əsasən, son 18 ayda Macarıstandakı sturt-up-ların sayı bir neçə dəfə çoxalıb. Bu tip biznesin uğuru üçün cəlbedici ideya və çox da böyük olmayan kapital lazımdır.

Azərbaycanlı tələbələrdən uğurla Macarıstanda iş tapanlar da var. Məsələn, Mərkəzi Avropa Universitetində təhsil almış Rəşad Mehbalıyev (http://www.xpatloop.com/interview/722)  və Nərmin Bəşirazadə magistratura pillələrini başa vurduqdan sonra nüfuzlu IBM şirkətində çalışmaq üçün iş müraciəti etmişlər və uğurla bütün qəbul mərhələlərini keçdikdən sonra, şirkətdə çalışmışlar. IBS bitirmiş Məmməd Rəşidli də bakalavr pilləsini bitirdikdən sonra UNISYS-də işləməyə başlamış. Szent Istvan Universitetində (SZIE) magistratura təhsili almış Ramil Əzməmmədov (http://dailynewshungary.com/exclusive-interview-ramil-azmammadov-who-built-pomegranate-bridge-between-hungary-and-azerbaijan/) isə öz biznesini təşkil etmiş və Macarıstana nar şirəsinin gətirilməsində yerli şirkətlərlə iş birliyi qurmuş.

Hər hansı şirkətdə bir neçə il işlədikdən sonra karyera yüksəlişi mümkündür. Öz işini təqdirəlayiq yerinə yetirdikdən sonra digər şirktlərdən yüksək maaşla və yüksək iş mövqeyi ilə iş təklifləri almaq realdır. Həmçinin, işlədiyin şirkətin digər ölkədəki ofisinə göndərilməsi və karyeranın orada davam etməsi də həyata keçə bilər

Gördüyünüz kimi, Macarıstan, karyera baxımından çox rahat və uyğun ölkədir. Məşhur şirkətlər və beynəlxalq təşkilatlarda işləmək istəyən, həmçinin öz biznes ideyalarını həyata keçirmək istəyən şəxslər üçün Macarıstan əla seçim ola bilər.