Xaricdə təhsillə bağlı yeni proqram hazırlanıb – YENİLİKLƏR VAR | Təhsil Elanları
Xaricdə təhsillə bağlı yeni proqram hazırlanıb – YENİLİKLƏR VAR
Bölmə:Xaricdə Təhsil 1227 dəfə oxunub
04.01.2016

Xaricdə təhsil almaq hər bir gəncin, tələbənin arzusudur. Lakin bir çox istedadlı gənc xərclər səbəbindən bu arzularını reallaşdıra bilmirdilər.

2007-2015-ci illəri əhatə edən xaricdə təhsillə bağlı Dövlət Proqramı tələblərə şans yaradaraq onlara əcnəbi ölkələrdə daha yüksək biliklərə yiyilənməyə imkan yaradırdı. Amma bu il xaricdə təhsil almaq üçün Dövlət Proqramının son ili oldu.

Gələn il və ondan sonrakı illərdə də əcnəbi ölkələrdə oxumaq istəyənlər üçün belə proqramların olub olmayacağı hamı üçün maraqlıdır.

Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, tələblərin xaricdə təhsil alması üçün işlər görülür, layihə hazırlanır. Hətta yeni Dövlət Proqramında yeniliklər də olacaq.

““2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın  cari ildə başa çatması nəzərə alınaraq, yeni Dövlət Proqramının layihəsi hazırlanıb.

Yeni proqramında əvvəlki Dövlət Proqramının əhatə dairəsi genişləndirilib, əcnəbi professor-müəllim heyətinin Azərbaycanın ali təhsil müəssisələrində tədrisə cəlb edilməsi, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub. Hazırda razılaşdırma mərhələsindədir”.

Qeyd edək ki, Dövlət Proqramının başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, bu ilki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində gənclərin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alması üçün Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları və ali təhsil müəssisələri mütəxəssislərinin iştirakı ilə seçimlər aparılıb və ümumilikdə 3558 nəfər təhsil almaq hüququ qazanıb.

Böyük Britaniya, Türkiyə, Almaniya, Kanada, Niderland Krallığı tələbələrin təhsil almaq üçün ən çox seçdikləri ilk 5 ölkə olub.
Seçimlər nəticəsində magistratura təhsil səviyyəsində daha çox tələbə təhsil almaq hüququ qazanıb.

Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Harvard Universiteti, Kembric Universiteti, Oksford Universiteti, London İmperial Kolleci, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Orta Doğu Texniki Universiteti, Toronto Universiteti, Nanyanq Texnologiya Universiteti, Kyoto Universiteti kimi yüksək nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.

İndiyədək Dövlət Proqramı çərçivəsində müvafiq məzun qeydiyyatından 1147 nəfər keçib.

Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyət göstərir.

Dövlət Proqramı çərçivəsində təhsil almış tələbələrin dövlət qulluğuna qəbul imtahanlarının birbaşa müsahibə mərhələsinə buraxılması isə əldə olunan bilik və səriştənin dövlət idarəetməsi üçün istifadə olunmasına geniş şərait yaradır.