Bölmə:Tələbə qəbulu 580 dəfə oxunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 19-da Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirmişdir.
İmtahan Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunmuşdur. I növbə saat 10:00-da, II növbə saat 15:00-da başlanmış və hər imtahan 3 saatərzində aparılmışdır.
ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət-Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılmış və iştirakçılara 100 test tapşırığı təqdim olunmuşdur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.
İmtahan iştirakçılarının normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülmüş və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilmişdir.
Qeyd edək ki, bir nəfər iştirakçı qaydalara zidd olaraq imtahan mərkəzinə mobil telefon keçirdiyi üçün imtahandan xaric olunmuş və onun imtahan nəticələri ləğv edilmişdir.