Ödənişsiz təhsil almaq üçün pulsuz saytlar – SİYAHI | Təhsil Elanları
Ödənişsiz təhsil almaq üçün pulsuz saytlar – SİYAHI
Bölmə:Xəbərlər 996 dəfə oxunub
26.11.2015

Təhsil almaq hər zaman aktuallığını qoruyur. İndi klassik, ənənəvi təhsil öz yerini daha innovativ, dinamik, təşəbbüskar olan onlayn kurslara (MOOC— massive open online course) təhvil verir. Azərbaycanda qabaqcıl tələbələr artıq dünyanın məşhur universitetlərinin pulsuz onlayn kurslarını götürürlər. Bir qayda olaraq  sonda kurslarının əksər hissəsini bitirənlərə sertifikat verilir (müəyyən məbləğə onun kağız versiyasını da əldə etmək  mümkündür). Beləliklə evinizdə oturaraq dünya universitetlərinin kurslarını tamamilə ödənişsiz olaraq götürərək onları bitirı bilərsiniz.

Bloqer olaraq cəmiyyətin inkişafında töhfəm olmasını istəyirəm. Ona görə də bu məqaləni yazmaq qərarına gəldim. Gənclər vaxtını özünü inkişaf etdirməyə sərf etsələr gələcəkdə onlar üçün daha faydalı olar. Dünyada universitetlər müasir çağırışlara gecikmələrlə cavab verir, ona görə rəqabət qabiliyyətini artırmaq üçün qeyri-ənənəvi üsullarla təhsil almaq labüddür. Ümid edirəm ki, bu yazı ilə bir çox tələbəni pulsuz kurslar götürməyə sövq edəcəm. Gəlin bu yazını paylaşaq ki, dostlarınız da maariflənsin! Uğurlar!

İntuit 
Rusiyanın ən böyük internet-universitetlərindən biri. Saytda 500-dən artıq informatika, fizika, riyaziyyat, iqtisadiyyat, fəlsəfə və s. Üzrə kurs götürmək mümkündür. Kursu bitirdikdən sonra ödənişsiz elektron sertifikat almaq mümkündür.

Twirpx

Elmi ədəbiyyatla zəngin olan sayt. Burada doğurdan da nadir tapılan kitabları görmək və yükləmək olar. Saytda maraqlı sistem tətbiq edilir: sizə 100 bal verilir və kitabları yükləyərkən sizdən kitabın dəyəri qədər ballar çıxılır. Ballarınız bitməsin deyə sizin də hansısa bir kitabı yükləməyiniz lazımdır. Beləcə kitablar mübadiləsi baş verir və hətta Azərbaycanlı müəlliflərin də kitablarını burada tapa bilərsiniz.

Academic Earth

İngilis dili ilə yola gedənlər üçün sayt. Dünyanın top universitetləri olan MİT, Harvard, Prinston, Stenford, Yel və b. mühazirələrini təqdim edirlər.

Еdx

Aparıcı universitetlərin kursları ilə tanış ola bilərsiniz. Kurslar ingilis dilində təqdim olunur.

TED

«Technology, Entertainment, Design» sözlərinin baş hərflərindən əmələ gələn motivasiya dolu bir sayt. Bu platformada musiqiçilər, alimlər, sahibkarlar, tələbələr və d. öz ideyaları ilə bölüşürlər. Azərbaycan dilində subtitr olan videoları tapa bilərsiniz.

Сoursera

Onlayn təhsil sahəsində dünyanın ən nəhəng platformasıdır.  Bazarın əhəmiyyətli bir hissəsi Coursera-dadır və bu da təsadüfi deyil. İngilis dilində minlərlə kurslar tapa bilərsiniz, saytın tətbiqini öz mobil qurğularınıza yükləyə bilərsiniz. Bir sözlə təhsil artıq hərfi mənada sizin cibinizdədir!

Xan Akademiyası

Bir dəfə MİT və Harvard tələbəsi olan Salman digər şəhərdə yaşayan qohumunun riyaziyyatla problemi olduğunu öyrənir. O problemi Yutuba (YouTube) videodərslər yükləməklə həll edir. Yaxınları ona videodərslərin üstünlüyünü qeyd edirlər və bu fikir Salmanın ağlına batır. İndi Xan Akademiyası 4200-dən çox mikromühazirələr təqdim edir.

Tural Turan