700 bal toplayan qızla - MÜSAHIBƏ | Təhsil Elanları
700 bal toplayan qızla - MÜSAHIBƏ
Bölmə:Tələbə qəbulu Müsahibələr 1197 dəfə oxunub
26.11.2015

Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təcrübəsi hər zaman ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. TQDK bunu nəzərə alaraq əvvəlki illərdə
olduğu kimi cari ildə də hər ixtisas qrupu üzrə imtahanların nəticələrini açıqladıqca yüksək nəticə göstərən abituriyentlərin, eləcə də maksimal bal toplayanların sayı barədə də ictimaiyyətə geniş məlumat verib. 
Ənənəmizə sadiq qalaraq ən yüksək nəticə əldə edən həmin abituriyent ləri cəmiyyətə daha yaxından tanıtmaq, təcrübələrini öyrənmək və yaymaq məqsədilə onlar haqqında
məqalə və müsahibələr təşkil etmişik. Həmin materialları səhifəmiz vasitəsilə hissə-hissə sizə təqdim edəciyik.

Nərmin Çingiz qızı Әliyeva Bakı Türk liseyinin (BDU‐nun nəzdində,
təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. I ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq “ADA” Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olub.

– Qəbul imtahanında maksimum nəticə göstərəcəyinə inanırdın, yoxsa bu, sənin üçün gözlənilməz oldu?
– Әslində, qəbul imtahanında yüksək bal toplayacağıma inanırdım. Ancaq 700 bal toplayacağımı gözləmirdim. Hazırlıq dövründə fikirləşirdim ki, görəsən, 700 bal toplaya bilərəmmi? Әsas istəyim 670‐dən artıq bal toplamaq idi və bilirdim ki, bunun üçün daha çox çalışmalı, gündəlik dərslərimi yüksək səviyyədə öyrənməliyəm.
Müntəzəm olaraq dərslərdə iştirak edib bütün tapşırıqları yerinə yetirirdim. Müəllim və valideynlərimin bu istiqamətdə mənə çox diqqət yetirməsi dərslərə olan marağımı daha da
artırırdı. Sonda düşündüyümdən də çox bal toplayaraq istəyimə nail oldum.

– Nə üçün “Kompüter mühəndisliyi” ixtisasını seçmisən?
– Bu ixtisası ona görə seçmişəm ki, onun əsasında riyaziyyat fənni dayanır. Mən də riyaziy yatı çox sevirəm. Həm də bu ixtisasın bugünkü nüfuzu və aktuallığı məni özünə çox cəlb edirdi.
Seçim edərkən ailə üzvlərimin məsləhətləri də məni ürəkləndirdi. Bu ixtisas üzrə gələcəkdə yaxşı mütəxəssis olacağıma inanıram.

– Məktəbdə yaxşı oxumağınla, yoxsa hazırlıqlar sayəsində bu uğuru qazana bildin?
– Hələ ibtidai siniflərdən başlayaraq dərslərimi yaxşı oxuyurdum. Demək olar ki, bütün fənlərdən yaxşı qiymətlər alırdım. Düzdür, tarix və coğrafiya fənlərini o qədər də yaxşı öyrənə bilmirdim. Amma biologiya fənnini çox sevirdim. Liseyə qəbul olduqdan sonra isə konkret seçdiyim ixtisas qrupuna aid olan fənləri daha çox oxuyurdum. Çünki liseydə bu fənlərə kifayət qədər vaxt ayrılırdı. Digər fənləri oxumağa az vaxtım qalırdı. Arada vaxt tapıb bədii
ədəbiyyat da oxuyurdum. Düzünü desəm, bu uğuru qazanmaqda məktəbdə yaxşı oxumağımın rolu olsa da, sistemli hazırlıqların rolu daha böyükdür. İnanmıram ki, dərsdənkənar hazırlıqlarda iştirak etmədən bu nəticəni əldə edə bilərdim.

– TQDK‐nın nəşr etdiyi jurnallar, müxtəlif test topluları və metodiki vəsaitlər abituriyentlərə yardımçı ola bilirmi?
– Bəli. Әminliklə deyə bilərəm ki , TQDK‐nın nəşr etdiyi vəsaitlər nəinki abituriyentlərə , həm də şagird və valideynlərə çox kömək edir. Öz təcrübəmdən deyə bilərəm ki, hazırlıq dövrün ‐
də biliklərimi yalnız TQDK‐nın nəşr etdiyi testlərlə sınayırdım. Həmçinin “Abituriyent” jurnalının müxtəlif saylarında təqdim olunmuş testlər, izah və tövsiyələrdən çox faydalanmışam.
Müəllimlərimiz də o vəsaitlərdən geniş istifadə edirdilər. Mən TQDK‐nın nəşr etdiyi siniflər üzrə test kitabçalarına və ayrı‐ayrı fənlər üzrə test toplularına daxil olan bütün testləri işləmişdim. Bu vəsaitlərin yüksək bal toplamağımda çox böyük rolu olub. Ona görə abituriyentlərə məsləhət görərdim ki, hazırlıq prosesində TQDK‐nın nəşr etdiyi vəsaitlərdən istifadə etsinlər.

– Qəbul imtahanlarının təşkili və imtahan suallarının məzmunu barədə nə deyə bilərsən?
– İmtahan çox yüksək səviyyədə təşkil olunmuşdu. İmtahan verdiyim binada abituriyentlərə lazım olan bütün şərait yaradılmışdı. Nəzarətçilər də imtahanı yaxşı idarə edirdilər.
Sualların məzmunu ilə bağlı onu deyə bilərəm ki, suallar nə sadə, nə də çox çətin idi. Bütün test sualları məktəb proqramı əsasında tərtib olunmuşdu. Proqramdankənar, dolaşıq suallara
rast gəlmədim. Ancaq imtahanla bağlı öz rəyimi də bildirmək istəyirəm. İctimaiyyət arasında belə məlumat dolaşır ki, gələn ildən test blokuna bütün fənlərdən açıq tipli testlər salınacaq.
Fikrimcə, bu, müəyyən çətinliklər yarada bilər. Düzdür, açıq tipli testlərə münasibətim yaxşıdır, ancaq imtahana bütün fənlərdən bu tipli testlərin salınması, məncə, onların həllinə çox vaxt tələb edər.
Cavab kartının kodlaşdırılmasına əlavə vaxt ayrılsa, daha yaxşı olar. Çünki cavab kartının doldurulması imtahanın ən çox diqqət tələb edən və vacib məqamlarından biridir.

– Səncə, abituriyentin ixtisas seçimində valideynlərin rolu necə olmalıdır?
– Abituriyent oxumaq istədiyi ixtisası, əlbəttə, özü seçməlidir. Mən çox insanlar tanıyıram ki, valideynin istəyi və təkidi ilə ixtisas seçib. Ancaq qəbul olduqdan sonra oxumaq və gələcəkdə həmin ixtisas üzrə işləmək istəmir. Düzdür, əvvəllər mənim hansı peşəyə yiyələnməyim barədə evdə fikir ayrılığı var idi. Atam mənim hər hansı bir texniki ixtisasa, anam isə ingilis dili üzrə tərcüməçilik ixtisasına yiyələnməyimi istəyirdi. Sonda onlar bu seçimi mənim öz ixtiyarıma verdilər.Bütün valideynlərə məsləhət bilərdim ki, peşə seçimini övladlarının ixtiyarına versinlər. Çünki heç kim istəmədiyi ixtisas üzrə əsl mütəxəssis ola bilməz.

– Qohumlarının arasında yüksək bal toplayan varmı, yoxsa bu uğura ilk olaraq sən imza atdın?
– Böyük bacım 670 balla Azərbaycan Tibb Universitetinə daxil olub. Bu, mənim üçün də bir stimul oldu. Ondan sonra özümə daha çox inanmağa başladım və qarşıma məqsəd qoydum
ki, mən də yüksək nəticə əldə edəcəyəm.